MİDA-nın mənzil satışı etiraza səbəb oldu

MİDA-nın mənzil satışı etiraza səbəb oldu

07-05-2018 20:39 / Bu xəbər 3468 dəfə oxundu

Prezident yanında Mənzil İnşaatı üzrə Dövlət Agentliyi (MİDA) aprelin 7-də 260 sosial mənzili bu gün satışa çıxarılıb. 

Lakin qurumun saytında problem yaranıb. 

Ev növbəsində olan 8 min istifadəçi isə satışda iştirak edə bilməyib.

MİDA texniki problemi "Elektron hökumət"də görür. Ekspertlər və vətəndaşlar iddia ediblər ki, qurum mənzilləri öncədən razılaşdırılmış şəxslərə paylayıb. 

Bu məsələ sosial şəbəkələrdə də gündəm mövzusuna çevrilib.

Araşdırmaçı jurnalist Xədicə İsmayılın bu məsələ ilə bağlı sosial şəbəkədə paylaşdığı statusda bildirilir:  "Sosial evlər deyirdiniz? Elektron hökumət deyirdiniz? Bu da bu...

Bir feysbuk istifadəçisinin rəyidir. Paylaşım mümkün olmadığı üçün müəllifin adını yazmıram: "Yəqin ki, çoxunuzun hökumətin bir neçə ildir bəh-bəhlə danışdığı sosial evlər layihəsindən xəbəri var idi. Bu gün səhər saat 10-da həmin sosial evlərdən 260 mənzilin elektron hökumət portalında satışı həyata keçirilməli idi. Satışı da Prezident yanında Mənzil İnşaatı üzrə Dövlət Agentliyi (MİDA) həyata keçirirdi. Satış əslində keçən ilin sonuna planlaşdırılsa da MİDA-dan verilən məlumata görə elekron hökumət portalında satış bölməsində aparılan texniki təkmilləşdirmə ilə bağlı bir neçə ay gecikdi və gəldi çatdı 7 maya. Həm də əvvəlcədən demişdilər ki, satış vaxtı heç bir sistem çökməsinin və digər problemlərin olmaması üçün güclü iş (!) aparırlar. İlkin mərhələdə 260 mənzil üçün 8000 (səkkiz min) nəfər qeydiyyatdan keçmişdi. Ərizə verənlərin əksəriyyəti də saat 10-a işləmiş, 10-un yarısından elektron hökumət portalına daxil olub satışı gözləyirdi. 

Qeyd edim ki, elektron hökumət portalına MİDA-nın bu xidməti üçün daxil olmaq ASAN İmza və elektron imza ilə mümkündür və bunların hər biri ödənişli xidmətdir (ASAN imza ilə sayta daxil olduqda telefon nömrənizin balansından 3 qəpik pul çıxır). Saat 10 olan kimi hamı səhifəsini yenilədi ki, satış elanını görə bilsin. Bu dəmdə nə oldu? Bəli hamınızın bildiyi kimi sistem çökdü və əksər insanlar saytda daxil ola bilmədi. Neçə dəfə cəhd etdim şəxsən özüm. Hər dəfəsində 3 qəpik çıxdı. Düz 7 dəfə bu təkrarlandı. Eyni Problemi yaşayanların sayını bilmək istəyirsinizsə Mənzil İnşaatı Dövlət Agentliyi səhifəsinə yazılanlara baxa bilərsiniz. MİDA-nın cavabı isə bu oldu: " Yaranmış problem Elektron Hökumət Portalının fəaliyyəti ilə bağlıdır. Zəhmət olmasa səhifəni tez-tez yeniləyin və yenidən cəhd edin". 

Adama deyərlər əgər bu problem olacaqdısa, niyə 3-4 aydır ki, car çəkirsiniz? Sistemdə təkmilləşdirmə işləri aparılır ki, satış vaxtı problem yaranmasın... "Facebook" kimi sosial şəbəkəyə eyni anda on milyonlarla adam girir, heç bir server çökməsi olmur. Siz necə oldu ki, 8000 adamın eyni anda sayta daxil olmasını təmin edə bilmədiniz bu neçə ay ərzində?

Saat 11:00-da artıq hamı elektron portala girə bildi. Amma hamı bir şeyin şahidi oldu. Mənzillər artıq seçilib. Satışda heç bir mənzil qalmayıb! Bu isə artıq bilirsiniz də nə deməkdir? Ədalətsiz və qeyri-şəffaf seçim. Bu qədər insanın neçə aydır ki, davam edən ümidləri bir anda suya düşdü. Necə olur ki, çoxunun girə bilımədiyi sistemdə mənzillər artıq tam seçilib? Hamının ağlına bu vaxt bir şey gəlir: "Mənzillər əvvəldən təyin olunmuş şəxslərə satılıb". Bunu təmin etmək də elektron və ASAN imza ilə daxil olunan bir sistemdə su içmək kimi bir şeydir. Yəni əvvəlcədən müəyyənləşdirdikləri istifadəçilərdən başqa yerdə qalanlara sayta girişə blok qoya bilərlər. Aylardır, TV-lərə çıxıb şəffaf seçimdən dəm vururdular. Bu da nəticəsi”. 

İqtisadçı Nazim Bəydəmirli də məsələyə şərh verib.

O hesab edir ki, sözügedən qurumlar biznes obyekti kimi fəaliyyət göstərirlər: "Mən sübut etmişəm ki, həm ASAN, həm də MİDA - hər ikisi sadəcə, bir biznes layihəsidir, büdcə vəsaiti hesabına qurulmuş, əhalinin məcburi vəsaiti hesabına böyüdülən biznes obyektidir”.

Hüquqşünas Xalid Ağəliyev sözügedən 260 sosial evdən birinə sahib olmaq istəyənlərin sistemdən kənarda qaldığını vurğulayıb.

O, müraciət edən vətəndaşlardan birinin münasibətini sosial şəbəkədə paylaşıb: 

"Nə qədər çalışdırsan ki, bir pozitiv tapasan, eynin açıla, olmur ki, qoymurlar ki... Bu da güzəştli-elektron-sosial mənzil oyunu. 
Güzəştli mənzil oyunu: 
Qeydiyyat üçün istifadə etdiyim İSP ve sürətləri:
1.KTV -30MB internet
2.Azercell 4G - 40MB
3.Bakcell 4G - 30MB
Saat 09:00 Sistemə giriş uğurlu
Saat 10:00 Sistem Disconnected
Növbəti sistemə giriş: 11:00
Bütün mənzillər satılıb!!!
Budur millətə qayğı?
Sistem arxası mümkün
Maxinasiyalar:
1. Discard All İP Addresses and Exclude(Əmioglu, Dayıoğlu, DayDay ve s)
2. Shape bandwith to site and exclude Internal Network 
3. You Are hacked
Tak cto, biz kor deyilik!!!
Hə, bu arada Asan imzaya üçün hər giriş cəhdi 0.3 qəp mən azı 50 cəhd eləmişəm. Haram xoşun olsun. MİDA-nın telefonları nə üçünsə məşğuldur. Əlbət o da yüklənib”. 

Mənzil İnşaatı üzrə Dövlət Agentliyinin rəhbərliyindən isə açıqlama almaq mümkün olmayıb.

Ofelya Ramilqızı
Toplum.Tv