"Məmməd İbrahim aclıq aksiyasına başlayıb" - Oğlu

28-09-2018 13:43 / Bu xəbər 2463 dəfə oxundu

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin həbsdə olan müşaviri Məmməd İbrahimin aclıq aksiyasına başladığı deyilir.

Bu haqda siyasətçinin oğlu Turan İbrahim bu gün, sentyabrın 28-də Facebook hesabında məlumat yayıb.

O bildirib ki, atasının səhhəti pisləşib və təzyiqi normasında deyil.
 
M.İbrahim ötən gün "kars”a salınıb. 

"Guya onun yastığının altından bıçaq tapıblar. Buna görə,"kars”a salınıb", - məhkumun oğlu bildirib.

Məmməd İbrahimin cəzasının başa çatmasına 2 gün qalır. O, həftəsonu azadlığa buraxılmalıdır.

Məmməd İbrahim 2 il 10 aydır ki, həbsdədir.

O, AXCP-dən ayrılmış Mikayıl Quliyevin şikayəti əsasında 2015-ci il sentyabrın 30-da həbs olunub. 

Quliyevə qarşı fiziki güc tətbiq etməkdə suçlanan Məmməd İbrahimə Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb.

Bir müddət sonra daha iki nəfər – Oruc Vəliyev və Məhəmməd Qurbanov şikayət veriblər ki, insident zamanı Məmməd İbrahim onları da vurub.

Bundan sonra Məmməd İbrahimə verilən ittiham ağırlaşdırılıb və Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsinə tövsif olunub. O, 3 il azadlıqdan məhrum edilib.

Məmməd İbrahim ittihamları qurama sayır və həbsini siyasi fəaliyyəti ilə izah edir.///Toplum.Tv