Merkel Bakıya gəlməkdən imtina etdi

Merkel Bakıya gəlməkdən imtina etdi

05-06-2015 14:12 / Bu xəbər 3745 dəfə oxundu

"İdmana kuratorluq edən daxili işlər naziri Tomas de Mezyer Azərbaycana səfərdən imtina edib, səbəb  Azərbaycanda 100-dən çox siyasi məhbusun olmasıdır"

Almaniyanın "Tagesspiegel" qəzeti öz mənbələrinə isnadən bildirib ki, Almaniyanın birinci şəxsləri və hökumət üzvləri iyunun 12-də Bakıya  Avropa Oyunlarının açılış mərasiminə getməyəcəklər.

"Kansler Angela Merkel Bakıya getməyəcək. Bundan əlavə, idmana kuratorluq edən daxili işlər naziri Tomas de Mezyer Azərbaycana səfərdən imtina edib. Almaniya prezidenti Yoahim Qauk də iyunun 12-də Berlində olacaq”, - qəzet yazır.

Məqalənin müəllifi Klaudiya fon Zalzen səfərdən imtinanın səbəblərini Azərbaycanda 100-dən çox siyasi məhbusun – müxalifət fəalları, jurnalistlər və hüquq müdafiəçilərinin həbsdə olması ilə əlaqələndirib.

Son vaxtlar rejim repressiyaları artırıb. BMT-nin hüquq müdafiəçilərinin vəziyyəti üzrə xüsusi məruzəçisi bildirib ki, "onlar Azərbaycanda amansızcasına təqib olunur və repressiyalara məruz qalırlar”.

Fevral ayında prezident İlham Əliyevin Berlinə səfəri zamanı Merkel bildirmişdi ki, onunla prezident Əliyev arasında "insan hüquqlarının reallaşması” məsələsində fikir ayrılığı var.

Hökumət üzvlərinin Avropa Oyunlarının açılışına gəlməməsinin səbəbləri ilə bağlı Berlindən rəsmi izahat verilməyib.

Bir qayda olaraq, bu səviyyəli tədbirlərə kansler, daxili işlər naziri və ya prezident gedir. Ötən il Merkel Rusiyanın Ukraynaya qarşı münasibəti ilə əlaqədar Soçiyə qış oyunlarına getməmişdi. Lakin DİN rəhbəri Mezyer orada olub, "Tagesspiegel" yazıb.

Almaniynın digər nüfuzlu nəşri "Frankfurter Allgemeine" bildirib ki, alman idmançılar Azərbaycanda siyasi məhbusların azad edilməsinə çağırıblar. Bununla da onlar Avropa komissarı Nils Mujnieks, ATƏT-in xüsusi nümayəndəsi Dunya Miyatoviç və BMT-nin xüsusi məruzəçisi Mişel Forstun çağırışlarını dəstəkləyiblər.

Müəllif Kristof Bekkerin məqaləsində deyilir ki, Almaniya Olimpiya Konfederasiyasının (DOSB) nümayəndəsi Kristian Şrayber  əsas insan hüquqlarına əməl olunmasının və tənqid hüququnun vacibliyini bildirib.

DOSB sədri Maykl Vesper də BMT məruzəçisinin çağırışını alqışlayıb.

"Əlbəttə, biz Azərbaycanda bu problemlə məşğul olan insanlarla həmrəyik və rəsmi Bakıya müraciət edərək bildiririk ki, Almaniya Olimpiya Konfederasiyası insan hüquqları və mətbuat azadlığına tərəfdardır”, - o vurğulayıb (Turan İA).