Müharibənin “gözəgörünməz” qurbanları

Müharibənin “gözəgörünməz” qurbanları

11-08-2017 09:42 / Bu xəbər 2185 dəfə oxundu

Seymur Kazımov, Ağdam və Tərtər

Azərbaycanın cəbhəyanı kəndlərində uşaqlar hansı xəstəliklərdən əziyyət çəkir

Müharibələr zamanı psixoloji cəhətdən əziyyət çəkən ən həssas qrup uşaqlardır. Artilleriyanın, güllənin səsindən narahat olan uşaqlar, sonradan adi bir səsdən qorxur və gərginlik keçirirlər. Bəzi uşaqlar güllənin fiziki təsirinə məruz qalaraq həyatlarını itirir, bəziləri isə dünyaya göz açmamış, ana bətnində xəstəliklərə tutulur.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tərəflərin sülh danışıqları ilə müşayiət olunsa da, qoşunların təmas xəttində gərginlik ara-sıra davam edir, hər iki tərəf istər hərbçi, istərsə də mülki vətəndaşlarını itirir.

Ağdamın uşaqları

Nicat Qurbanov və atası Elgiz. Elgiz ötən il mərminin düşdüyü anı anladır.

"Məlum hadisəyə qədər Nicat sazda daha yaxşı ifa edirdi, indi isə yaddaşı pozulduğuna görə bəzi musiqiləri xatırlamır", - Nicatın anası deyir.

Nicat Qurbanovun 12 yaşı var. Valideynləri Ağdam rayonunun Əliağalı kəndindən məcburi köçkün düşüb, indi isə məcburi köçkünlər üçün salınmış Bənövşələr qəsəbəsində məskunlaşıblar. Həmin qəsəbə ilə Ermənistan Silahlı Birləşmələri arasındakı məsafə hava yolu ilə 1.5 kilometrdir.

Ötən ilin aprelin 4-də Ermənistan Silahlı Birləşmələrinin atdığı mərmi Qurbanovların da yaşadığı qəsəbəyə düşür. Nicatın Atası Elgiz Qurbanov bildirir ki, mərminin səsindən Nicat əsməyə başladı, rəngi qaçdı və xeyli qusdu.

Məlum hadisədən sonra Nicatın mütəmadi qıcolması baş verir, ağzı-üzü əyilir, nitq qüsuru yaranıb, yaddaş pozğunluğu var.

Nicatın anası Gültəkin xanımın sözlərinə görə, oğlunu Ağdam və Bərdədə müayinə edən 5 həkim ona epilepsiya diaqnozu qoyub və təyinatla Bakı Uşaq Nevroloji Xəstəxanasına göndərsələr də, uşağı orada qəbul etməyiblər.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bizə məlumat verildi ki, Nicat Qurbanov həmin vaxt xəstəxanada boş yer olmadığından qəbul olunmayıb: "Qurbanovun valideynləri bir neçə gün öncədən rəhbərliyə məlumat verdikdən sonra Bakıya gəlsələr, o zaman pasiyent palataya yerləşdirilə bilər".

***

Ağdamın Çıraqlı kəndi cəbhə boyunca yerləşən yaşayış məntəqələri arasında Ermənistan Silahlı Birləşmələrinin döyüş mövqelərinə ən yaxın ərazidir. Kənddə ünsiyyətdə olduğumuz hər kəs, "Çıraqlıda müharibədən, güllə səsindən əsəb gərginliyi keçirməyən uşaq yoxdur", - deyir.

Elzamin Məmmədovun 7 övladı. Bu usaqların hamısı müharibə illərində doğulublar...

Elzamin Məmmədovun 7 övladı var. Böyüyü 14 yaşında, kiçiyi isə 9 aylıqdır. Həkimlərin iddiasına görə uşaqların anası hamiləlik dövründə müharibədən stress keçirdiyinə görə indi 12 yaşı olan qızları nitq qüsurlu doğulub. Bugünədək orta məktəbə də getməyib. Atası deyir ki, qızının müalicəsini davamlı həyata keçirməyə maddi imkanı yetərli deyil. 

Ana İlhamə xanım isə digər uşaqlarına görə narahat olduğunu deyir: "Apreldəki atışmada çox qorxdular, əsasən də balacalar. Qışqırıqları, çığırtıları hələ də qulaqlarımdadır".

***

Leyla, Rəvan və Suğra Cəfərovlar. Onlar ötən ilin aprelindən öz evlərində gecələmir.

Cəfərovlar beş qardaşdır. Hərəsinin də 3-4 övladı var. Qardaşlardan biri Nəbi kənddən köçməyə məcbur olub. O, hazırda Əhmədağalı kəndindəki ambulator mərkəzin uçuq-sökük binasında məskunlaşıb. Ərazilərin Bərpası Agentliyi 2014-cü ildə onun Çıraqlıdakı evini bərpa etsə də, ötən ilin aprelindən orada yaşamır. O, qızının tam sağalması üçün yeganə çıxış yolu kimi yaşayış yerini dəyişməkdə görür.

Nəbinin 14 yaşlı qızı Sevinc ötən ilin aprelindən sonra epilepsiydan müalicə alır. Ona bu diaqnozu Bakıda həkimlər qoyub. Atası deyir ki, qızının qıcolmaları, ürəkgetmələri hələ də davam edir. Nəbinin qardaşı oğlu 8 yaşlı Rəvanın qorxudan ağzı əyilmiş, gözlərini qırpmağa başlamışdı. Müalicə olunsa da, sonuncu fəsad hələ də davam edir.

Nəbidən fərqli olaraq, onun qardaşları kənddəki evlərini tərk etməsələr də, uşaqları həmin evlərdə gecələmir.

Ağdamda uşaq və gənclər arasında ən çox yayılmış xəstəliklər

Ağdamın digər cəbhə kəndləri; Çəmənli, Orta Qərvənd, Ayaq Qərvənd, Mirəşelli, Qaradağlı, Haciməmmədli kənd sakinləri ilə görüşümüzdə də Qurbanov, Məmmədov və Cəfərovların problemlərinə oxşar bir çox əhvalat eşitdik.

Ağdam Uşaq Poliklinikasından verilən məlumata görə, rayonda 80 nəfər göz xəstəliyi (1-18 yaş),300 nəfər sinir sistemi xəstəlikləri (1-18 yaş), 50 nəfər anadangəlmə ürək qüsuru (1-18 yaş), 20 nəfər şəkərli diabet xəstəliyi (1-13 yaş) olan uşaqlar var.

Həkimlərin apardıqları müayinələr zamanı məlum olub ki, bu xəstəliklər irsi yolla deyil, cəbhədə yaşanan gərginliklər zamanı, əsasən hazırda Ağdamın ərazilərində yaşayan və məskunlaşan uşaqların keçirdiyi qorxudan sonra yaranıb.

Tərtərin uşaqları


Sənan Vəlizadə, 14 yaş

Laçın rayonundan məcburi köçkün olan, Tərtər rayonu Seyidimli kəndində məskunlaşan 14 yaşlı Sənan Vəlizadənin yanına ötən ilin aprelində minaatan düşür və o, sol qolunun yuxarı hissəsindən yaralanır. Qəlpə siniri zədələdiyindən Sənanın sol əlində qicolmalar başlayır. Nənəsi Rahilə Niftəliyeva deyir ki, nəvəsi ildə 2-3 dəfə Bakıya müalicəyə aparılır. Nənə əlavə edir ki, uşağın qolu sağalsa da, hələ də tam işlək vəziyyətdə deyil.


Zəhra, 5 yaş. Güllə onu həm fiziki, həm də mənəvi olaraq sarsıdıb.

Zəhra Qapanlı kəndində yaşayır. Yaşadığı ev və kənd istinad divarı ilə əhatə olunsa da, qız iki il bundan öncə toy mərasimində güllə yarası alıb. Nənəsi Müşginaz Tanrıverdiyeva hadisəni belə xatırlayır: "Bir güllə həm bacıma, həm nəvəmə, həm də mənə dəydi. Bacımın qolundan deşdi, Zəhranın boynunun şax damarını sıyırdı, mənim böyrümdən girdi. İndi 5 yaşı var, atışma səsi eşidən kimi, "nənə qaçaq atırlar, bizi öldürəcəklər" deyərək ağlayır".

Tərtərdə uşaq və gənclər arasında ən çox yayılmış xəstəliklər

Tərtərdə orta məktəblərdə təhsil alan şagirdlərin 20 faizə qədəri cəbhəyanı kəndlərin payına düşür. Bu rayonda yaşayan uşaqlarda əsasən nitq inkişafının ləngiməsi, böyrək çatışmazlığı, epilepsiya müşahidə olunur.

Tərtərin cəbhəyanı yaşayış məntəqələri Qazyan, Şıxarx, Həsənqaya, Çaylı, Borsunlu, Cəmilli kəndlərində yaşayan uşaqlarda da anoloji xəstəliklər özünü göstərir.

Son illər Tərtər Mərkəzi Xəstəxanasına süd vəzi xərçəngi xəstəliyi ilə müraciət edən gənc qadınların sayır artıb.Tərtər Mərkəzi Xəstəxanasının Poliklinka şöbəsinin psixiatoru Rima Axundova deyir ki, bu qadınlar arasında əsasən ötən ilin aprelində atəşə məruz qalmış cəbhəyanı kəndlərin sakinləri üstünlük təşkil edir.

Rima Axundova süd vəzi xərçənginin əsasən genetik xəstəlik olduğunu desə də, stress və qorxu şəraitində bu xəstəliyin alovlanmasının mümkünlüyünü isə belə izah edir: "Bir qrup var ki, onlarda bu xəstəliyə meyillilik olur, lakin əksər hallarda ömürlərinin sonunadək bu xəstəliklə üzləşmirlər. Bəzən ağır stress və qorxu keçirdikdən sonra meylliklə müşayiət olunan süd vəzi xərçəngi aktivləşir və qadın bu xəstəliyə tutulur. Tərtərin cəbhəyanı kəndlərində yaşayan və bu xəstəlikdən əziyyət çəkən qadınların aralarında elələri var ki, onların nəsillərində kimsə bu xəstəliyə tutulmayıb".

Tərtərdə uşaqlar arasında onkoloji, şəkər, həyəcan-təşviş pozuntusu ötən ilin aprelindən sonra geniş yayılıb.

"Bu uşaqların hamısı münaqişə zonasına yaxın olan kəndlərin sakinləridir", - psixiator Rima Axundova əlavə edir.

Qarabağ zonasında psixiatr, psixoloq, sosial işçi çatışmazlığı

Azərbaycan Səhiyyə Nazirliyinin Psixi-Sağlamlıq Mərkəzinin direktoru Fuad İsmayılov bildirir ki, səhiyyə nazirinin əmri ilə Azərbaycanın 7 regionunda - Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Lənkəran və Şəkidə uşaq poliklinikaları nəzdində psixiatr, psixoloq, sosial işçi və loqopedlərdən ibarət psixi sağlamlıq mərkəzləri yaradılıb.

Mərkəzin sədri Qarabağ zonasında analoji mərkəzin yaradılmamasını kadr çatışmazlığı ilə izah edir: "Hazırda ölkədə 32 uşaq psixiatoru var ki, onların da 26-sı Bakı şəhərində fəaliyyət göstərir. Ağdam və Tərtərdə isə mütəxəssis çatışmazlığı var, çünki oralara getmək istəyən yoxdur".

Bu rayonlardan olan valideynlər deyir ki, uşaqlar həm də psixoloq və sosial işçilərlə də ünsiyyətdə olmur.

Uşaqlara necə kömək etməli?

"Mən niyə başqaları kimi ola bilməmişəm, mən niyə həmişə qorxmuşam?"

Sosial işçi Xumar Kərimli deyir ki, müharibənin özündən çox həmin uşaqları gələcək həyatlarında bu suallar düşündürəcək.

"Orada doğulmaları, o şəraitdə yaşamaları, məhz bu dövrə təsadüf etmələri onların şüuraltına oturuşub. Onlar həmişə özlərini başqaları ilə müqayisə edəcəklər".

Xumar xanıma görə, uşaqlara yardım üçün ilk növbədə bu istiqamətdə layihələr icra olunmalıdır. Növbəti variant kimi nüfuzlu şəxslərin bu uşaqları mütəmadi ziyarət etmələri, onlara mənəvi dəstəklə yanaşı maddi dəstəyin də göstərilməsi zəruridir.

"Bu, əsasən həmin uşaqların öz həmyaşları ilə fərqli olmadığının göstəricisidir, yəni başqa uşaqlarda olan oyuncağın bunlarda da olması, başqalarına göstərilən diqqətin bu uşaqlara da göstərilməsi prioritet olmalıdır".

"İn Kids Azerbaijan" Psixoloji İnkişaf Mərkəzinin təsisçisi və icraçı direktoru Nurlana İsmayılova hesab edir ki, bu uşaqlar daim psixoloji nəzarət altında olmalıdır və mütəmadi olaraq psixoloji xidmət almalıdırlar. Çünki vaxtında müalicə almadıqda müharibə və onunla bağlı olan bütün xoşagəlməz hallar yaddaşlarına həkk olunur.

İsmayılova deyir ki, bu təbəqədən olan insanlarla, xüsusilə uşaqlarla iş üzrə ixtisaslaşmış və təcrübəli psixoteropevtlər, psixoloqlar işləməlidir.

"Bu uşaqlar elə bir həssas qrupu təmsil edir ki, onlarla təsadüfi və yaxud bu sahənin mütəxəssisi olmayan şəxslərin işləməsi, düzgün aparılmayan və ya səthi yanaşılan psixoloji müdaxilə mövcud travmanı daha da gərginləşdirə bilər," uşaq psixoloqu Nurlana İsmayılova vurğulayır.

Bu məqalə "International Alert" təşkilatının Dağlıq Qarabağ münaqişəsi üzrə fəaliyyətinin bir hissəsi olan "Eşidilməyən səslər " layihəsi çərçivəsində yazılıb. Layihə Avropa İttifaqının dəstəyi sayəsində Avropa tərəfdaşlığı çərçivəsində Dağlıq Qarabağ ətrafında münaqişənin sülh yolu ilə nizamlanması (EPNK) məqsədilə həyata keçirilir.

Materiallar jurnalistin məsuliyyətidir və "International Alert" təşkilatı və donorlarının nöqteyi-nəzərini əks etdirməyə bilər.