''Mənzil bazarında bahalıq rüşvət amili ilə bağlıdır''

''Mənzil bazarında bahalıq rüşvət amili ilə bağlıdır''

11-06-2019 19:20 / Bu xəbər 751 dəfə oxundu

İqtisadçı mövcud qiymətləri mənzil bazarında böhranın işartıları kimi xarakterizə edir

Azərbaycanın mənzil bazarı müxtəlif dönəmlərdə böhran yaşayıb. Neftin qiyməti son bir neçə ildə qalxandan sonra sabitlik yaranmışdı. Amma hazırda paytaxtda yeni tikilən binalarda mənzillərin kvadratı 1000-1500 manata, əyalətlərdə, konkret olaraq, Sumqayıtda 850 manata təklif olunur.

İqtisadçı Qadir İbrahimli mövcud qiymətləri mənzil bazarında böhranın işartıları kimi xarakterizə edir.

İqtisadçı Meydan TV-yə deyib ki, paytaxın mərkəzi hissəsində mənzillərin qiymətləri 2-3 min manatdan başlayır.

O, mənzil bazarında bahalaşmanın əsas səbəbini rüşvət amili ilə əlaqələndirir:

"İş adamları mənzilin maya dəyərinin bir neçə misli həcmində rüşvət verməyə məcbur olurlar. Həmin rüşvət də qeyri-rəsmi şəkildə mənzilin maya dəyərinə daxil olur, nəticədə zərər alıcılara dəyir. Məsələn, İstanbul kimi şəhərdə təmirli mənzillərin kvadratı 300-400 dollar civarında satılır. Bakıda isə təmirsiz mənzillər 1500, bəzən isə 1700 manata təklif olunur. Əgər rüşvət amili olmasa və bazarda rəqabət mühiti yaradılsa, qiymətlər bir neçə dəfə enər. Bu mənada Azərbaycanın mənzil bazarında qiymət artıran amil əhalinin alıcılıq qabiliyyəti yox, rüşvətdir. Hansı ki tikinti şirkətləri qeyri-rəsmi ödənişlərə cəlb edilir, yüklənir və bunlar maya dəyərinə daxil olur”.

Qadir İbrahimli
Mənbə: meydan.tv

Qadir İbrahimlinin sözlərinə görə, mövcud vəziyyət uzun müddət davam edə bilməz. Çünki daşınmaz bazarında qiymətlər orta təbəqənin imkanlarına adekvat deyilsə, həmin bazar dayanıqlı sayıla bilməz. Nəticədə gec-tez bazarda durğunluq yaranır. Onun fikrincə, yaxın vaxtlarda, bu, özünü açıq biruzə verəcək:

"Böhran özünü onda ifadə edəcək ki, mənzillərə müştəri tapılmayacaq və bir sıra tikinti şirkətləri fəaliyyətlərini dayandırmağa məcbur olacaq. Ardınca sosial hadisə olan işsizlik problemi start götürəcək, eyni zamanda, tikinti ilə bağlı müəssisələr fəaliyyətini dayandıracaq. Məsələn, qapı-pəncərə istehsal edən sexlərdə böhran başlayacaq”.