Məzahir Pənahov müxalifətin mitinqindən danışdı

Məzahir Pənahov müxalifətin mitinqindən danışdı

07-03-2018 15:02 / Bu xəbər 2795 dəfə oxundu

''İnanmıram hansısa partiya məqsədli şəkildə təşviqatla bağlı Seçki Məcəlləsinin tələbini pozsun''

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Milli Şuranın martın 10-a təyin etdiyi mitinqinə münasibətini açıqlayıb.

Komissiya sədri deyib ki, təşviqatla bağlı kütləvi aksiyalar, təşviqat prosesi martın 19-dan tez başlamamalıdır:

"Ancaq siyasi partiyaların digər sahələrdəki hərəkətləri digər qanunvericiliklərlə tənzimlənir. Əlbəttə, kimsə küçələrə çıxıb seçki ilə bağlı təşviqat aparırsa, seçki ilə bağlı hansısa namizədə münasibət bildirirsə, bu, artıq Seçki Məcəlləsinin tələblərinin pozulmasıdır. Seçki ilə bağlı hərəkətlər də MSK-nın səlahiyyətində olan məsələlərdir. Digər məsələlər barədə isə MSK fikir bildirmir, ümumiyyətlə, fikir bildirmək səlahiyyətimiz də yoxdur".

MSK sədri hesab edir ki, siyasi partiyalar kifayət qədər təcrübəli partiyalardır və o, inanmır ki, hansısa partiya məqsədli şəkildə təşviqatla bağlı Seçki Məcəlləsinin tələbini pozsun.

Bir gün öncə, martın 6-da BAXCP sədri, deputat Qüdrət Həsənquliyev də Milli Məclisin iclasında oxşar fikirləri səsləndirərək bildirib ki, Milli Şuranın martın 10-da keçirmək istədiyi mitinq Seçki Məcəlləsinə ziddir.  

"Onlar martın 10-da mitinq keçirmək istəyirlər və mətbuatda yayılan informasiyalara görə, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən də bu aksiya sanksiyalaşdırılıb. Qanunların aliliyini istəyən qrupun özü belə təşəbbüsdə olmamalıdır”.

Milli Şura sədri Cəmil Həsənli "Toplum tv”-yə xatırladıb ki, onlar 2017-ci ilin payızında da mitinqlər keçirib:

"10 mart mitinqinin yalnız bir epizodu seçki ilə bağlıdı, qalan epizodları siyasi məhbuslar və digər məsələlərə aiddi. Biz kiminsə namizədliyini təbliğ etmirik". 
Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı isə bildirib ki, keçiriləcək mitinqdə təbliğat aparılmayacaq:

"Təyin olunan mitinq Konstitusiyanın 49-cu maddəsinə və "Sərbəst toplaşma azadlığı haqqında” qanuna uyğun olaraq ölkədə baş verən proseslərə qiymət verməsi üçün təyin olunan mitinq idi. Bu mitinqin seçki təbliğatı ilə heç bir əlaqəsi yoxdur".