Məntəqələrdə jurnalistlərə əngəllər yaradılıb

Məntəqələrdə jurnalistlərə əngəllər yaradılıb

11-04-2018 19:41 / Bu xəbər 2531 dəfə oxundu

Müstəqil jurnalist təzyiqlə üzləşib

Seçkidə təkcə müşahidəçilərə yox, prosesi işıqlandırmağa çalışan jurnalistlərə qarşı da əngəllər yaradılır.

Müstəqil jurnalist Sevinc Vaqifqızı deyib ki, Nizami 16 saylı Nizami rayon seçki dairəsinin 14-cü məntəqəsində ona işini görməyə maneə yaradıblar:

"Bir müşahidəçi və bir seçici etiraz etdi ki, biz istəmirik bu məntəqədə çəkiliş aparasız. Bu hüququ mənə onların vermədiyini və istədikləri kimi ala bilməyəcəklərini dedim. Seçki Məcəlləsinə görə istədiyim məntəqədə çəkiliş apara bilərəm. Sonra bir neçə nəfəri öyrədib barəmdə akt yazdırdılar. Guya məntəqədə səs-küy salmışam. Bildirdim ki, aktı yarımçıq yazmısız, çəkilişə mane olduğunuzu da əlavə edin. Ancaq bundan sonra məntəqə sədri çəkiliş etməmə izin verdi".

"Reuters" agentliyinin əməkdaşı Nailə Balayeva isə deyir ki, 23 saylı Səbail-Nəsimi seçki dairəsinin 19 saylı məntəqəsinin sədri Orxan Pəhləvan oğlu Musayev onun qarşısını kəsərək məntəqədə çəkiliş etmənin qadağan olduğunu bildirib:

"Ona Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun belə bir qadağa qoymadığını söylədim. Deyir, yox, Abdulla müəllim deyib ki, olmaz. Cəhd etsəm də, Abdulla müəllimin vəzifəsini müəyyənləşdirə bilmədim. Yaxın məntəqələrdə mənə oxşar problem yaratmadılar. Əminəm ki, həmin şəxsə də belə göstəriş verən olmayıb. Sadəcə şəxsi təşəbbüsünü icra edib. Bizim hakimiyyətə heç müxalifət lazım deyil. Belələrinin olması kifayətdir".

Başqa bir jurnalist isə 25 saylı Nizami 2-ci seçki dairəsində fiziki təzyiqə məruz qalıb. Çəkiliş apararkən bir nəfər ondan məntəqədən çölə çıxmasını istəyib.

Jurnalist buna etiraz etdiyi zaman həmin şəxs "dedim yeri get, sənə ancaq belə lazımdır”, – deyib onu bayıra doğru sürüyüb.