Meşədə qızıl axtaran nazirlik əməkdaşlarının saxlanıldığı deyilir

Meşədə qızıl axtaran nazirlik əməkdaşlarının saxlanıldığı deyilir

15-01-2020 21:46 / Bu xəbər 1549 dəfə oxundu

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyinin Lerik meşələrində qızıl axtarmaq cəhdlərinin qarşısı alınıb. 

Bu barədə jurnalist İbad Manafov sosial şəbəkədə yazıb.

Onun sözlərinə görə, Lənkəran Regional Meşə Təsərrüfatı İdarəsinin rəisi Şahin Cəfərov Lerik rayonu Gürdəsər Meşəbəyliyinin 11-ci meşə dolayında qızıl axtarırmış. Lakin təqribən 4 gün əvvəl Lerik rayon Polis Şöbəsinin əməkdaşları meşədə qazıntı aparan dəstəniin üzvlərini saxlayıb.

11 saylı meşə dolayının gözətçisi Mədət Abbasov, meşəbəyi köməkçisi Mühüb Mirzəyev, Yardımlı rayonu Zeynələzir kənd sakini Ramin Qaraxan oğlu saxlanılıb. 

Məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müavini Firdovsi Əliyevin müdaxiləsindən sonra polis tərəfindən saxlanılanlar sərbəst buraxılıb və məsələ ört-basdır edilib.

Lənkəran Regional Meşə Təsərrüfatı İdarəsinin bir neçə əməkdaşı başda olmaqla Lerik sakinləri sözügedən meşə ərazisinin qazılmasına etiraz edib. Amma idarə rəisi Şahin Cəfərov qazıntı işlərinin nazirin tapşırığına əsasən aparıldığını bildirərək, meşə ərazisində qazıntı işlərini davam etdirib. 

Lerik Polis Şöbəsinin məsələyə müdaxiləsindən sonra qızıl axtarışları prosesi dayandırılıb və məlum olub ki, qazıntı işləri tamamilə qanunsuz aparılıbmış.

Xatırladaq ki, meşə ərazisində müvafiq qurumların icazəsi olmadan hər hansı bir qazıntı işlərinin aparılması qanunvericilikdə yasaqlanıb və cinayət əməli kimi qiymətləndirilir.

Məlumatda deyilir ki, meşə ərazisində bir-neçə dəfə qızıl axtarmaq cəhdləri göstərilib, amma nəticəsi olmayıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məsələni araşdıracaqlarını deyiblər. 

Lerik Rayon Polis İdarəsindən isə məlumatı dəqiqləşdirmək mümkün olmayıb.