Məmməd İbrahimə hökm oxunub

Məmməd İbrahimə hökm oxunub

10-01-2019 16:52 / Bu xəbər 1133 dəfə oxundu

Bu gün , yanvarın 10-da Suraxanı rayon məhkəməsində AXCP sədrinin müşavri Məmməd İbrahimə hökm oxunub.

Bu barədə oğlu Turan İbrahim məlumat yayıb.

T.İbrahim bildirib ki, 5 ay 20 gün müddətinə azadlıqdan məhrum edilib. Ona əlavə olaraq 167 manat ekspertiza xərcini ödəmək öhdəliyi də verilib.

M.İbrahim AXCP-dən ayrılmış Mikayıl Quliyevin şikayəti əsasında 2015-ci il sentyabrın 30-da həbs olunub. M.Quliyevə fiziki güc tətbiq etməkdə suçlanan M.İbrahimə CM-nin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb.

Bir müddət sonra daha iki nəfər – Oruc Vəliyev və Məhəmməd Qurbanov da şikayət veriblər ki, insident zamanı M.İbrahim onları da vurub. Bundan sonra ona verilən ittiham xuliqanlıq maddəsi üzrə daha da ağırlaşdırılıb. O, 3 il azadlıqdan məhrum edilib.

Həmin cəza sentyabrın 29-da başa çatıb. AXCP Rəyasət Heyətinin üzvünün cəzası başa çatan ərəfədə yeni cinayət işi açılıb. Yeni ittihama görə, həbsdəki siyasətçinin yatağından kəsici alət tapılıb. Sentyabrın 28-də Yasamal Rayon Məhkəməsi onun barəsində iki aylıq həbs-qətimkan tədbiri seçib.

M.İbrahim ittihamı rədd edir və bıçaq tiyəsinin onun yatağına həbsdən çıxmasının qarşısını almaq məqsədilə müəssisənin əməkdaşları tərəfindən atıldığını bildirir.

Penitensiar Xidmət isə M.İbrahimin bu barədə söylədiklərini əsassız sayır.

Pərvanə Qurbanlı
Toplum Tv