"Mərkəzi Bankın rəhbərliyi Brejnev dövründə qalıb" - ŞƏRH

30-09-2017 15:44 / Bu xəbər 2698 dəfə oxundu

"Yaxın dövrlərdə manatın dollara nisbətən əhəmiyyətli dərəcədə ucuzlaşması və ya devalvasiyası üçün heç bir əsas yoxdur". 

Bunu iqtisadçı ekspert Zöhrab İsmayıl son günlər manatın devalvasiyası ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.

"Hökumətin də devalvasiyaya ehtiyacı yoxdur..."

İqtisadçı bildirib ki, Mərkəzi Bankın rezervlərinin artması devalvasiyanı istisna edir: "Düzdür, ilin sonlarına doğru SOCAR müəyyən xarici borclarını qaytarmalıdır və bu valyuta bazarına təsir göstərən amillərdən biridir. Amma ümumən neftin dünya bazarındakı hazırki qiyməti ($56/brl) və nəticədə tədiyyə balansındakı müsbət saldo, eləcə də Neft Fondunun ayırmaları nəticəsində Mərkəzi Bankın rezervlərinin tədricən artması devalvasiyanı istisna edir. Eyni zamanda hazırda hökumətin də devalvasiyaya ehtiyacı yoxdur. Nəzərdə tutduğu büdcəsini doldurmaq, xərclərini də yerinə yetirmək imkanı var".

"Məzənnə uzun müddət belə qala bilməz"

İqtisadçı ekspert Natiq Cəfərli isə "Facebook" statusunda mövzuya bir qədər fərqli yanaşıb. 

Mərkəzi Bankın şənbə gününü banklarda iş günü elan etməsinə münasibət bildirən iqtisadçı qeyd edib ki, bu addım ajiotaj yaradacaq: "Mərkəzi Bank yenə aləmi qatıb bir-birinə, banklara məktub yazıb, hamını sabah işə çağırıb, nə izah var, nə normal açıqlama. Mərkəzi Bank rəhbərliyi dəqiq bilməli idi ki, bu məktub mütləq internetə düşəcək, panika havası və suallar yaradacaq. Bunu hesablaya bilməyiblərsə, deməli, Mərkəzi Bankın rəhbərliyi Brejnev dönəmində qalıb, düşüncəsi və addımları çox köhnədir".

"Bu hadisə bir daha onu göstərdi ki, dövlət və hökumət orqanlarımın cəmiyyətlə əlaqəsi sıfırdır, ya saymırlar, ya da bunun önəmini anlamırlar. Mərkəzi bank ümumiyyətlə, açıqlamalarını, sanki yapon dilindən dövlət dilimizə "google"-də tərcümə edib yayırlar, nə məntiq olur, nə məzmun, nə də aydın ifadələr - sadəcə, 3-4 ağıllı iqtisadi termin götürüb yerli-yersiz cümlələrə yerləşdirirlər", - ekspert bildirib. 

Onun sözlərinə görə, hazırda devalvasiyaya ehtiyac olmasa da, məzənnə uzun müddət sabit qalmayacaq: "Bir gecədə, ya bir gündə manatı yenidən "öldürməyə" indi ortam və lüzum yoxdur. Mərkəzi Bank 1-ci günə olan məzənnəni də açıqladı, heç bir dəyişiklik yoxdur. Sabah əksinə qərar versələr, gərək sonra da Mərkəzi Bankı ləğv edələr, çünki onsuz da bir hörməti yoxdur, belə olsa, inam lap yerlə-bir olar. Məzənnə, təbii ki, uzun müddət belə də qalmayacaq, amma manatın dollara qarşı ucuzlaşması addım-addım, yumşaq və zamana yayılaraq baş verəcək".///toplum.tv