Mərhum nazirin oğlunun namizədliyi ləğv edildi

Mərhum nazirin oğlunun namizədliyi ləğv edildi

05-02-2020 17:43 / Bu xəbər 1019 dəfə oxundu

46 saylı Dairə Seçki Komissiyasının sədri Mərkəzi Seçki Komissiyasına həmin dairədən qeydə alınmış namizəd Rəşad Camalov barədə yazılı müraciət edib. 

DSK müraciətində qeyd edib ki, Rəşad Camalovun ikili vətəndaşlığı olması barədə onlara məlumat daxil olub.

Məlum olub ki, o, namizədliyini dekabrın 21- də təqdim edib. R. Camalov sənədlərində ikili vətəndaşlığının olmadığını və başqa dövlət qarşısında öhdəliklərinin olmadığını bəyan edib. 

Onun namizədliyi 30 dekabr 2019- cı ildə qeydə alınıb. MSK tərəfindən araşdırmalar aparılıb. 

Məlum olub ki, Rəşad Yavər oğlu Camalov həm də Rusiya vətəndaşıdır.

Rusiya Federal Vergi Xidmətindən verilən məlumatda Camalov Rusiyada vergi ödəyicisi kimi qeydə alınıb. Beləliklə, Mərkəzi Seçki Komissiyası Dairə Seçki Komissiyasının qərarını ləğv edib və dairə tərəfindən ona verilən namizədlik vəsiqəsi etibarsız hesab edilib.

MSK sədrinin müavini Rövzət Qasımov bildirib ki, belə bir hal ən son gün belə aşkar olunsa, deputatlığa namizədliyi ləğv olunacaq. Çünki deputat olmaq istəyən şəxs Azərbaycan Konstitusiyasına hörmət etməlidir.

Rəşad Camalov mərhum Müdafiə Sənayesi naziri Yavər Camalovun oğludur.///Qafqazinfo.az