"Mərkəzi Bank nə deyirsə, əksi baş verir" - EKSPERT

01-06-2017 19:07 / Bu xəbər 2161 dəfə oxundu

"Mən tam məsuliyyətlə deyə bilərəm ki, bu gün Mərkəzi Bank manatın məzənnəsinin üzməsinə hər hansı bir müdaxilə etmir, tənzimləmə aparılmır”.
Baş bankir:
Bu fikirləri Mərkəzi Bankın (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov 30 may 2017-ci ildə Bakıda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) və Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham-Azerbaijan”) birgə təşkilatçılığı ilə "İqtisadi islahatlar: Əldə edilmiş nəticələr və tövsiyələr” mövzusunda keçirilən konfransda çıxış edərkən bildirib. 

O həmçinin qeyd edib ki, ilin sonunadək manatın ucuzlaşmasını gözləmir: "Yəqin ki, hər kəsi manatın məzənnəsinin perspektivləri düşündürür. Burada standart cavab ondan ibarətdir ki, bugünkü fundamental amillərə əsaslansaq, ilin sonuna kimi manatın məzənnəsi üçün hər hansı risk görmürəm. Cari büdcə ilinin sonunadək manatın möhkəmlənməsi ehtimalı zəifləməsi ehtimalından daha çoxdur”.

İqtisadçı Natiq Cəfərli isə deyir ki, Mərkəzi Bank nə zaman manatın möhkəmlənməsi ilə bağlı məlumat verirsə, əks proses baş verir:
"Azərbaycanda bu gün baş verən proseslərə baxdıqda görürük ki, manatın möhkəmlənməsi üçün ciddi əsas yoxdur. Dünyada FED-in ilin sonuna qədər iki dəfə faiz artımı edəcəyi ilə bağlı gözləntilər  formalaşıb. Neft qiymətlərində azalmalar müşahidə olunur və ciddi eniş olması ehtimalı yüksəlir.

Daxildən Beynəlxalq Bankla bağlı ciddi problemlər yaşanır. 3 milyarda yaxın əlavə borc yükü yaranacaq. Ümumiyyətlə, bank  sektorunda  problemli kreditlərin də həcmi kifayət qədər artıb. Rəsmi açıqlamalara görə, 5 bankda vəziyyət, ümumiyyətlə, gərgindir. Daha 12 bankda isə bununla bağlı yoxlamalar aparılır. Daxildə də kreditləşmə ilə, manatın  canlandırılması ilə bağlı addımların atılmasında ciddi problemlər var. İqtisadi aktivlik zəifləyib və iqtisadi aktivliyin zəifləməsi ümumi iqtisadi göstəricilərə mənfi təsir göstərir.  ÜDM-də də rəsmi rəqəmlərə görə 1.2 % azalma var”. 

İqtisadçı deyir ki, bütün bu parametrləri üst-üstə gəldikdə görünür ki, Elmar Rüstəmovun  manatın möhkəmlənməsi ilə bağlı söylədiklərini əsaslandıracaq heç bir element yoxdur:

"Neft Fondundan Mərkəzi Banka ayrılan vəsait var ki, ilin sonuna qədər  manatın ən azından indiki vəziyyətdə saxlanılası üçün  istifadə oluna bilər. Bu da doğru yol deyil. Mərkəzi Bank 2014-15-ci ildə uzun zaman manatın  məzənnəsini saxlamağa çalışdı və 10 milyard dollar ehtiyatları əridi. Yenidən həmin səhvi təkrar edəcəklərini düşünmürəm. Süni şəkildə manatı saxlamaq sonradan iqtisadiyyatı pis duruma salır. Ona görə düşünürəm ki, payız aylarında, ilin sonuna doğru manatın ucuzlaşması ehtimalı daha yüksəkdir”.

Deputat Vahid Əhmədov isə bildirib ki, ixrac, idxal əməliyyatlarında müsbət saldo yaranıb, valyuta bazarında yüksəlmələr var, bank sistemində nəzarətlər artıb:
Image result for Vahid Əhmədov
"Manatın qiyməti daxildə həyata keçirilən pul kredit siyasəti ilə bağlıdır. Bu da manatın qorunub saxlanması deməkdir. Burada əsas diqqəti Azərbaycanda real sektorun inkşafına yönəltmək lazımdır. Əgər inkişaf davam etsə və problemlər olmasa, manat da müəyyən müddət qorunub saxlanacaq”.

Gülzar N. Məmmədli