''Mən ölmürəm, gözəgörünməzliyə çəkilirəm''

''Mən ölmürəm, gözəgörünməzliyə çəkilirəm''

29-10-2016 00:45 / Bu xəbər 726 dəfə oxundu

Fuad Poladov alqışlarla yola salındı

Xalq artisti Fuad Poladov bu gün Akademik Milli Dram Teatrının səhnəsi ilə vidalaşdı. Artıq bir neçə gündür ki, aktyorun səhnədən gedişi gündəmin əsas müzakirə mövzularından biri olub. Səbəb xalq artistinin gənc aktyorlardan birinin işdən çıxarılmasına etirazıdır...

Azdramanın səhnəsində onun yaratdığı son obraz fransız yazıçısı və dramaturqu Erik-Emmanuel Şmittin eyniadlı əsəri əsasında hazırlanmış "Müsyö İbrahim və Quran çiçəyi" tamaşasındakı Müsyö İbrahim idi. 

Əsər müəllifin buddizm və iudaizimdən "Milarella", sufizm və iudaizmdən "Müsyö İbrahim və Quran çiçəyi", xristianlıqdan "Oskar və Çəhrayı Qadın" və xristianlıq və iudaizimdən bəhs edən "Nuhun övladları" əsərlərindən ibarət olan "Görünməz silsiləsi"nə daxildir.

Yəhudi Momo ilə Aypara ölkəsindən olan müsəlman, sutkanın bütün saatlarında baqqal dükanı açıq olduğuna görə yerli əhalinin ərəb kimi tanıdığı Müsyö İbrahim Parisin Mavi küçəsində qonşudurlar. Əsərin süjeti əvvəlcə anası, sonra isə atası tərəfindən atılan Moiseyin müsyö İbrahimlə dostluğunun doğmalığa keçməsi nəticəsində Məhəmmədə çevrilməsi üzərində qurulub.

Tamaşanın premyerası anşlaq keçsə də, Azərbaycan tamaşaçısı üçün bir qədər donuq və cansıxıcı görünən ilk 80 dəqiqədə zalı tərk edənlərin çox olduğu barədə mətbuatda az yazılmayıb. Amma bu dəfə belə olmadı. Bu dəfəki tamaşaçılar Fuad Poladovla sağollaşmağa gələnlər, əslində hər zaman bu zala toplaşanlardan tamam fərqli auditoriya idi. Bəlkə də Akademik Milli Dram Teatrı ilk dəfə idi ki, bu qədər tanış simanı bir arada görürdü. Bu dəfə Fuad Poladova tamaşa etməyə gələnlərin böyük əksəriyyəti ictimai-siyasi fəallar, vəkillər, jurnalistlər idi.

Fuad Poladovun hər səhnəyə çıxışı, ifası alqışlarla qarşılanırdı. Son səhnə - ölüm ayağında olan Müsyö İbrahimin onu qucaqlayıb ağlayan Momoya son təsəllisi: "Mən ölmürəm, gözəgörünməzliyə çəkilirəm".

Zala toplaşanlarsa bu sözləri Fuad Poladovun onun gedişinə üzülənlərə ismarıcı kimi qəbul etdilər...
Fuad Poladov ayaq üstə alqışlandı. Davamı kəsilməyən alqış seli xalq artistini, həmkarlarını, eləcə də zalda oturanları kövrəltmişdi.

Fuad Poladov hazırda Akademik Milli Dram Teatrının repertuarında olan 3 tamaşada baş rolun ifaçısıdır. O, həm də bu rolları dublyorsuz oynayan aktyordur. Deməli, Fuad Poladovun gedişi bu tamaşaların da səhnədən çıxarılmasına səbəb olacaq. Nəticədə isə itirən tamaşaçı və ən əsası Azərbaycan incəsənətidir...

Düzdür, Fuad Poladov daha Akademik Milli Dram Teatrının səhnəsində olmayacaq. Azərbaycandilli tamaşaçılar daha onu səhnədə görməyəcək. Amma xalq artisti həmişə olduğu kimi yenə də Rus Dram Teatrının səhnəsində çıxış edəcək...///meydan.tv