Milli Arxiv fondu haqqında Qanuna edilən dəyişiklik Konstitusiyaya ziddir

Milli Arxiv fondu haqqında Qanuna edilən dəyişiklik Konstitusiyaya ziddir

16-03-2019 02:27 / Bu xəbər 1719 dəfə oxundu

Ələsgər Məmmədli, hüquqşünas, media eksperti

Mənbə: Turan.İA 

Etiraf edim ki, hüququ bilmək çox vaxt əlavə problem yaradır. Bəzən təsadüfən hər hansı bir qanun və ya fərman qarşına çıxır, dərhal özündən aslı olmayaraq hüquq mühakimənlə həmin aktı süzgəcdən keçirirsən. Çünki məsləyinlə yaşamın əslində eyniləşir, xarakterinə çevrilir. Gündəlik qayğılarından, işindən ayıraraq, başalayırsan "filtirə" taxılan məsələni düşümnəyə, hətta araşdırmağa... Düşündükcə stress, əsəb artır. Çünki çoxlu ziddiyyət, hüquqdan kənar yanaşma, qeyri-legitim tənzimləmələrlə qarşılaşırsan. Bu tez-tez baş verir.

Dünən xəbər lentlərində bir xəbər diqqətimi çəkdi. Azərbaycan Respublikası Prezidenti "Milli arxiv fondu haqqında" Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə olan dəyişikliyin tətbiqinə dair Fərman verib.[1] Fərmanı oxuyub, dərhal 16-cı maddəyə nə əlavə olunduğunu axtardım. Qarşıma çıxan [2] mətn yenə məni yuxarıda dediyim stress və əsəbə salacaq kateqoriyadan oldu. 

Mətn belədir:

"Tərkibində dövlət sirri olan arxiv sənədlərindən istifadəyə, onların məxfiləşdirildiyi gündən məxfi məlumatlar üçün 10 ildən, tam məxfi məlumatlar üçün 20 ildən, xüsusi əhəmiyyətli məlumatlar üçün 30 ildən, məxfilik dərəcəsindən asılı olmayaraq şəxsin kəşfiyyat, əks-kəşfiyyat, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanların əməkdaşı olmasını və ya bu orqanlarla konfidensial əsaslarla əməkdaşlıq edən, yaxud əməkdaşlıq etmiş şəxslərin şəxsiyyətini müəyyən etməyə imkan verən məlumatlar üçün 75 ildən sonra icazə verilir. Həmin müddətlər müvafiq icra hakimiyyəti orqanının rəyi ilə uzadıla bilər". 

Hüquqla əlaqəsi olmayan biri üçün bu, dövlətin fəaliyyəti üçün zəruri olan növbəti sənədin qəbulu ola bilər. Amma bir hüquqçu üçün bunun süzgəcdən keçirilmədən həzmi mümkün deyil.

Maddənin ilk hissəsi anlaşılandır. Dövlət sirləri olan məlumatlar məxfilik qrifinə (dərəcəsinə) görə; məxfi-10 il, tam məxfi-20 il və xüsusi əhəmiyyətli 30 il müddətinə məxfiləşdirildiyinə görə bu müddətlərdə arxiv sənədlərinə də çıxışa məhdudiyyət qoyula bilər. Bu məsələnin legitim və normal hissəsidir. Məsələnin legitim olmayan və ziddiyyətli, mübahisəli tərəfi maddənin son hissəsidir.

"...məxfilik dərəcəsindən asılı olmayaraq şəxsin kəşfiyyat, əks-kəşfiyyat, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanların əməkdaşı olmasını və ya bu orqanlarla konfidensial əsaslarla əməkdaşlıq edən, yaxud əməkdaşlıq etmiş şəxslərin şəxsiyyətini müəyyən etməyə imkan verən məlumatlar üçün 75 ildən sonra icazə verilir. Həmin müddətlər müvafiq icra hakimiyyəti orqanının rəyi ilə uzadıla bilər".  

Burada ziddiyət və ya anormallıq nədir?

Diqqətlə oxuduqda maddənin bu hissəsində iki fərqli stuatsiya var. "Və ya" ilə ayrıldığı üçün cümlənin hər iki hissəsində olan durum dövlət sirri kimi 75 il və ya müddətsiz gizli tutulacaq.

1. "...şəxsin kəşfiyyat, əks-kəşfiyyat, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanların əməkdaşı olması":
2. "...şəxsin kəşfiyyat, əks-kəşfiyyat, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlarla konfidensial əsaslarla əməkdaşlıq edən, yaxud əməkdaşlıq etmiş olması":

Hər iki halda belə şəxslərin şəxsiyyətini müəyyən etməyə imkan verən məlumatlarla arxivlərdə tanış olmaq üçün 75 ildən sonra icazə veriləcək. Lakin bu da son deyil. Həmin müddətlər müvafiq icra hakimiyyəti orqanı olan Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın[3] rəyi ilə qeyri-məhdud müddətlərdə də uzadıla biləcək. Bu arada Ədliyyə Nazirliyinin rəsmi qanunvericilik bazasında mövcud səlahiyyətli Komissiyanın tərkibində 23 iyun 2018-ci ildə vəfat etmiş o zamankı Müdafiə Sənayesi Naziri (Nazirlik də ləğv edilib) Yavər Camalovun və 23 Aprel 2018-ci ildə vəzifəsindən uzaqlaşdırılan keçmiş Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırovun üzvlükləri davam edir...

1. Qanunverici orqan aydın olmayan məntiqlə "...şəxsin kəşfiyyat, əks-kəşfiyyat, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanların əməkdaşı olması"nı dövlət sirri hesab edir. Bu yanaşma hüquq baxımdan ciddi problem yaradan legitim olmayan, hüquqa və hüququn fəlsəfəsinə zidd tənzimləmədir. 16-cı maddəyə bu əlavə təklifini hazırlayan kimsə, onun hüquq bilgisindən ciddi şübhə etmək lazımdır. (əgər qəsdi yoxdursa)
Bu hissə dərhal qanunvericilikdən çıxarılmalıdır. Çünki, mövcud normaların bir çoxu ilə bu ziddiyyət təşkil edir və daha da böyük problemlər yaradacaq.

a. Dövlət Sirrinin qorunmasında sahəvi qanun Dövlət sirri haqqında Azərbaycan Respublikası Qanunudur.[4]Qanunun 5.4.2. maddəsi yalnız konfidensial qaydada əməkdaşlıq etmiş və ya edənlərin məlumatlarının məxfi məlumatlar siyahısına salınacağını nəzərdə tutub; "kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlarla konfidensial əsaslarla əməkdaşlıq edən və əməkdaşlıq etmiş şəxslər haqqında; Maddədən də anlaşıldığı kimi şəxsin kəşfiyyat, əks-kəşfiyyat, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanların əməkdaşı olması sirr ola bilməz.

b. Ayrıca, Dövlət sirri haqqında Azərbaycan Respublikası Qanununun 6.3 maddəsində məlumatların dövlət sirrinə aid edilməsinin və onların məxfiləşdirilməsinin qanuniliyini dövlət sirrinə aid edilən və məxfiləşdirilən məlumatların bu Qanunun 5-ci və 7-ci maddələrinin müddəalarına və Azərbaycan Respublikasının dövlət sirri haqqında qanunvericiliyinə müvafiq olmasında görür. Dövlət sirri haqqında Azərbaycan Respublikası Qanununun 6.3-cü maddəsi "Milli arxiv fondu haqqında" Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə olan dəyişikliyi qanuni hesab etmir.

c. Bundan əlavə, şəxsin vəzifəyə qoyulması ona müəyyən imtiyazlar da verir. Kəşfiyyat, əks-kəşfiyyat, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanların əməkdaşlarına tanınan imtiyazlar, digər vətəndaşlara tanınmır. Dövlət sirri haqqında Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi Dövlət sirrinə aid edilməyən və məxfiləşdirilməyən məlumatları sadalayır. Həmin Qanunun 7.0.3. maddəsində bildirilir ki, dövlətin vətəndaşlara, vəzifəli şəxslərə, müəssisə, idarə və təşkilatlara verdiyi imtiyazlar, güzəştlər və kompensasiyalar haqqında;-məlumatlar dövlət sirrinə aid edilə bilməz və məxfiləşdirilə bilməz.

d. Ən trajikomik məqamlardan biri də bu normanın qüvvəyə minməsi ilə bərabər dövlət sirri yayanların başında birbaşa Prezidentin gələcək olmasıdır. Çünki, Prezident müxtəlif şəxsləri vəzifəyə təyin edir, təltif edir və s. Bu zaman onların hansı quruma təyin olunduğu, hansı qurumla əməkdaşlıq etdiyi vurğulanır. Məsələn, Orxan Sultanov Prezident tərəfindən Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisi təyin edib.[5] Biz bu fərmanla Orxan Sultanovun kəşfiyyat orqanının əməkdaşı olmasını öyrənirik. Yaxud onun[6] və ya digər əməkdaşların təltif edilməsi zamanı yenə həmin şəxslərin kəşfiyyat orqanlarının əməkdaşı olması faktını öyrənmiş oluruq.[7] Bu fərmanların, sərəncamların yayılması vəzifəsi Azərbaycan Respublikası Konstitusiyasının və Normativ hüquqi aktlar haqqında Konstitusiya Qanununun da tələbidir və yayılmalıdır. Bunun vurğulamaqda məqsədim odur ki, konfidensial əsaslar olmadan hansısa qurumun əməkdaşı olması faktını təkbaşına sirr hesab etmək və 75 il müddətnə məhdud informasiya kateqoriyasına aid etmək nə məntiqli, nə də hüquqi deyil və Konstitusiyaya, o cümlədən konkret olarar 149.II-ci maddənin "Qanunlar Konstitusiyaya zidd olmamalıdır"- tələbinə ziddir.

2. "...şəxsin kəşfiyyat, əks-kəşfiyyat, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlarla konfidensial əsaslarla əməkdaşlıq edən, yaxud əməkdaşlıq etmiş olması":

Bu hissədə də müəyyən problemlər var.

a. Bəli, şəxs konfidensial əsaslarda kəşfiyyat, əks-kəşfiyyat, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlarla əməkdaşlıq edib, hansısa əməliyyatlarda iştirak etdib, hansısa tapşırıqları icra edibsə bu əməliyyat məlumatları və şəxsin gizliliyi qorunmalıdır. Burda bir problem yoxdur. Lakin problem şəxsin özəl həyatına yox, iş həyatına aid olan məlumatı onun şəxsi həyat sirri saymaqdadır. Şəxsin iştirak etdiyi əməliyyat və ya əməkdaşlıq zamanı məlum olan məlumatlar dövlət sirləri olan məlumatların məxfilik qrifinə görə 10, 20 yaxud 30 ildən sonra açıqlana biləcəyi halda, şəxsin özəl həyatına ait olmayan bu fəaliyyəti özəl həyat sirri kimi dövlət sirrindən ayrılaraq 75 il və ya hətta müddətsiz qorunması hüquqi baxımdan yanlışdır və dövlət sirri və funksiyası ilə şəxsi həyat sirləri və özəl həyat məlumatlarının qarışdırılmasıdır.

b. Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsi şəxsi toxunulmazlıq hüququnu təsbit edib[8]. Maddənin 2-ci bəndində "II. Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır"- deyərək, şəxsi toxunulmazlığı şəxsi həyat və ailə həyatı olaraq ayırıb.

c. İnformasiya əldə etmək haqqında Azərbaycan Respublikası Qanununun[9] 38-ci maddəsi fərdi məlumatları və onun üzərinə hansı hallarda və hansı ölçüdə məhdudiyyət qoyula biləcəyini tənzimləyir. 38.2-ci maddə əldə olunmasına məhdudiyyətlər qoyulan şəxsi həyata dair məlumatları sayıb. Orda şəxsin dövlət qurumu ilə əməkdaşlıq etməsi faktı şəxsi həyata aid deyil. Qanunun 38.3-cü maddəsi isə əldə olunmasına məhdudiyyətlər qoyulan ailə həyatına dair məlumatları sadalayıb. Orda da bu məqam kənarda qalıb. Kənarda qalması da təbiidir. Çünki, şəxsin konfidensial qaydada dövlət orqanı ilə əməkdaşlıq etməsi dövlət mənafeləri üçün baş verib və burada qorunan məqam dövlət sirlərinin yayılmamasıdır. Bu qorunma və ona tətbiq edilən qorunma müddəti dövlət sirlərinin ümumi çərçivəsi və müddətlərindən kənara çıxmamalıdır.

d. İnformasiya əldə etmək haqqında Azərbaycan Respublikası Qanununun 40.2-ci maddəsində fərdi məlumatların əldə olunmasına qoyulan məhdudiyyətin müddətini müəyyən edir və bu zaman məhz 38-ci maddədə sayılan fərdi məlumatları nəzərdə tutur. Beləliklə, 75 illik qoruma müddəti 38-ci maddənin çərçivəsindən kənara çıxa bilməz.

Yekunda qeyd etmək zəruridir ki, 1 Fevral 2019-cu ildə Milli Məclis tərəfindən qəbul edilən və 13 mart 2019-cu ildə Prezident tərəfindən imzalanaraq, qüvvəyə minən "Milli arxiv fondu haqqında" Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə olan dəyişiklik Azərbaycan qanunvericiliyinə - Konstitusiyaya, Normativ aktlar haqqında Konstitusiya Qanununa, habelə bu sahədəki münasibətləri tənzimləyən Dövlət sirri haqqında, İnformasiya əldə etmək haqqında, Fərdi məlumatlar haqqında Qanunların müəyyən etdiyi çərçivələrə ziddir. Dərhal, Prezident Administrasiyasının hüquqşünasları yeni təklif hazırlayıb Parlamentə göndərərək bu maddəni yuxarıdakı qeyd edilən ziddiyyətləri aradan qaldıraraq, konkret dövlət sirri üçün nəzərdə tutulan müddətlərdə və çərçivədə məhdudlaşdırmanı müəyyən etməlidirlər.


[1] "Milli arxiv fondu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2019-cu il 1 fevral tarixli 1480-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı, https://president.az/articles/32370

[2] "Milli arxiv fondu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu, Qəbul edilib 1 Fveral 2019-cu il, yayılıb, 13 Mart 2019-cu il. https://president.az/articles/32369

[3] http://e-qanun.az/framework/5245

[4] http://e-qanun.az/framework/5526

[5] http://e-qanun.az/framework/31605

[6]http://e-qanun.az/framework/38295

[7] http://e-qanun.az/framework/12912

[8] http://e-qanun.az/framework/897

[9] http://e-qanun.az/framework/11142