Milli Məclisdə "18+" müzakirəsi

Milli Məclisdə

03-10-2018 16:45 / Bu xəbər 1665 dəfə oxundu

Deputat: "Uşaqların zərərli informasiyaya çıxışının filtirlənməsi ilə bağlı məsələ öyrənilməlidir”

Oktyabrın 3-də Milli Məclisin iclasında prezident İlham Əliyevin imzası ilə daxil olan "Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.

Birinci oxunuşda qəbul edilən layihə Azərbaycanda uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyanın növlərini müəyyənləşdirir.

Layihəndə "uşaqlar üçün zərərli informasiya" dedikdə, zorakılığı və qəddarlığı, cəmiyyət əleyhinə və hüquqazidd hərəkətləri, o cümlədən cinayətləri, uşaqların həyat və təhlükəsizliyinə potensial təhlükə yaradan əməlləri təbliğ edən, ailə institutunu nüfuzdan salan, əxlaqdan kənar leksik (söyüş) məzmunlu və pornoqrafik xarakterli informasiyalar nəzərdə tutulur.

Müzakirələrdə çıxış edən deputat Elman Nəsirli təklif edib ki, uşaqların informasiya təhlükəsizliyi konsepsiyası hazırlanmalıdır. O qeyd edib ki, uşaqlar valideynlərinin evdə olmadığı vaxt internetdən istifadə edir, paroldan yararlanır və istifadə etdikləri informasiyaların tarixçəsini silə bilirlər.

Deputat Sona Əliyeva qeyd edib ki, bir çox ölkədə yetkinlik yaşına çatmayanların internetdən istifadəsi ilə bağlı statistika olsa da, Azərbaycada belə bir statistika yoxdur. Onun sözlərinə görə, uşaqlar valideynlərin qoyduğu maneələri asanlıqla aşa bilirlər. Deputat vurğulayıb ki, məktəblərdə uşaqların zərərli informasiyalara çıxışının filtrlənməsi ilə bağlı məsələnin nə yerdə olduğu da öyrənilməlidir: 
"İnternet oyunlarını oynayıb intihar edən uşaqları gördük. Artıq virtual məkan bizim üçün faydalı olmaqdan əlavə, təhlükəli mənbəyə çevrilib”.

S.Əliyeva yetkinlik yaşına çatmayanlar barədə məlumatların internetdə yayımlanmasını qadağan edilməsinin də vacib olduğunu deyib.
Qanun layihəsində Azərbaycanda informasiya məhsulunun yaş təsnifatı əksini tapıb.

Təsnifatı müxtəlif yaş qrupuna aid olan uşaqların normaya uyğun psixi inkişafının xüsusiyyətləri nəzərə alınaraq aşağıdakı kimi aparılır:

1. "universal” – istənilən yaş qrupları üzrə dövriyyəsinə məhdudiyyət qoyulmur,

2. "6 yaşadək” altı yaşı tamam olmamış uşaqlar arasında dövriyyəsinə yol verilir,

3. "6 yaşdan” – altı yaşı tamam olmuş uşaqlar arasında dövriyyəsinə yol verilir,

4. "12 yaşdan” – on iki yaşı tamam olmuş uşaqlar arasında dövriyyəsinə yol verilir,

5. "16 yaşdan” – on altı yaşı tamam olmuş uşaqlar arasında dövriyyəsinə yol verilir,

6. "18 yaşdan” – uşaqlar arasında dövriyyəsinə yol verilmir.

Sənəddə teleradio yayımı vasitəsilə yayımlanan informasiya məhsuluna aid tələblər də müəyyən olunub.

Belə ki, teleradio yayımı vasitəsilə yayımlanan "Universal”, "6-”, "6+”, və "12+” yaş kateqoriyalarına aid informasiya məhsullarının yayımlanmasına vaxt məhdudiyyəti qoyulmur.

Xüsusi dekoderlər vasitəsilə ödənişli əsasda həyata keçirilən informasiya məhsullarının telekanallarda yayımı istisna olmaqla, informasiya məhsullarının yayımına məhdudiyyət qoyulur:

Bundan başqa, dövriyyəsi məhdudlaşdırılan informasiyalar "16+” yaş kateqoriyasına aid informasiya məhsulları – yerli vaxtla saat 7-dən saat 21-dək, erotik məzmunlu informasiyaları isə "18+” və "16+” yaş kateqoriyalarına aid – yerli vaxtla saat 6-dan saat 23-dək yayılmasına məhdidiyyət qoyulur.

"18+” yaş kateqoriyasına aid informasiya məhsulu teleradio vasitəsilə yayımlanarkən bu informasiya məhsulunun yaş kateqoriyası haqqında xəbərdarlıq televiziya yayımı zamanı işarə, radio yayımı zamanı isə səsləndirmə ilə həyata keçirilir.