Məzahir Pənahov Jalə Bayramovanın döyülməsindən danışdı

Məzahir Pənahov Jalə Bayramovanın döyülməsindən danışdı

21-02-2020 16:03 / Bu xəbər 1765 dəfə oxundu

Məzahir Pənahov: Jalə Bayramova qabaqdangəlmişlik edir ki, guya onu döyüblər
 
Qubad İbadoğlu: "Döyənə yox, döyülənə qarşı iş açmaq siyasi sifariş göstəricisidir”

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov 9 fevral parlament seçkiləri günü məntəqədə döyülən Jalə Bayramovadan danışıb.

Məzahir Pənahov deyib ki, digər xanım müşahidəçiyə onu çəkməməsi barədə xəbərdarlıq edir. Ancaq Jalə Bayramova çəkməyə davam edir. Belə olan halda mübahisə düşür:

"Mübahisədən yaranan həmin görüntü belə yayılıb. Ancaq onlar bütün dünyaya yayıblar ki, həmin xanımı döyüblər, şikayət ediblər. Bu, bütün dünyaya dezinformasiya yaymaqdır. Çünki vətəndaşın hüququ var ki, onu kimsə çəkməsin. Çəkilən qadın hüquq-mühafizə orqanlarına müraciət edib. Həmin xanımı qanunla cəzalandıracaqlar. Ona görə də qarşı tərəf qabaqdangəlmişlik edir ki, guya onu döyüblər”.

Jalə Bayramovanın atası, Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu deyir ki, bu, Azərbaycan adlı ölkədə daha bir "ədalət" nümunəsidir:

"Döyənə yox, döyülənə cinayət işi açırlar. Əvvəla onu deyim ki, MSK sədrinin digər xanım adlandırdığı Azadə Kərimova həmin məntəqədə seçici deyil. Ümumiyyətlə, onun məntəqədə mövcudluğu faktı qanunsuzdur. İkincisi, Jaləni DSK sədri Mübariz Əmirov "bunu çək, onu çək” - deyə, çəkməyə dəvət edib. Çəkiliş isə küçədə yox, seçki məntəqəsində olub. Nəhayət, Jalə vəhşicəsinə döyülüb. Ona qarşı fiziki zor faktı göz qabağındadır. Hətta bu, videonu izləyənləri də hiddətləndirib”.

Qubad İbadoğlu
Mənbə: Foto: sosial şəbəkə

Qubad İbadoğlu deyir ki, döyənə qarşı işi bağlayıb, döyülənə qarşı cinayət işi açmaq siyasi sifariş göstəricisidir:

"Odur ki, bu iş qanunla deyil, şəxsi göstərişlə icra olunur”, – Qubad İbadoğlu qeyd edib.

Qubad İbadoğlunun qızı Jalə Bayramova fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərində 76 saylı Lənkəran-Astara seçki dairəsinin Lənkəran rayonu Şürük kənd mədəniyyət evində yerləşən 16 saylı məntəqəsində məşvərətçi, səshüquqlu şəxs olub. Həmin gün məntəqədə gördüyü qanun pozuntularını lentə alan Jalə Bayramova Azadə Kərimova adlı bir nəfərin hücumuna məruz qalıb. Məntəqədən zor tətbiq edilməklə uzaqlaşdırılıb.

Hadisənin video-görüntüsü də var. Azadə Kərimova Jalə Bayramovaya yaxınlaşıb soruşur: "Sən nə haqla məni çəkirsən?” Sonra telefonunu almağa çalışır. Telefonu verməyən Jalə Bayramovanı yerə yıxıb, sürüyür.

Jalə Bayramova açıqlamasında deyir ki, qadın onun saçından tutub sürüyüb, üzünü cırmaqlayıb. Əlindən güclə qurtulub.

Bir gün sonra Jalə Bayramova həkim müayinəsindən keçib. Boğulmadan onun bədənində bəzi xəsarətlər qalıb. Başında şişlər əmələ gəlib, ağrıları isə bu günədək davam edir.///meydan.tv