Mehman Hüseynovun videogörüntüsü tələb olundu

Mehman Hüseynovun videogörüntüsü tələb olundu

17-11-2017 21:30 / Bu xəbər 1801 dəfə oxundu

Noyabrın 17-də Bakı Apelyasiya məhkəməsində hakim Əflatun Qasımovun sədrliyi ilə bloger Mehman Hüseynovun barəsində olan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə iclası davam etdirilib.

Prosesdə M.Hüseynovun vəkili Fuad Ağayev vəsatətlərlə çıxış edib. 

O, xüsusi ittihamçı Musa Musayevin məhkəməyə dəvət edilməsini və müvəkkili saxlanılan zaman hadisə anının videogörüntüsünü tələb edib. 

Vəsatət təmin edilməyib.

Toplum Tv-nin xəbərinə görə, məhkəmənin növbəti iclası dekabrın 1-nə təyin edilib.

Sentyabrın 29-da Azərbaycan Ali Məhkəməsi M.Hüseynovun kassasiya şikayətini qismən təmin edib və şikayəti Apelyasiya Məhkəməsinə qaytarıb.

M.Hüseynovun həbsinə onun bu ilin yanvarında polis idarəsində işgəncəyə məruz qalması barədə bəyanatları səbəb olub. Buna cavab olaraq Bakının Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayev böhtan haqqında iddia qaldırıb.

Mayın 3-də Suraxanı Rayon Məhkəməsi M.Hüseynovu böhtanda (CM-in 147-ci maddəsi) təqsirli bilərək 2 il müddətinə azadlıqdan məhrum edib.

Bu gün bloger ifadə verərək böhtan ittihamını rədd edib. Onun sözlərinə görə, əksinə, onun özü böhtana məruz qalıb.

O bildirib ki, yanvarın 9-da Bakının mərkəzində onu oğurlayıblar və 40-50 dəqiqə şəhərdə gəzdiriblər. Sonra Nəsimi polisində döyülüb.

Blogerin sözlərinə görə, onun oğurlanması prosesi "təhlükəsiz şəhər”in videomüşahidə kamerasına düşməlidir. Bundan əlavə, ona olan fiziki təzyiqlər də Nəsimi polisinin kameralarında qeydə alınıb.

M.Hüseynov qeyd edib ki, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun sədri seçildikdən və bəzi yüksək vəzifəli məmurların və deputatların dəbdəbəli villaları haqda reportajlar hazırladıqdan sonra onu daim izləyiblər.