Milli Məclisin iclasları onlayn keçiriləcək

Milli Məclisin iclasları onlayn keçiriləcək

07-04-2020 13:20 / Bu xəbər 327 dəfə oxundu

Milli Məclisin aprelin 9-da keçiriləcək iclasında "Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”nə təklif edilən dəyişiklik ikinci oxunuşda yeni redaksiyada müzakirəyə çıxarılacaq.

APA-nın məlumatına görə, Milli Məclisin martın 30-da keçirilən plenar iclasında birinci oxunuşda qəbul edilən qanun layihəsinə əsasən, karantin tətbiq edilməsi, sanitariya-epidemioloji və bu kimi digər tədbirlərlə əlaqədar Milli Məclis Sədri 42 deputatın tələbi əsasında Milli Məclisin iclaslarının, həmçinin, Milli Məclisin komitə və komissiya iclaslarının müəyyən dövr üçün real vaxt rejimində internet vasitəsilə keçirilməsi barədə sərəncam qəbul edəcək və real vaxt rejimində keçirilən iclaslarda səsvermə deputatların gücləndirilmiş elektron imzaları vasitəsilə həyata keçiriləcəkdi.

Qanun layihəsinin yeni redaksiyasına əsasən, karantin tətbiq edilməsi, sanitariya-epidemioloji və bu kimi digər tədbirlərlə əlaqədar Milli Məclis Sədri 42 deputatın tələbi əsasında Milli Məclisin iclaslarının, həmçinin, Milli Məclisin komitə və komissiya iclaslarının müəyyən dövr üçün real vaxt rejimində videokonfrans sistemi vasitəsilə keçirilməsi barədə sərəncam qəbul edəcək. Videokonfrans sistemi vasitəsi ilə keçirilən iclaslarda səsvermə ilə bərabər, həm də qeydiyyat deputatların gücləndirilmiş elektron imzaları vasitəsilə həyata keçiriləcək.

Qanun layihəsi qəbul ediləcəyi təqdirdə, yenə bu il dekabrın 30-dək qüvvədə olacaq.

Eyni zamanda bu dəyişiklik Milli Məclisə seçim imkanı verəcək ki, virtual iclaslar internetlə yanaşı, intranet (ölkədaxili), lokal şəbəkələrdən istifadə etməklə reallaşdırılsın.