Mehman Hüseynovun məhkəməsində nə baş verdi?

Mehman Hüseynovun məhkəməsində nə baş verdi?

27-03-2017 18:51 / Bu xəbər 1830 dəfə oxundu

Martın 27-də paytaxtın Səbail Rayon Məhkəməsində həbsdə olan bloger Mehman Hüseynovun işgəncəyə məruz qalmasına dair şikayətinə baxılıb.

Bakı Şəhər Prokurorluğu Mehman Hüseynovun yanvarın 9-da inzibati qaydada saxlanılarkən, Nəsimi Rayon Polis İdarəsində işgəncəyə məruz qalması barədə söylədiklərini əsassız sayıb və cinayət işi başlanması üçün onun müraciətilə bağlı rədd qərarı çıxarıb. Mehman Hüseynovun vəkilləri prokurorluğun bu qərarından məhkəməyə şikayət ediblər.

Qapalı keçirilən məhkəmə haqda AzadlıqRadiosuna məlumat verən vəkil Elçin Sadıqov bildirib ki, prokurorluğun cinayət işinin başlanmasından imtina qərarı ilə bağlı materiallar nə Mehman Hüseynovla müdafiəçilərinə, nə də məhkəməyə təqdim olunub. 

Vəkillər bu səbəbdən həmin materialların prokurorluqdan alınması haqda vəsatət qaldırıblar. Vəsatət təmin olunub. Hakim Aytən Əliyeva prokurorluğun rədd materiallarını məhkəməyə təqdim etməsindən ötrü martın 28-dək vaxt verib.

Mehman Hüseynovun özünün də qatıldığı məhkəmədə onun vəkilləri bir neçə başqa vəsatət də qaldırıblar. Müdafiəçilər əlavə şahidlərin dindirilməsini, Nəsimi Rayon Polis İdarəsində olan videokameraların yaddaşındakı görüntülərə baxış təşkil edilməsini və Mehman Hüseynovun tibbi komissiyadan keçirilməsini istəyiblər. Hakim bu vəsatətlərə münasibət bildirməyib. Məhkəmə martın 28-də davam edəcək.

Xatırlatma

Yanvarın 9-da axşam bloqqer Mehman Hüseynovun yoxa çıxmasıyla bağlı sosial mediada məlumat yayılmış və bir gün sonra - Nəsimi Rayon Məhkəməsində hakim önünə çıxarılarkən, onun 22 saylı polis bölməsində saxlandığı məlum olmuşdu.

Nəsimi Rayon Məhkəməsi blogeri polisin qanuni əmrinə tabe olmamaqda təqsirli bilərək, onu 200 manat cərimələmişdi. Mehman Hüseynov məhkəmədən sonra ona polisdə işgəncə verildiyini iddia etmişdi.

Bu açıqlamanı polisə böhtan sayan Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayev xüsusi ittiham qaydasında məhkəməyə üz tutmuşdu.

Həmin şikayət əsasında Suraxanı Rayon Məhkəməsi martın 3-də bloqqerə 2 il həbs cəzası kəsmişdi.