Milli Şura Bakıda mitinq keçirdi - FOTO​

Milli Şura Bakıda mitinq keçirdi - FOTO​

07-10-2017 18:04 / Bu xəbər 2269 dəfə oxundu

Bu gün, oktyabrın 7-si Milli Şura Bakıda mitinq keçirib. 

Mitinqin aparıcısı Milli Şuranın Koordinasiya Mərkəzinin üzvi Vahid Məhərrəmli olub. 

"Korrupsiyaya son, siyasi məhbuslara azadlıq, talana yox” şüarı ilə keçirilən aksiya Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) ilə də razılaşdırılıb.

Təşkilatçıların "Azadlıq Radiosu"na bildirdiyinə görə, aksiya şəhər rəhbərliyi ilə razılaşdırılsa da, bir çox fəalların pois iadarəsinə çağırılması ilə bağlı məlumatlar var. Polisdə dindirildiyini söyləyən fəalların bildirməsinə görə, onlardan mitinqə gedib-getməyəcəkləri və ailə üzvləri ilə bağlı məlumatlar soruşulub. Məlumatları Daxili İşlər Nazirliyindən dəqiqləşdirmək mümkün olmayıb.

Əli Kərimli: "Hökumətin bugünkü siyasəti təhlükəlidir" 

"Azərbaycan hökuməti gənclərdən qorxur”, - bunu Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP)sədri Əli Kərimli mitinqdəki çıxışında deyib. 

O, bundan əvvəlki mitinq ərəfəsində saxlanan, inzibati qaydada həbs edilən cəbhəçilərdən də danışıb: "Bizim mitinqin aparıcısı İlham Hüseyni, əvvəlki mitinqdəçıxış etməli olan Emil Səlimovu, bu gün çıxış etməli olan başqa bir gənci həbs ediblər. Amma bundan əvvəllər də onlarla parlaq azərbaycanlı gənclərini həbsə doldurublar. Biz bütün Azərbaycan gənclyinə azadlıq istəyirik".

Əli Kərimli bildirib ki, hökumətinəsas hədəfi təşkilatçılardır.

"Etiraz edənlərin qarşısını heçnə ilə ala bilməzlər. Elin güçü selin gücüdür. Bizim təşkilatçılar da qorxmazdır, onları qorxutmaq olmaz”, - deyən Kərimli Milli Şuranın sentyabrın 23-də keçirdiyi mitinqində saxlanan gənclərin bir çoxunun sərbəst buraxıldığını, onların meydanda olduğunu bildirib və həmin şəxsləri salamlayıb.

"Biz xalqın təpəri ilə bu ölkədə haqsız yerə həbs edilmiş hər bir kəsin azadlığına nail olacağıq. Onlar da gəlib millətə təşəkkür edəcəklər”, - Ə.Kərimli bildirib.

Onun sözlərinə görə, etiraza qalxan insanların əsas tələbi xalqın milyonlarını oğurlayıb, ofşor hesablara köçürənlərə dur deməkdir. 

O vurğulayıb ki, körpə, əlil, qazi, ahıl malı yeyənlər, kimsəsizin son tikəsini ağzından oğrulayanlar bunun cəzasını çəkəcəklər.

Ə.Kərimli Azərbaycan hökumətini sərt tənqid edib: "Hökumətin bu günkü siyasəti təhlükəlidir. Təkcə bizdən ötrü yox, bir çox başqa ölkələr üçün də təhlükəli hesab olunur. Onlar hesab edirlər ki, burdan dünyaya korrupsiya virusu yayılır. Azərbaycan üçün bu təhlükə ikiqatdır".​

"AXCP-nin 5 üzvü saxlanılıb" 

Müxalifətin bundan əvvəlki mitinqləri internet üzərindən canlı yayımlanıb. Ancaq bu gün, oktyabrın 7-si mitinq keçirilən ərazidə internetin zəif olması səbəbindən aksiyanın sosial şəbəkələr üzərindən yayımı çətinləşib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının Ali Məclisinin sədri Nurəddin Məmmədli mitinq öncəsi belə deyib: "Ən narahatlıq doğuran məsələ odur ki, internetin sürətini tam aşağı salıblar. Halbuki hökumət xalqın 300 milyonun xərcləyib kosmosa peyk buraxnda iddia edirdi ki, bu, ən yüksək səviyyədə internet təminatından ötrü nəzərdə tutulur".

O, digər rabitə vasitələrinin işləməsində də eyni problemlərin yaşandığını ifadə edib: "Bu gün mitinq qorxusu hakimiyyəti elə duruma çatdırıb ki, faktiki olaraq hazırda internetdən istifadə mümkün deyil. Eyni zamanda müxtəlif rayonlarda hüquq mühafizə qurumlarının mitinqə getmək istəyənlərə basqıları olub. Ancaq ədalət naminə qeyd etmək istərdim ki, bu dəfə əvvəlkindən fərqli olaraq, müxalifətçilərə daha yumşaq davranırlar".

N.Məmmədlinin bildirdiyinə görə, bu mitinq öncəsi cəmi 5 cəbhəçi saxlanıb. O qeyd edib ki, təzyiqlər əsasən, müxalifətçiləri qorxutmaq istiqamətinə yönəlib.

AXCP Ali Məclisinin sədri aksiyadan sonra təzyiq faktlarının toplanacağını, müvafiq hesabatların hazırlanıb, yayılacağını bildirib.

Nürəddin Məmmədlinin AXCP-nin 5 üzvinin saxlanması haqda dediklərinə, hələlik Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb. 

Aksiyada çıxış edən Milli Şura sədri Cəmil Həsənli deyib ki, Azərbaycanda korrupsiyanın başında prezident İlham Əliyev durur.

Aksiyadan sonra hakim Yeni Azərbaycan Partiyasının (YAP) funksionerləri də çıxış edərək, eyni ittihamı Milli Şura rəhbərləri haqda söyləyiblər. Üstəlik, YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib ki, bu mitinqin sifarişi Yerevandan gəlib.

Bakı Polisi: "Mitinqə 1200 nəfər gəlib"

Bakı şəhər Baş Polis İdarəsi Milli Şurasının aksiyası ilə bağlı məlumat yayıb.

İdarədən APA-ya bildirilib ki, oktyabrın 7-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda şəhər rəhbərliyi ilə razılaşdırılmış mitinqi keçirilib.

Bakı polisinin bildirməsinə görə, aksiyada ümumilikdə 1200 nəfər şəxs iştirak edib.

Məlumatda sonda da bildirir ki,aksiyada ictimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.

Ancaq təşkilatçılar bildirirlər ki, Bakı polisi aksiyaya gələnlərin sayını bilərəkdən dəfələrlə kiçildib. Onlar deyirlər ki, aksiyaya deyilən rəqəmdən dəfələrlə çox etirazçı qatılıb.

Milli Şuranın oktyabrın 7-də keçirəcəyi mitinqdən öncə Müsavat Partiyasının rayon fəallarının basqılara məruz qalıb. 

Bu haqda partiyanın məlumatında yazılıb.

Məlumatda vurğulanır ki, Müsavat Partiyası başqanın müşaviri Ramazan Əliyev Xaçmaz rayon Polis Şöbəsinin aparılıb. 

Onun Milli Şuranın mitinqi ilə bağlı sorğu-sual edildiyi deyilir. Ramazan Əliyevin bildirməsinə görə, ona deyiblər ki, mitinqındə Xaçmaz rayonundan heç kimin iştirak etməsini istəmirlər.

Müsavat Partiyasının Mingəçevir təşkilatının sədri Nurəddin Rüstəmlinin də şəhər polis idarəsinə çağırıldığı açıqlanıb.

Verilən məlumata görə, oktyabrın 7-də Mingəçevir Şəhər Polis İdarəsinin rəis müavini Allahverdi Siraclı onu idarəyə dəvət edib. Nurəddin Rüstəmlinin mitinqlə bağlı sorğu sual edildiyi deyilir.

Müsavat Partiyasından yayılan bu məlumatlara da hələlik rəsmi açıqlama verilməyib.