Mətbuat konfransını işıqlandırmaq qaydaları: nələrə diqqət etmək lazımdır?

Mətbuat konfransını işıqlandırmaq qaydaları: nələrə diqqət etmək lazımdır?

06-09-2018 19:22 / Bu xəbər 2210 dəfə oxundu

Seymur Kazımov

Jurnalistin əsas vəzifələrindən biri mətbuat konfransında iştirak etmək və oradan obyektiv xəbər hazırlamaqdır. Əvvəllər jurnalistlər tədbirdən qayıdandan sonra material hazırlayırdılarsa, indi tədbir bitməmiş xəbər artıq səhifədə olur. İnternetin media alətlərindən birinə çevrilməsi həm jurnalistin işini asanlaşdırır, həm də məhsulun operativ qaydada auditoriyaya çatdırılmasını təmin edir. Xəbərin çatdırılması vasitələri dəyişsə də, mahiyyət olduğu kimidir: dəqiq, doğru, fakta əsaslanan.

Cəmiyyətdə və ictimai həyatda tutduğu mövqedən asılı olmayaraq media ilə münasibətinə gorə məşhur simaları 4 qrupa bölmək olar:

Mətbuatdan qaçanlar – burada xüsusi izahat yoxdur, hər vəchlə mətbuatı yaxın buraxmır, hətta bu onun xeyrinə olanda da;

Mətbuata sərhədsiz açıq olanlar – buraya daim mediada, gündəmdə olmağı xoşlayanlar daxildir, yəni bəzən özünün fəaliyyət sahəsinə aid olmayan suallara belə cavab verir, təki gündəmdə qalsın;

Mətbuata açıq olub, amma qeyri-peşəkar jurnalistləri və sualları sevənlər. Yəni mətbuatın gündəmində olmaq şərtilə, əsas məsələləri gizlətməyin tərəfdarıdır. Peşəkar jurnalistə qarşı çox ehtiyatlı davranır,  çünki obyektiv suallarla üzləşmək istəmir;

Mətbuata açıq olan, həm də peşəkarlarla işləməyə üstünlük verənlər. Onlar xoşlayırlar ki, sual verən jurnalist mövzudan xəbərdar olsun, doğru şəxsə, doğru sualları ünvanlasın. Qeyri-peşəkar jurnalisti sözün əsl mənasında yola verir və bir daha onun suallarını cavablandırmamağa çalışırlar.

Göründüyü kimi, ilk qayda budur: konkret bir şəxsin mətbuat konfransına yollanan jurnalist onun xarakterini müəyyənləşdirməlidir.

İkinci mərhələ. Jurnalist həmin şəxsin xarakteri qədər, onun fəaliyyət istiqamətini də bilməlidir. Kobud ifadə etsək, siyasətçinin tədbirinə mədəniyyət, idman sahəsində, aqrar sahədə ixtisaslaşmış jurnalisti göndərmək olmaz. Göndərilən jurnalist həm daxili, həm də beynəlxalq siyasəti gözəl bilməlidir. Çünki siyasətçinin toxunduğu hansısa məsələdən suallar yarana bilər. Təsəvvür edək ki, siyasətçi çox ciddi məsələyə toxundu, onun cavabından xeyli maraqlı sual yarana bilər, ancaq jurnalist dünyadan xəbərsizdir və öncədən hazırladığı əhəmiyyətsiz sualı ünvanlayır.

Bundan sonrakı mərhələ: ona hansı suallar verilməlidir? Sizin verəcəyiniz sualın informasiya çəkisi nə qədərdir və yaxud bu, nə qədər aktual məsələdir?

Mətbuat konfransında keçmişlə bağlı suallar vermək alqışlanmır, çünki tədbirin məqsədi cəmiyyətə yenilikləri təqdim etməkdir və sizin verəcəyiniz sual da yenilik üçün əsas olmalıdır. Ola bilər ki, keçmişlə bağlı hansısa məqam var və cəmiyyət bugünədək ondan xəbərsizdir, yalnız bu halda həmin sualı ünvanlaya bilərsiniz. Şəxs keçmişi ilə bağlı xatirələrini üzbəüz müsahibə zamanı danışa bilər. Mətbuat konfransı belə söhbətlərin yeri deyil.

Mətbuat konfransının özünü yox, orada deyilənləri işıqlandırın. Vaxta qənaət edin. Siz tək deyilsiniz və orada onlarla jurnalist var. Eksklüziv sualları olmayanları müəyyən edin və verəcəyiniz sualları öz aranızda bölüşdürün ki, təkrara yol verilməsin. Dəfələrlə olub – sual ünvanlanıb, cavab verilib, aradan bir neçə dəqiqə keçdikdən sonra eyni sual başqa formada ünvanlanıb… və digər suallara vaxt qalmayıb. Sualların bölüşdürülməsində razılığa gəlinməsə belə oxşar sualın olmayacağına təminat yoxdur. Odur ki, mətbuat konfransına yollanan jurnalistin həm də müşahidə və dinləmək qabiliyyəti olmalıdır.

Mətbuat konfransından ilk gün yalnız xəbər hazırlamaq mümkündür və bu meyarlar əsas götürülməlidir: yeni və aktual!

Mətbuat konfransında jurnalistin davranış qaydalarına ölkədəki ictimai-siyasi vəziyyət, KİV-in maliyyə dayaqlarının olmaması, reklam çatışmazlığı, jurnalistika tədrisindəki problemlər və s. kontekstdən yanaşmaq olar. Öncəki yazılarımızda bunların hər birinə və digər məsələlərə ayrı-ayrılıqda toxunulub. Amma mətbuat konfransına hazırlıq bilavasitə redaksiya və jurnalist məsuliyyətindən asılıdır, yəni burada kənar müdaxilə axtarmaq doğru deyil. Redaksiya mötəbər tədbirlərə yalnız hazırlıqlı əməkdaşını göndərməlidir.

Novator.az