Məktəb direktoru, direktor müavini, sinif rəhbəri və psixoloq işdən çıxarılıb

Məktəb direktoru, direktor müavini, sinif rəhbəri və psixoloq işdən çıxarılıb

12-04-2019 18:17 / Bu xəbər 369 dəfə oxundu

Təhsil nazirinin mətbuat konfransına müstəqil jurnalistlər buraxılmayıb

Etibar Əliyev adına 162 nömrəli tam orta məktəbin direktoru Sevinc Abbasova, tərbiyə işləri üzrə direktorun müavini Lalə Arif qızı Məhərrəmova, sinif rəhbəri Çimnaz Hacıağa qızı Mehdiyeva və məktəbin psixoloqu Könül İsmayıl qızı Ağayeva işdən çıxarılıb.

Bu haqda aprelin 12-də keçirdiyi mətbuat konfransında təhsil naziri Ceyhun Bayramov məlumat verib.

Mətbuat konfransına müstəqil və müxalifyönümlü media qurumlarının əməkdaşları buraxılmayıb. Tədbir iştirakçılarının Meydan TV-yə verdiyi məlumata görə, sual verilməsinə imkan yaradılmayıb.

Aprelin 4-də sözügedən məktəbin şagirdi Elina Hacıyeva özünü üçüncü mərətəbədən atıb. Baş verən intihar hadisəsi cəmiyyətdə rezonans yaradıb.

Nazir deyib ki, yeniyetmənin ölümünün araşdırılması məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsində komissiya yaradılıb, Bakı Şəhər Prokurorluğunun məlumatına əsasən, faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb. Xidməti araşdırmanın ilkin nəticələrinə əsasən, məktəbin direktoru Abbasova Sevinc Kamil qızı xidməti araşdırma müddətində öz vəzifəsindən kənarlaşdırılıb.


İşdən çıxarılan direktor Sevinc Abbasova və digərləri
Mənbə: Foto: sosial şəbəkə

Mətbuat konfransında bildirilib ki, aparılmış xidməti araşdırma nəticəsində Sevinc Abbasova, Lalə Məhərrəmova, Çimnaz Mehdiyeva və Könül Ağayevanın əmək müqaviləsində və aidiyyəti normativ sənədlərdə nəzərə tutulmuş bir sıra vəzifə funksiyalarının icrasını təmin etmədikləri məlum olub. Belə ki, məktəbin 8-ci sinif şagirdi Elina Ədalət qızı Hacıyeva onun valideynləri ilə müvafiq izahat işlərinin aparılması lazımi səviyyədə təşkil edilməyib, psixoloqun rəyinə əsasən vaxtaşırı olaraq özünə qapanan şagirdə qarşı xüsusi həssaslıqla yanaşılmayıb, şagirdlə əvvəllər olan ünsiyyətlərdən, onun davranış xüsusiyyətləri, ruhi-emosional vəziyyətinin səbəbləri ilə dərindən maraqlanılmayıb, ailə üzvləri ilə yaxından əməkdaşlıq edərək ona psixoloji-mənəvi dəstək göstərilməsinə laqeyd yanaşılıb. Şagirdin sinfə və ya məktəbə bu və ya digər səbəbdən uyğunlaşmaması, bunun nəticəsində onun digər şagirdlərlə, sinif rəhbəri və müəllim heyəti ilə səmimi ünsiyyətinin qurulmaması, baş verənlərin şagirdin yeniyetmə dövrünə təsadüf etdiyindən, davranışına təsir etməsi təlim-tərbiyə prosesində nəzərə alınmayıb. Hadisənin baş verdiyi gün məktəb rəhbərliyinin məsuliyyətsizliyi səbəbindən məktəbdə növbətçilik təmin olunmayıb, bununla yanaşı, məktəb rəhbərliyi hadisədən dərhal sonra adekvat və zəruri tədbirlərin görülməsini də təmin etməyib.

Ona.az-ın məlumatına görə, tədbirdə bildirilib ki, xidməti araşdırmanın məlumatlarını nəzərə alaraq Bakı şəhəri 162 nömrəli tam orta məktəbin direktoru və tərbiyə işləri üzrə direktorun müavini ilə əmək müqavilələrinə xitam verilməsi, şagirdin təhsil aldığı sinfin rəhbərinə qarşı müvafiq intizam tədbirlərinin görülməsi, məktəbin psixoloqunun işdən kənarlaşdırılması, məktəbə təcrübəli psixoloqun təyin edilməsi qərara alınıb.

Mətbuat konfransında həmçinin qeyd olunub ki, nazirlik tərəfindən bu sahədə bəzi yeniliklərin edilməsi planlaşdırılır. Belə ki, məktəbdə bu və ya digər zorakılığa məruz qalmış şagird, yaxud valideyn tərəfindən birbaşa olaraq təhsil idarəetmə orqanlarında bu mövzu ilə bağlı yaradılacaq "Qaynar xətt”lərə müraciət etməsi imkanı veriləcək.