"Məni yaxşı söyürlər…" - Kəramət Böyükçöl

28-02-2016 19:04 / Bu xəbər 7493 dəfə oxundu

"Bu sistemə savadsızlar lazımdır"

Gənc yazıçı Kəramət Böyükçölün Arqument.az-a müsahibəsini təqdim edirik:

- Kəramət bəy, uzun müddətdir yazırsınız. Ədəbiyyata gəlişiniz necə olub? Bu barədə danışaq.

- Mənim ədəbiyyata və ədəbi prosesə gəlməyim tamamilə təsdüfi bir şeydir. Orta məktəbdə oxuyanda sevdiyim qızlara zəif, bayağı şeirlər yazırdım. Hərdən də atamın şeirlərin oğurlayıb öz adımla qızlara məktub şəkildə göndərirdim, məktubda şeirin yanına ürək şəkli də çəkirdim. 

Görünür, çox romantik bir oğlan olmuşam...

Məktəb illərində avara, tərbiyəsiz bir uşaq kimi tanınırdım, bütün günü qız üstündə davalar, razborkalar, bıçaqlanmalar... 

Yalnız universitetə qəbul olandan sonra dərk elədim ki, mən şair oğluyam, buna qədər də atamın şeir yazdığını bilirdim, amma mahiyyətini başa düşmürdüm deyə o qədər əhəmiyyət vermirdim. 

Atamın iş yeri Yazıçılar Birliyidir, onu tez-tez şair dostları ilə bir yerdə görürdüm. 

Bir gün mənə dedilər ki, AYB hamıya prezident təqaüdü verir, sən niyə gedib almırsan? Ayda iki yüz manat məni iştahlandırdı. Tez qızlara yazdığım şeirləri yığıb kitab kimi çap elətdirdim. Şeirlərimə atam əl gəzdirdi, düzəlişlər elədi... 

- Təqaüd aldınız?

- Bəli... AYB-yə üzv olmağıma təqaüd almağım bir oldu. 

Filologiya fakültəsi istər-istəməz adamı ədəbiyyata həvəsləndirir. Universitetdə ədəbiyyat dərnəyim də var idi. Avara, bir az da gerizəkalı uşaqları hər gün dərnəyimə yığıb onlara mühazirə oxuyurdum. Ağlıma nə gəldi danışırdım, hamıya maraqlı gəlirdi. 

Fikirləşiridilər ki, bu nə qəribə oğlandır... Qızlar da mənə maraq göstərirdi. 

Sonra atamın dostluğu vasitəsilə Zəlimxan Yaqubu universitetə dəvət elədim, bufetdə oturub rəhmətliklə çay içdik. Zəlimxan müəllimlə dəhlizdə iki-üç dəfə o baş-bu başa gəzməyim universitet mühitində mənim istedadlı bir oğlan olmağımı təsdiqlədi. 

Dedilər, Zəlimxan Yaqubla oturub-durursa, deməli, ciddi adamdır. 

Yavaş-yavaş dünən bəyəndiklərimi bu gün inkar etdim, bu gün bəyəndiyimi sabah qəbul eləmədim və fikirlərim etirazla qarşılanmağa başladı. 

Bir gün mühazirələrdə oturduğum yerdə babam yadıma düşdü, ondan ötrü darıxdım. Qızlardan qələm, kağız alıb tərəkəmə həyatın haqqında balaca-balaca yazılar yazdım, kiçik hekayətlər idi. Məqsədim roman yazmaq deyildi. Mühazirədə kağıza yazdıqlarımın böyür-başını düzəldib evdə komputerə köçürürdüm. 

Atam oxudu, dedi ki, ciddi bir əsər yazmısan. Közüm kəlləmə çıxdı. Sonra romanı oxumaq üçün Rafiq Tağıya verdim, o da dedi ki, möhtəşəm əsərdir. 

Bir müddət sonra Əkrəm Əylisli "Çöl”ü təriflədi...

Beləcə ədəbi mühitdə tanınmağa başladım... 

Bütün bunlar təsadüf deyil, bəs nədir?! 

- Bax, özünüz də vurğuladınız ki, atamın mənə köməyi çox olub. Səmimi cavab almaq istəyirəm, atanız yaxşı yazır, yoxsa siz?

- Mənim düşüncəmi, fikrimi, beynimi, ağlımı, savadımı, istedadımı və bütün yazdıqlarımı üst-üstə yığsan, atamın bir dırnağı qədər deyil. Sadəcə, mən gəncəm, bir az da dəliqanlılığım var deyə, açıq mövzularda yazıram, heç kimi tənqid eləməkdən çəkinmirəm, ona görə də adamlara maraqlı görünürəm. 

Bunları Qəşəm edə bilmir, çünki yaş o yaş deyil, adamlara da elə gəlir ki, guya mən atamdan yaxşı yazıram. Məni maraqlı edən birinci gəncliyimdir. Gəncliyimi mənim əynimdən soyundursan, yerdə nə qalacaq, bu, zamanın işidir...

- Bəziləri deyir ki, Kəramət Böyükçöl özünə deyil, atasına görə tanınır. Buna fikriniz necədir?

- Düzdür, müəyyən bir vaxta kimi məni atama görə tanıyırdılar, mən kiminləsə görüşüb, zəngləşəndə deyirdim ki, Qəşəm Nəcəfzadənin oğluyam. Bu, təbiidir. Amma məncə, daha məni atama görə tanımırlar. Hətta bəzən Qəşəm Nəcəfzadəyə deyirlər ki, sən Kəramətin atasısan? 

Ümumiyyətlə, şair oğlu olmaq əlavə üstünlükdür. Məsələn, bayaqdan atam haqqında danışırq. Atam mənim üçün həm də bir mövzudur, haqqında danışıram, yazıram... 

- Necə düşünürsünüz, poeziyada bəxtiniz gətirib?

- Bu, bəxt məsələsi də deyil, sadəcə mən şeir adamı ola bilmədim. Düşüncən poetik ola bilər, amma şair kimi təsdiq olunmaq, möhür vurmaq çətin məsələdir...

- Şeir yazırdınız, sonra birdən-birə nəsrə gəldiniz, niyə?

- Əvvala, mən şeirdən qorxub nəsrə keçdim. İkincisi, şeirlərim də elə nəsr kimi şeydir. Mən şeir yazdığım vaxtlarda da şair olmamışam. Cəmi 10-15 şeirim var. Sonra roman yazdım. Özümə də qəribə gəldi, necə oldu ki, ilk nəsr cəhdim uğurlu alındı və ciddi qəbul olundu? 

"Çöl” romanını altı ildir yazmışam, söz-söhbəti hələ də kəsib-kirimir. 

- Maraqlı fikirləriniz ola-ola tənqid olunursunuz, cəmiyyət sizi daim qınaq obyektinə çevirir...

- Ona görə ki, mən özüm buna şərait yaradıram. Tənqid olunmaq mənə ləzzət edir. Məsələn, mənim İlhamə Quliyevaya münasibətim yaxşı deyildi. Ancaq o, dünyasın dəyişəndə sonra gördüm ki, hamı İlhamə xanım haqqında ağzına gələni danışır, yazır... Dərhal hədəfimi dəyişdim və İlhamə Quliyeva barədə müsbət fikirlər səsləndirdim...

- Nə üçün?

- Axı niyə mən hamı kimi düşünməliyəm ki? Mən bu cəmiyyəti ciddiyə almıram, bu insanlarla həmişə oyun oynamışam. Bəli, bunlar məni tənqid etməlidir, söyməlidir, niyə məni tərifləməlidir ki? Gedib Fikrət Qocanı tərifləsinlər. Bu insanlar məni bəyənsələr, utanaram, pis olaram, hətta ağlayaram, başımı qaldırıb adam arasına çıxa bilmərəm...

- Bəs tənqidi niyə sevirsən?

- Ədəbi mühitdə və mühitdən kənarda məni çox istəyən dostlarım çox olsa da, onlar yaradıcı adam kimi mənə heç vaxt kömək eləyə bilməyiblər. Ancaq sevməyənlərim həmişə uğurumda can-başla iştirak ediblər. Onlar haqqımda ağzına gələni yazmsaydılar, mən yazıçı kimi görünməyəcəkdim. Mənim hazırda dostdan çox düşmənə ehtiyacım var. Allah düşmənlərimin canını sağ eləsin. 

- Onda özünüz belə edirirsiniz ki, gündəmdə olasınız, hə?

- Tamamilə doğrudur, özüm qəsdən belə edirəm ki, gündəmə gəlim. Görəndə ki, məni söymürlər, bərk narahat oluram, darıxıram. Tez onları qıcıqlandıran nəsə yazıram və məqsdimə də çatıram. 

Ancaq belə şeyləri ardıcıl edəndə şiti-şoru çıxır. 

Bunu təxminən, üç-dörd aydan bir etmək lazımdır ki, görsünlər ölməmisən.

- Yazar kimi fikriniz maraqlıdır, ölkədə niyə kitaba maraq yoxdur?

– Təkcə mən yox, ümumiyyətlə, Azərbaycan yazıçısı kitab satışı məsələsində məğlubdur. İndi kitabla uğur mümkün deyil. Mənim oxucum internetdədir. Yazılarım internətdə çox oxunur. Məsələn, sən özün bu fikrimlə razısanmı ki, mənim köşələrimi, hekayətlərimi, müsahibələrimi çox oxuyurlar?

- Bəli, oxunur…

- Mənim oxucum kitabımı deyil, köşələrimi, hekayələrimi ardıcıl izləyir. Hələ ki bu, mənə bəs edir. 

- Oxucularınızdan razısınızmı?

- Hə, razıyam, çünki onlar məndən narazıdırlar. Sağ olsunlar, məni yaxşı söyürlər…

- Bəs niyə kitab almaq istəyən yoxdur?

- Çünki istəmirlər ki, cəmiyyət kitab oxusun, istəsələr, bir ay içində kitab bazarını yaradarlar...

- Niyə istəmirlər?

- Kitab adama əxlaq, vicdan hissi gətirir. Cəmiyyət kitab oxusa maariflənəcək, maarifləndikcə gözü açılacaq, gözü açıldıqa haqq-hesab çürütməyə başlayacaq... Bu isə hazırkı sistemə sərf etmir. 

- Belə çıxır hazırkı sistemə savadsızlar lazımdır?

- Bəli... Savadsız insanları idarə eləmək çox asandır.... 

- İki övlad atasısınız, istərdinizmi övladlarınız da yazıçı olsunlar?

- Normal bir cəmiyyətdə ədəbiyyatla məşğul olmağın nəyi pisdir ki? Təəsüf ki, cəmiyyətimiz eybəcərliklərlə doludur. Buna görə də istəmərəm ki, övladlarım da mənim kimi məcbur olub beş manat maaşa görə layiqsiz adamlardan müshibə alsınlar, onların belə əziyyət çəkməsini istəməzdim. 

- Övladınıza arzu etmədiyini niyə özünüz edirsiniz?

- Çünki çarəsizəm. Yazı-pozudan başqa heç bir iş bacarmıram.

-Yazılarınızı real həyatdan yazırsınız, yoxsa fantaziyalarınızdır?

- Bu suala dəqiq cavab vermək mənim üçün çətindir. Nə yazdığımı bilmirəm.
                
Hüseyn Bağırov
Arqument.Az