''Müəllim və həkimlərə güzəştli evlər verilsin''

''Müəllim və həkimlərə güzəştli evlər verilsin''

08-11-2017 16:24 / Bu xəbər 1553 dəfə oxundu

Milli Məclisdə büdcə müzakirələri davam edir

"Uşaqlı ailələrə verilən müavinət sisteminə yenidən baxılsın, bu məsələ təkmilləşdirilsin. Üç yaşınadək uşağı olan ailələrə verilən müavinətlərin həcmi artırılsın və bu, 3 il müddətinə dəyişdirilməsin”. 

Bu təkliflə 2018-ci ilin büdcə müzakirələri zamanı Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı çıxış edib. 

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov isə deyib ki, hazırda ünvanlı sosial yardım sisteminin yenidən formalaşması istiqamətində iş gedir: "Bu çərçivədə üç yaşınadək uşağı olan ailələrə verilən müavinətlərin artırılması məsələsinə baxıla bilər”.

Aqiyə Naxçıvanlı prezidentin müvafiq sərəncamı ilə inşa olunan güzəştli sosial evlərin ipoteka yolu ilə müəllimlər və həkimlər üçün verilməsini də təklif edib. 

"Bu onların işlərinə stimul yarada bilər”.

Komitə sədri Hadi Rəcəblinin sözlərinə görə, bu məsələ üzərində bir neçə ildir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə bu məsələ üzərində düşünülür. 

"Hər il 100-150 nəfər eşitmə qabiliyyətini itirmiş uşaqlar dünyaya gəlir"

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov koxlear implantasiya ilə bağlı məsələ qaldırılıb. O qeyd edib ki, ölkədə hər il 100-150 nəfər eşitmə qabiliyyətini itirmiş uşaqlar dünyaya gəlir və onlar əməliyyat olunmasa eşitmə qabilliyyətini itirə bilərlər.

"Bu əməliyyatı həyata keçirmək üçün büdcədən daha çox maliyyə vəsaiti ayrılmalıdır”, – deyən komitə sədri koxlear implantasiya üçün ayrıca maliyyə vəsaiti nəzərdə tutulmalı olduğunu deyib.

O bildirib ki, orqan transplantasiyasına məruz qalan xəstələrin antidepresantlarla təmin olunması üçün əlavə vəsait ayrılmalıdır: "Bu gün ölkədə və xaricdə vətəndaşlarımıza orqan transplantasiyası aparılır. Həmin şəxslərin yaşaması üçün ömrü boyu antidepresantlar almalıdırlar. Bunun üçün onlara 3000-3500 manat vəsait lazımdır. Ancaq, bu xəstələr onu ala bilmirlər. Onlar antidepresantlardan istifadə etməsələr orqanlarda qopma baş verir və həyatları təhlükə altına düşür. Buna da əlavə vəsait lazımdır. Çünki, səhiyyəyə ayrılan vəsaitlə bunu etmək mümkün deyil”. 

"Preparatların tam həcmdə alınmaması onkoloji xəstəliklərin müalicəsində çətinliklər yaradır"

Ə.Əmiraslanov qeyd edib ki, şiş əleyhinə preparatların alınması üçün də əlavə vəsait lazımdır.  "Bunun üçün bu il də vəsait ayrılıb. Ancaq bu preparatlar çox bahalıdır. Ona görə də onların tam həcmdə alınmasında çətinliklər var. Bu da onkoloji xəstəliklərin müalicəsində çətinliklər yaradır. Hesab edirəm ki, ayrılan vəsaitin artırılmasına ehtiyac var”.

Milli Məclisdə büdcə müzakirələri büdcə müzakirələri noyabrın 7-də başlayıb.  

Dövlət büdcəsinin gəlirləri 20 127 000,0 min manat, xərcləri 20 905 700,0 min manat səviyyəsində proqnozlaşdırılır. Neftin ixrac qiyməti dövlət büdcəsində 45 dollar səviyyəsində müəyyən edilib.///meydan.tv