Milli Qəhrəmanın başı üzərində tərs asılan bayraq (FOTO-VİDEO)

Milli Qəhrəmanın başı üzərində tərs asılan bayraq (FOTO-VİDEO)

29-09-2016 00:03 / Bu xəbər 1636 dəfə oxundu

Yasamal rayonu Əsəd Əhmədov küçəsində Milli Qəhrəman Məcidov Eldar Tofiq oğlunun xatirə lövhəsi üzərində dalğalanan üç rəngli bayrağımız tərsinə asılıb.

Bu barədə uluyol.info məlumat yayıb. 

Məlumata görə, məsələ ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət edilsə də, problem aradan qaldırılmayıb. 
 

 
Qeyd edək ki, Azərbaycanın Milli Qəhrəmanı Məcidov Eldar Tofiq oğlu 1965-ci il 26 avqustda Bakı şəhəri Yasamal rayonunda dünyaya göz açıb.
 
1972-ci ildə 52 saylı orta məktəbin birinci sinfinə daxil olub, 1982-ci ildə həmin məktəbi müvəffəqiyyətlə bitirib. Elə həmin ildə də Azərbaycan Rəssamlar İttifaqının Bədii Yaradıcılıq Fondunda işə başlayıb.
 
1983-cü ildə Sovet ordusu sıralarında hərbi xidmətə - Almaniyaya yollanır. Hərbi xidmətini 1985-ci ildə başa vurub Azərbaycana qayıtdıqdan sonra yenidən əvvəlki işinə qayıdır.

Eldar Məcidovun incəsənətə marağı sonralar onu "Yaşıl teatr”a gətirir. 1989-cu ildən "Yaşıl teatr"da baş inzibatçı kimi işə başlayır. Teatrda işlədiyi vaxt sənədlərini Azərbaycan İncəsənət Universitetinə təqdim edir və Universitetin Mədəni–maarif fakültəsinə qəbul olunur.

Azərbaycan müstəqilliyini elan etdikdən sonra - erməni işğalçılarının torpaqlarımıza hücumü zamanı Eldar Məcidov cəbhədə baş verənlərdən hiddətlənərək könüllü ordu sıralarına yazılır. 

1992-ci ilin 20 martında 776 saylı hərbi hissədə PDM-ə (piyadaların döyüş maşını) komandir təyin edilir. 1992-ci il mayın 9-da cəbhəyə yola düşür.

O, düşmənin bir çox hücumlarının qarşısının alınmasında, xüsusən də yaralı və mülki əhalinin döyüş zonalarından çıxarılmasında böyük qəhrəmanlıq göstərən döyüşçülərdən olub. 

1992-ci il mayın 15-də Şuşa şəhərinin Zarıslı kəndində gedən ağır döyüşlər zamanı sağ ayağından yaralanan Eldar Məcidov Qubadlı rayon xəstəxanasına çatdırılsa da, çoxlu qan itirdiyindən həyatını xilas etmək mümkün olmur. Şəhidin nəşi Bakıya gətirilərək, Şəhidlər Xiyabanında dəfn edilir.

Azərbaycan Respublikasının prezidentinin 16 sentyabr 1994-cü il tarixli 202 saylı fərmanı ilə Məcidov Eldar Tofiq oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülür. 

Milli Qəhrəmanın bir qız övladı yadıgar qalıb.

Saday Fərəcov
Uluyol.info