"Məmur balalarının avtomobil kolleksiyasının mənbəyi araşdırılmalıdır"

29-08-2017 14:11 / Bu xəbər 1211 dəfə oxundu

"İri məmur uşaqlarının rezonans doğuran kriminal əməllləri sistemli xarakter alıb artıq. Hətta onları, xüsusən onlara aid nəqliyyat vasitələrini xüsusi təhlükə mənbəyi kimi fərqləndirənlər də çoxalır. Məncə, bununla bütün istiqamətlərdə səmərəli mübarizə olmalıdır. İlk növbədə qanun çərçivəsində. Yaxşı presedent yaradılmlıdır ki, əsl xəbərdaredici effekt versin". 

"Qaynarinfo" xəbər verir ki, bu sözləri yol təhlükəsizliyi məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov deyib.

Son dövrlər məmur övladlarının törətdiyi qəzaların sayı artır. Lüks maşınlarla heç yol hərəkət qaydasına əməl etməyən "gülbalalar"ın törətdiyi qəzalar əksə hallara ölümlərə səbəb olur. Son olaraq Ağdaş rayon icra hakimiyyəti başçısının müavini Əsgərxan Həsənovun oğlu İlqar Həsənov idarə etdiyi və özünə məxsus olan "Infiniti FX35” markalı 90-ZM-111 dövlət qeydiyyat nişanlı avtomobillə Ağdaş şəhəri ərazisində hərəkətdə olarkən idarəetməni itirərək mağazanın qarşısındakı soyuducu kameralara, daha sonra işıq dirəyinə və 5 saylı orta məktəbin daş hasarına dəyməklə yol nəqliyyat hadisəsi törədib. Onun nəqliyyat vasitəsini idarə etmək hüququna malik olsa da, avtomobili sərxoş vəziyyətdə idarə edib. Yol nəqliyyat hadisəsi nəticəsində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Şahin İbrahimova və "Mərkəzi Aran” Regional Enerji Təchizatı və Satışı İdarəsinin Ağdaş Elektrik Şəbəkəsinə maddi ziyan vurulması müəyyən edildiyindən İlqar Həsənovun barəsində İnzibati Xətalar Məcəlləsinin 333.3-cü (Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi, zərər çəkmiş şəxsə maddi zərər vurduqda) maddəsinə əsasən, inzibati xəta haqqında protokol tərtib olunub. Baş Prokurorluqdan verilən məlumata görə, Ağdaş rayon məhkəməsinin qərarı ilə İlqar Həsənov İnzibati Xətalar Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirli bilinib nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla 30 gün müddətinə inzibati həbs edilib.
Məmur övladlarının törətdiyi qəzalarla bağlı danışan Ərşad Hüseynov çıxış yollarını göstərib: "Cinayət və cinayət-prosessual qanunvericilikdə belə bir qəti tələb var ki, konkret kriminal hadisəni araşdıran müstəntiq, prokuror və ya hakim onun törədilməsinin səbəb və şəraitini də aydınlaşdırmalıdır (CPM-in 221-ci maddəsi və s.). Bu zaman həmin səbəb və şərait fərqli hüquq pozuntuları ilə bağlı olduqda, onlar da müvafiq hüquqi prosedurlara uyğun araşdırılmalı və onlara da hüquqi qiymət verilməlidir. Qanunun bu tələbi konkret hal üçün o deməkdir ki, həmin "gülbalalar"ın avtomobil kolleksiyasının mənbəyi, onların belə dədbdəbəli həyat tərzinin digər elementləri də hüquq müstəvisində araşdırılmalıdır. Əminəm ki, bu edilsə, həmin şəxslərin avtomobil kolleksiyasının müsadirəsindən tutmuş onları hərtərəfli himayə edərək gülbalaya döndərənlərin korrupsiya cinayətlərində ittiham edilməsinədək çox şeyə şahid olarıq".