Mehman Hüseynovun şikayətləri Avropa Məhkəməsində

Mehman Hüseynovun şikayətləri Avropa Məhkəməsində

06-08-2017 17:55 / Bu xəbər 1310 dəfə oxundu

Bloger Mehman Hüseynovun həbsindən öncə inzibati qaydada cərimə edilməsi və işgəncə ilə üzləşməsi iddiası ilə bağlı şikayətləri artıq Avropa İnsan Haqları Məhkəməsində icraata qəbul edilib.

Bu haqda AzadlıqRadiosuna açıqlamasında blogerin vəkili Elçin Sadıqov bildirib.

Vəkilin sözlərinə görə, M.Hüseynovun sözügedən işlərlə bağlı şikayətini yerli və Böyük Britaniyadan olan vəkilləri hazırlayıb. Şikayətlərdə bloqqerin qanunsuz olaraq inzibati qaydada cərimə edilməsi və onun işgəncə iddiasının effektiv araşdırılmadığı bildirilir. 

Məhkəmədən pozuntuların tanınması və kompensasiya edilməsi tələb olunur. Məhkəmə artıq, həmin şikayətləri icraata qəbul edib.

Bu gün, avqustun 5-də 14 Saylı Cəzaçəkmə müəssisəsində Mehman Hüseynovla görüşən vəkil həmçinin, blogerin Ali Məhkəmənin onun şikayətinə baxışı yubatmasından narazılıq etdiyini bildirib.

"Biz M.Hüseynovun böhtana görə, həbs edilməsi işindən, hələ may ayının əvvəlində kassasiya şikayəti vermişik. Ali Məhkəmə şikayətimizi may ayının 15-də qeydə alıb. Ancaq, hələ də, şikayətə nə zaman baxılacağı ilə bağlı bizə bilgi verilməyib. M.Hüseynov şikayətə baxışın yubanmasından narazıdır”, - vəkil bildirib.

Vəkil blogerin saxlanma şəraitindən narazı olmadığını, ancaq sağlıq durumundakı problemlərin qaldığını ifadə edib.

"Saxlanma şəraitindən narazılığı yoxdur. Bununla belə səhhətindəki problemlər qalır. Müraciətlərimizin olmasına rəgmən, tibbi yardım edilmir, əməliyyat edilməsi təmin olunmur”, - vəkil əlavə edib.

Mehman Hüseynovun venasında problemlər olduğu bildirilir. Ancaq bundan öncə, verilən xəbərə görə, o cəzəçəkmə müəssisində müayinə edilmişdi və əməliyyata lüzum görülməmişdi. Hətta Ombudsman Aparatından bildirilmişdi ki, Mehman Hüseynov müayinədən sonra həkim tövsiyələrinə bir elə də əməl etmir. Tez-tez futbol oynayır.

Mehman Hüseynov 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 2 il azadlıqdan məhrum edilib. Buna qədərisə onun yanvarın 9-da oğurlandığı güman edilirdi.

Yalnız yanvarın 10-da məhkəmə önünə çıxarkən onun Nəsimi Rayon Polis İdarəsinin 22 saylı Polis Bölməsində saxlandığı məlum olmuşdu. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə M. Hüseynov polisə tabe olmamaqda təqsirli bilinərək, 200 manat cərimə edilib.

Jurnalistlər önünə çıxan bloqqer polisdə saxlandığı müddətdə işgəncələrə məruz qaldığını söyləyib. Vəkili isə işgəncə şikayətinin araşdırılmasından ötrü Bakı Şəhər Prokurorluğuna müraciət etmişdi. Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayev də M.Hüseynovun işgəncə ilə bağlı dediklərini polisə böhtan sayaraq, xüsusi ittiham qaydasında iddia qaldırıb. Həmin iddia əsasında M.Hüseynov 2 il azadlıqdan məhrum edilib.

Müdafiə tərəfi isə prokurorluğun işgəncə şikayəti ilə bağlı cinayət işi açmamasından məhkəməyə müraciət etmişdi. Səbail rayon və Bakı apellyasiya məhkəmələri də müdafiə tərəfinin istəyini geri çevirmişdi.