Məzənnə məzəsi

Məzənnə məzəsi

11-02-2017 23:34 / Bu xəbər 1793 dəfə oxundu

Mustafa Hacıbəyli

İlboyu qalxan dollar 3 gün ərzində əvvəlki məzənnəsinə qayıtdı – 1,58 manat oldu.

Deməli, manatın indiyə qədər dəyərdən düşməsinin səbəbi heç bir iqtisadi amilə – neftin ucuzlaşmasına, hasilatın azalmasına, böhrana bağlı deyilmiş. Deməli, dünya birjalarında xarici valyutaların sabit qalıb-qalmamasının da bizə heç bir dəxli yox imiş. 

Deməli, hakimiyyət istədiyi vaxt manatı dəyərə mindirə, istədiyi vaxt endirə bilirmiş.

Əlbəttə! Axı, manatın real bazarla təmasa girdiyi yeganə dayanacaq – onların tam nəzarətində olmayan valyutadəyişmə məntəqələri və "qara bazar” inzibati üsulla ləğv edilib? Axı, indi sadəcə exchange rolunu oynayan və hələ qapadılmayan banklar özlərinindi, məzənnəni istədikləri kimi dəyişirlər?

Deməli, Azərbaycanda bank sisteminin ümumiyyətlə mövcud olmadığı, bank adlı qurumların sadəcə bir kassa olduğu barədə iddialar doğru imiş.

Deməli, üzən məzənnə, tam üzən məzənnə, orta çəkili məzənnə haqda fərmanlar sadəcə məzə imiş. Deməli, dolların 3-4 manata qədər bahalaşacağı barədə rəy verən ekspertlər də, ya qəsdən, ya da bilməyərəkdən bu oyunun iştirakçıları olublar.

Hakimiyyətin dolları çoxdur. Deməli, əvvəl bahalaşdırıb xeyir tutdular, indi də ucuzlaşdırıb xeyir tuturlar. Hər iki halda zərbə sadə vətəndaşlara dəydi.

Son aylar ərzində görünməmiş bahalaşma baş verib. İlk növbədə Tarif Şurası adından işığın və qazın qiymətini bahalaşdırdılar. Bu bahalaşmanı əhali ona görə həzm etmişdi ki, manatın dəyərdən düşməsi fonunda qeyri-populyar qərarlar labüd görünürdü. Deməli, manatı dəyərdən salmaqda məqsəd elə bu qərarları həzm etdirmək idi.

Təkcə işığın, qazın, suyun, dərmanların yox, bütün məhsulların, bütün növ xidmətlərin qiyməti artıb. O cümlədən ailə şirkəti olan "Azərsun”un və digər müəssisələrin məhsullarının qiyməti artıb. 

İndi manatın məzənnəsini əvvəlki səviyyəsinə qaytardılar, amma nə qazın, nə işığın, nə də bunların satdığı mal və xidmətlərin qiyməti endirildi. Deməli, məqsəd elə bu idi. Öz gəlirlərini artırmaq, qaz vurub, qazan doldurmaq.

Manatı dəyərdən salmaqla insanların maaşlarını, pensiyalarını yarıbayarı əritdilər. Özləri isə indən belə artan qiymətlərin dadını çıxaracaqlar. Əhali susmaqda davam eləsə, yenə dollar yığacaqlar, sonra manatı bir də ucuzlaşdırıb, bir də xeyir tutacaqlar. 

Nə qədər susacağıq?