Mikayıl Cabbarov niyə getdi?

Mikayıl  Cabbarov niyə getdi?

06-12-2017 12:56 / Bu xəbər 4591 dəfə oxundu

Nabatəli Qulamoğlu

M. Cabbarov  Prezidentin  19 aprel 2013- cü il Sərəncamı ilə təhsil naziri təyin edilmişdi. Artıq yeni Sərəncamla o, vergilər naziridir.  

Baxanda, elə də az vaxt deyil, beş ilə yaxındır. Çoxları M. Cabbarovun təhsil naziri təyin olunması ilə hər şeyin düzələcəyinə xalqı inandırmaq istəyirdilər (özləri inanmasalar da).  Biz təhsilin inkişafına sistem müstəvisindən baxdığımız üçün həmişə vurğulayırdıq: M. Cabbarov olsa-olsa "Aldanmış kəvakib” əsərindəki Yusif Sərrac rolunu oynaya bilər. O isə bir az fərqli davrandı, kəsişməyən nöqtələri birləşdirməyi bacardı. Buna görə də xeyli müddət nazir postunda qərar tuta bildi. 

Mikayıl müəllim yeri gələndə prinsipial mövqe nümayiş etdirirdi, vəziyyətin ağır olduğunu görəndə isə özünümüdafiə üçün susurdu, çünki o, susmayan sələfinin (M. Mərdanovun ) aqibətini görmüşdü. 

M. Mərdanov cəsarətlə deyirdi ki, məktəblərdə korrupsiyanı təşkil edən icra başçılarıdır. 

Bəs M. Cabbarov necə davrandı? Məgər icra başçıları M Cabbarova imkan verirdilər ki, işləsin?

Onun təhsilimizə gətirdiyi pozitiv yenilikləri sadalamaq fikrim yoxdur. Təbii, fərqli mövqe sərgiləyənlər də tapılar. Ən başlıcası, Mikayıl müəllim təhsildə korrupsiyanın qarşısını almaq üçün mexanizmlər yaratdı və bu çox vaxt effekt verdi. Bir sıra cəhdləri isə sonda siyasi dalana dirənib bizi məyus etdi.

Keçən il məktəb direktorluğu vəzifələrini  tutmaq üçün imtahan keçirildi. M. Cabbarov elə sanırdı ki, bu da müəllimlərin mərkəzləşmiş qaydada işə qəbul prosesi  kimi effekt verəcək. Məktəb direktorlarının siyasi fiqur olduğunu nəzərə almadı. İmtahanlar keçirildi və bir çoxları ümid etdi ki, məktəblər tədricən korrupsioner direktorlardan təmizlənəcək. 

İcra başçıları dərhal işə qoşuldular. Min bir cəhdlə öz əlaltılarına açıq-aşkar dəstək verdilər. Yüksək bal toplayan heç bir namizədə şans verilmədi.  Bu barədə o vaxt ayrıca məqalə ilə çıxış etdiyim üçün bircə faktı qeyd etməklə kifayətlənirəm: Lənkəran rayonunun Separadi kənd orta məktəbində vokant yeri tutmaq üçün 54 bal toplamış namizəd kənarda qaldı, cəmi 8 bal toplamış  köhnə direktor öz vəzifəsində saxlanıldı. Nəticələrin niyə yubandığını nazirlikdən soruşanda isə dedilər ki, son qərar məktubla təhsil şöbələrinə göndərilib. 

Məhz belə ağır vəziyyətlərdə M. Cabbarov dözüm nümayiş etdirdi, qiyama qalxmadı, axı onun nüfuz dairəsinə ciddi zərər dəymişdi, hamı naziri ittiham edirdi- gücün çatmırdı, imtahan oyunu nə üçündür. Amma nazir susdu,  çünki icra başçılarınn arxasında dayananların gücünə bələd idi. Yalnız sonda  Prezidentin də iştirak etdiyi Nazirlər Kabinetinin iclasında belə bir fikir söylədi: "Biz məktəblərə yeni direktorları icra başçılarının rəyini nəzərə almaqla təyin etmişik”. 

Məncə, bu, hesabatdan çox icra strukturlarından Prezidentə şikayət idi. 

İş bununla bitmədi. Qələbə icra başçılarını ruhlandırdı.  Bu ilin aprel ayında direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin keçirilməsi barədə nazir yeni əmr imzaladı və həmin əmrin 6- cı maddəsi ilə 11.03.2016- cı il 143 nömrəli əmrin qüvvədən düşdüyünü təsdiqlədi.  

Bir il ərzində diektorların işə qəbulu üzrə əmr niyə dəyişdi? Məsələnin mahiyyəti yenə də icra başçılarının təhsili öz nəzarət dairələrinə alması ilə bağlıdır. Belə ki, yeni əmrdə direktorluğa namizəd olmaq istəyən şəxs mütləq təhsil şöbəsinin razılığını almalı idi. Təhsil şöbəsi isə icra başçılarından asılı olduğu üçün istənilən məktəbə direktor təyinatı nı bilavasitə icra başçısının göstərişi ilə həyata keçməyə başladı. 

"Təhsilin idarə olunmasında başlıca problemlərdən biri təhsildə tənzimləmə, idarəetmə və nəzarət funksiyalarının dəqiq müəyyən edilməməsidir”.

"Təhsil müəssisələrinin idarəetmədə rolu məhduddur. Özünüidarəetmə prinsipi əsasında fəaliyyət göstərən təhsil müəssisələri istisna olmaqla, dövlət təhsil müəssisələri maliyyə müstəqilliyinə malik deyildir”.

Yuxarıda verilmiş iqtibaslar "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” adlanan sənəddən götürülmüşdür.  Təəccüblü deyil ki, dövlət başçısının verdiyi sərəncamların yerinə yetirilməsinə belə ciddi maneələr vardır. 

Məsələ bunula bitmir. 20 aprel 2011- ci ildə " Dövlət büdcəsindən maliyyələşdirilən təhsil və səhiyyə müəssisələrində işin dövlət qulluğunun xüsusi növünə aid edilməsinə dair Konsepsiya layihəsinin hazırlanması barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı”  imzalandı. 

Üstündən 6 il keçməsinə baxmayaraq, bu Sərəncama əhəmiyyət verən yoxdur. Regional təhsil idarələrinin yaradılması barədə qərarın uzun müddət təxirə salınması da həmin qəbildəndir. Hətta iş o yerə çatıb ki,  Cəlilabad rayonunun Alar kəndində ciddi nöqsanlarına görə vəzifəsindən azad edilmiş direktor hələ də fəaliyyətini dayandırmayıb, çünki onu icra başçısı müdafiə edir. Məktəbə  bir neçə ay iki direktor rəhbərlik edib. ir sözlə, təhsilə yeniliklər gətirmək istəyən M. Cabbarovla "köhnə qvardiya” arasında gizli və güclü bir savaş gedirdi.  Biz daim Təhsil Nazirliyinin fəaliyyətini izləyən bir şəxs kimi neqativlərə daha çox diqqət yetirmişik. Hesab edirəm ki, həmin neqativ halların çoxu nazirlikdən asılı deyildi. 

Beləliklə, M. Cabbarovun  yeni posta təyinatı onu qorumaq cəhdidir. Bəzən elə hallar olur ki, insanın sağ qalması üçün onu həbsxanaya göndərirlər. Hər halda, Vergilər Nazirliyi həbsxana deyil, əksinə, ölkənin taleyüklü məsələlərinin həllində başlıca rol oynayan təşkilatdır...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir. Arqument.az-la müəllifin mövqeyi üst-üstə düşməyə bilər.