''Metropoliten hər sərnişinə görə 52 qəpik qazanır''

''Metropoliten hər sərnişinə görə 52 qəpik qazanır''

31-07-2018 18:53 / Bu xəbər 1087 dəfə oxundu

Qubad İbadoğlu: ''Bu il üçün ''Bakı Metropoliteni'' QSC-nin gözlənilən gəlirləri 150 milyon manatdan çoxdur''

""Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin illik büdcəsi 150 milyon manatı ötür. Bu il hər sərnişinə görə orta gəlir 52 qəpik (investisiya xərcləri çıxılmaqla) təşkil edir”.

Bunu iqtisad elmlər doktoru Qubad İbadoğlu deyir.

İyulun 31-də "Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov açıqlama verərək, bir sərnişinin daşınmasının 47 qəpiyə başa gəldiyini deyib. Lakin o, bunun tərkibinə nələrin daxil olduğu və qurumun gəliri barədə məlumat verməyib.

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) məlumatına görə, illik orta sərnişin dövriyyəsi 201 milyon 221 min 400 nəfərdir.

Qubad İbadoğlu deyir ki, aparılan hesablamalara görə, "Bakı Metropoliteni" QSC-nin sərnişin dövriyyəsindən əldə etdiyi orta gəlir hazırkı qiymətlə (20 qəpik) 40 milyon 244 min 280 manat, yeni qiymətlə (30 qəpik) 60 milyon 366 min 420 manat edir:

"Deməli, sərnişin dövriyyəsində dəyişiklik baş verməzsə, o halda "Bakı Metropoliteni" QSC-i yeni maliyyə ilində (avqust 2018-2019) əlavə olaraq 20 milyon 122 min 180 manat gəlir əldə edəcək. Bununla yanaşı, Maliyyə Nazirliyinin saytında yazılır ki, 2018-ci ilin dövlət büdcəsindən "Bakı metropoliteni" QSC-yə sərnişin daşınma xidmətinin tarifinin dövlət tərəfindən tənzimləndiyinə və bu fəaliyyətin sosial xarakter daşıdığına cəmiyyətdə yaranan zərərin ödənilməsinə, maliyyə sağlamlaşdırılmasına 45 milyon manat subsidiya, yeni vaqon və eskalatorların alınmasına dövlət əsaslı vəsait qoyuluşu xərclərində isə 44 milyon manat əlavə vəsait nəzərdə tutulub ki, bu da 2017-ci illə müqayisədə 22,5 milyon manat və ya 29,4 faiz çoxdur”.

İqtisadçının sözlərinə görə, "Bakı Metropoliteni" QSC həmçinin yol divarlarında, platformalarda, pilləkənlər/ eskalatorlar üzərində, eskalator / pilləkən divarları boyunca, vestibüllərdə, eskalatora / pilləkənlərə doğru yollarda, dəhlizlərdə, keçidlərdə, girişlərdə / çıxışlarda, vaqonlarda, onun oturacaqlarında, pəncərələrində reklam şitləri, video çarxları və monitorlarının kirayə verilməsindən və yerləşdirilməsindən hər il 10 milyonlarla vəsait qazanır:

"Əlavə olaraq keçidlərdə yerləşən apteklər üçün kirayə haqqından gəlir əldə edir. Beləliklə, bu il üçün "Bakı Metropoliteni" QSC-nin gözlənilən gəlirləri 150 milyon manatdan (bu ilin ilk 7 ayında sərnişin dövriyyəsindən orta hesabla 11 milyon 737 manat, qiymət bahalaşandan sonra bu ilin sonrakı 5 ayında sərnişin dövriyyəsindən 25 milyon 152 min manat, dövlət büdcəsindən ayrılan 45 milyon manat subsidiya və 44 milyon manat investisiya xərcləri, əlavə olaraq 10 milyonlarla manat reklam və xidmət gəlirləri) çoxdur. Bu isə o deməkdir ki, "Bakı Metropoliteni"-nin bu il hər sərnişinə görə orta gəlirləri 52 qəpiyə (investisiya xərcləri çıxılmaqla) çatır.

Amma hələ də heç kim bilmir ki, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin hər sərnişinə görə orta xərclərinin tərkibinə hansı məsrəf elementləri daxildir. 
Bununla əlaqədar "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin saytında axtarışlarım fayda vermədi. Çünki saytda maliyyə hesabatları yerləşdirilməyib”.

Avqustun 1-dən etibarən ictimai nəqliyyatda qiymətlər artırlacaq. Tarif (qiymət) Şurasının iyulun 30-da keçirilən iclasında bu qərar verilib.

Tarif Şurasının yaydığı məlumata görə, metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi 1 gediş üçün 30 qəpik, Bakı şəhərində, eləcə də digər şəhər və rayonlarda sərnişindaşıma xidməti tarifinin yuxarı həddi müntəzəm şəhərdaxili avtobus marşrutları üzrə 1 gediş üçün 30 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 1 gediş üçün 30-90 qəpik, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə 1 kilometr üçün 2,4 qəpik təsdiq edilib.

Yeni tariflər cari ilin 1 avqust tarixindən qüvvəyə minəcəkdir.