Milli Şura mitinq qərarı verib

Milli Şura mitinq qərarı verib

28-03-2019 14:08 / Bu xəbər 1797 dəfə oxundu

Demokratik Qüvvələrin Milli Şurası Bakıda mitinq keçirməyə qərar verib. 

Bu barədə Arqument.Az-a Milli Şuranın sədri Cəmil Həsənli məlumat verib.

Belə ki, aprelin 6-sı saat 15-ə, Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionuna (metronun "İnşaatçılar” stansiyasının yaxınlığında) təyin edilən aksiyanın əsas tələblərinin siyasi məhbusların azadlığı, korrupsiyaya son qoyulması, sosial problemlərin həlli olduğu açıqlanıb.

Milli Şura bu il yanvarın 19-da həmin stadionda mitinq keçirib. Aksiyada siyasi məhbuslara azadlıq tələb olunub, sosial tələblər irəli sürülüb.

Yanvarın 26-sı, fevralın 23-ü və martın 2-si eyni yerə təyin olunmuş, siyasi və sosial islahatlar tələbli mitinqlərə razılıq verilməyib. 

Bakı Şəhər İcra Hakimiyyəti mitinqlər üçün müraciətlərə rədd cavablarını Milli Şuranın 19 yanvar mitinqindən sonra ictimai asayişin pozulması ilə əsaslandırıb.

2013-cü ildə yaradılmış Milli Şuraya tarixçi alim Cəmil Həsənli sədrlik edir. 

Qurumun öncül şəxsləri arasında AXCP sədri Əli Kərimli, Müsavat Partiyasından Tofiq Yaqublu, Vətəndaş Həmrəyliyi Partiyasından Rafiq Manaflı, Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatından Rövşən Əhmədli, sabiq deputatlar İbrahim İbrahimli, Gültəkin Hacıbəyli və başqaları var.