"Mehriban Əliyevanın bağışladığı torpağa görə məndən rüşvət istədilər"

08-06-2018 00:30 / Bu xəbər 2330 dəfə oxundu

İcra Hakimiyyətinin işçisi Mehriban Əliyevanın torpaq bağışladığı əlildən pul istəyib. 

Qaradağ Rayon İcra Hakimiyyətinin rəsmisi Mehriban Əliyevanın torpaq bağışladığı 65 yaşlı əlildən külli miqdarda rüşvət tələb edib.

Bu barədə miq.az-a Atabəy Ağayev özü məlumat verib. 

O bildirib ki, İcra Hakimiyyətinin işçisi adir İsmayılov evinə polis dəstəsi ilə hücum edib və onu təhqir edərək  2 min manat pul tələb edib. 

"Nadir İsmayılov dedi ki, 2 min verməlisən…”

"II qrup əliliyəm, Qaradağ rayonu, Sanqaçal qəsəbəsi, Massiv 1, ev 8 a ünvanında oğlumun ailəsi ilə birlikdə yaşayıram. İki nəvəm var, oğlum ali təhsillidir, lakin işləmir. Mən yaşayışıma görə dövlətdən şikayətçi deyiləm, sadəcə olaraq, ailəmi dolandırmaq üçün həyətyanı sahəmdə kiçik obyekt açmaq istəyirəm. Prezident İlham Əliyev sahibkarlığın inkişafı ilə bağlı real addımlar atır, ailə biznesinə dövlət tərəfindən xüsusi diqqət ayrılır. Bizi həyətyanı sahəmizdə kiçik obyekt açmağa həvəsləndirən də dövlət başçısının son dövrlər atdığı müsbət addımlardır. Lakin Qaradağ Rayon İcra Hakimiyyətinin qəsəbə üzrə nümayəndəsi Azad Nərimanovla icra hakimiyyətinin məmuru Nadir İsmayılov tərəfindən hücuma məruz qaldıq”, – deyə II qrup əlili qeyd edib. 

"Evimi tikmək üçün bu adamlara "haqq” vermişəm"

A. Ağayev deyib ki, evi tikmək üçün icra hakimiyyətinə pul verib, amma indi əlavə 2 min manat verməyə imkanı yoxdur: "Bu pulu verməyə imkanım yoxdur. Bir də mən əlavə yerdə hansısa tikinti aparmıram axı. Öz evimin bir hissəsindən istifadə edirəm. Hansı ki bir neçə il əvvəl evimi tikmək üçün bu adamlara "haqq” ödəmişəm. Hazırda qəsəbədəki digər evlər kimi mənim də evimin bələdiyyə sənədi var, kommunal xidmətlərdən rəsmi qaydada istifadə edirəm, telefon pulu ödəyirəm. Yəni rəsmi sənədlərə görə, mən bu evdə yaşayıram, evimin dövlət tərəfindən verilmiş ünvanı da var. Mülkiyyət hüququndan istifadə edərək, öz evimin ərazisində hansısa dəyişiklik edə bilərəm. Lakin bu adamlar imkan vermir”.
Dedim "Prezidentə və Birinci vitse-prezidentə şikayət edəcəm”, dedi ki, "get kimə deyirsən denən”

A. Ağayev rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılovdan şikayətinin olmadığını deyib. 

O qeyd edib ki, Nadir İsmayılovla Azad Nərimanov bunu rayon rəhbərliyindən xəbərsiz edib.

Onun sözlərinə görə, tələb olunan "haqq”ı verə bilmədiyini deyəndə Nadir İsmayılov onun qolunu arxaya buraraq fikizi təzyiq göstərib: "Mən bildirdim ki, dövlət sahibsiz deyil, bu etdiklərinizi Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva bilsə, nə cavab verəcəksiniz?! Onlara dedim ki, mən dövlət başçısına, Birinci vitse-prezidentə etdikləriniz haqqında şikayət məktubu yazacam. Mənə cavabları belə oldu ki, "get nə edirsənsə, et, onsuz da qulaq asan olmayacaq, yenə də bizə möhtac qalacaqsan, onda sənin başına oyun açacağam”.

"Onlarla gələn polis əməkdaşlarına bildirdim ki, axı sizin vəzifəniz vətəndaşın təhlükəsizliyini qorumaqdır. Onlar bildirdilər ki, dayı, biz nə edə bilərik, bizə əmr veriblər gedin, biz də gəlmişik. Həyətimdə məni hədələdilər, təhqiramiz sözlər işlətdilər. Sonra da obyektin jalüzdən düzəltdiyimiz kiçik qapısını sındırdılar. Nadir İsmayılov dedi ki, bu evin qarşısına ağaclar əkəcəm, görüm onda hansı "köpəkoğlu” onu çıxaracaq. Hansı ki onun dediyi ərazi mənim üvimin qabağıdır”, - vətəndaş bildirib. 

A. Ağayev deyir ki, icra hakimiyyətinin işçisinin "haqq" tələb etdiyi torpaq sahəsini ona Mehriban Əliyeva bağışlayıb: "Qızım Mehriban xanım Əliyevaya müraciət etdi. Sağ olsun, Mehriban xanım qızımın ailə vəziyyətini nəzərə alaraq, qəsəbədə 6 sot torpaq sahəsinin verilməsi və həmin sahədə evin tikintisinə köməklik göstərilməsi ilə bağlı tapşırıq verdi. Qızıma torpaq sahəsini verdilər, hasarını inşa edəndə Azad Nərimanov hücum çəkdi ki, heç kim mənim haqqımı vermədən daşı-daş üstə qoya bilməz. Ona dedik ki, bu torpaq sahəsi Mehriban Əliyevanın göstərişi ilə bizə verilib, tikinti də onun göstərişi ilə aparılır. Bildirdi ki, "burada mənim sözüm keçir, mənim dediyim olacaq”. Bax belə, biz bilmirik dərdimizi kimə deyək. Dövlət başçısı sahibkarlığın inkişafı üçün göstəriş verir, məmurların vətəndaşları incitməməsi ilə bağlı tapşırıqlar verir, bütün fəaliyyətini insanların rifah içində yaşamasına həsr edib, amma Nadir İsmayılov, Azad Nərimanov kimi məmurlar özlərini "padişah” kimi aparırlar".

65 yaşlı II qrup əlil məsələ ilə bağlı Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edəcəyini də qeyd edib.

Qaradağ Rayon İcra Hakimiyyəti isə məsələyə münasibət bildirməyib.