"Milli Şura müxalifətçilik lisenziyası verən təşkilat deyil ki..." - Yadigar Sadıqovdan MÜSAHİBƏ

12-05-2016 13:18 / Bu xəbər 4010 dəfə oxundu

Ötən gün Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Rəyasət Heyətinin üzvü İlham Hüseyn Müsavat başqanının müavini Tofiq Yaqublunun partiyalararası münasibətləri yaxınlaşdırmaqla bağlı təklifinə münasibət bildirib. 

O, hazırda AXCP-nin gündəmində belə bir müzakirənin olmadığını deyib: "Müsavat Partiyası ilə birlik məsələsi gündəmdə deyil. Gözəl Bayramlı ilə bir neçə görüş keçirib, çay içiblər. Yəni AXCP-də rəsmi səviyyədə bu məsələ qaldırılmayıb. Biz daha vacib məsələlərlə məşğuluq”.

Onu da qeyd edək ki, Tofiq Yaqublunun bu təklifinə Müsavat Partiyasından müsbət yanaşılmışdı. Belə ki, Müsavat başqanı Arif Hacılı AXCP ilə danışıqlar üçün Tofiq Yaqublunu görəvləndirdiyini bildirmişdi. Amma görünən odur ki, AXCP bu dəfə də Müsavatın təklifinə rədd cavabı verdi. 

Bütün bu məsələlərə aydınlıq gətirmək üçün Arqument.az olaraq, Müsavat başqanın müavini, keçmiş "vicdan məhbusu" Yadigar Sadıqova suallar ünvanladıq: 

- Yadigar bəy, Müsavatın əməkdaşlıq təklifinə AXCP İdarə heyətinin üzvü İlham Hüseynin cavabını necə qiymətləndirirsiniz?

- Gözlənilməz olmadı mənim üçün. Əməkdaşlıq məsələsində heç zaman nikbin olmamışam.

- Sizcə, AXCP Müsavatın təklifini hansı səbəbdən rədd edir?

- Səbəb partiya maraqlarının AXCP qavradığı kimi yozulmasındadır. Bugün onlar hesab edirlər ki, "Azadlıq” qəzetinə, "Azərbaycan saatı” verilişinə malik olmaları Müsavatla müqayisədə onlara üstünlük verir və bundan maksimum yararlanmaq niyyətindədirlər. Müsavatla əməkdaşlıq barədə razılığa gəlinərsə, bu resurslarda bizim əleyhimizə aparılan təbliğata son vermək gərəkəcək. 

Digər tərəfdən, hesab edirlər, qurultaydan sonra Müsavat zəifləmiş durumdadır və belə demək mümkünsə, yaralını öldürmək istəyirlər. Amma yanlış təsəvvürdür. Düzdür, qurultaydan sonrakı dövr heç də asan olmadı, lakin Müsavat bu dövrü artıq arxada qoyub. Hər kəs əmin ola bilər ki, bundan sonrakı dövrdə partiyanın fəaliyyəti yalnız yüksələn xətlə gedəcək.

- Bir qədər geriyə qayıtsaq, Müsavatın Milli Şuradan çıxmaq qərarını düzgün hesab edirsinizmi?

- Kəsinliklə. Bilirsinizmi, arzular və xəyallar başqadır, gerçəklik başqa. Qeyri-seçki dövründə Müsavat və AXCP-nin bir təşkilatda olmaları işə xeyir vermir, əksinə ziyan vurur. Çünki qüvvəmizin, vaxtımızın çoxu daxili nüfuz savaşına gedir. Hakimiyyət yaddan çıxır. İstəsək də, istəməsək də reallıq budur. Ona görə də, Müsavat əməkdaşlıq təklif edir, hansısa təşkilatda birləşmək deyil. Milli Şura müxalifətçilik lisenziyası verən təşkilat deyil ki, tərkibində olmaq imperativ olsun. 

- Hər dəfə Müsavatın təklifinə imtinanın özündən çox aşağılayıcı forması diqqəti çəkir. İkinci dəfədir ki, AXCP funksionerləri "daha ciddi işlərlə məşğuluq” cavabını verirlər. 
 
- Elədir. Sanki məsələni birdəfəlik həll etmək istəyirlər ki, Tofiq bəy daha israr etməsin. Çünki hər belə təklif və qarşı tərəfin reaksiyasını ictimaiyyət qiymətləndirir, kimin haqlı olub-olmamasını görür.

Müsavat strukturları mütəmadi fəaliyyət göstərən yeganə təşkilatdır. Hər həftə Divan iclası, Sədrlər şurası, həftədə 3 dəfə müavinlik toplantıları keçirilir. Partiya ölkədə baş verən bütün hadisələrə rəsmən, sənəd üzərində qiymət verir, münasibət bildirir. Əgər dostlarımız feysbukda bir nəfərin statusunu paylaşmağı, layk toplamağı ən ciddi iş hesab edirlərsə, Allah qüvvət versin.

- Müsavat bundan sonra da əməkdaşlıq təklifində israr edəcəkmi?

- Mən şəxsən əleyhinəyəm. Müsavat mənim üçün çox əzizdir və onun yenə aşağılanmasına, təhqiramiz cavab almasına dözmək fikrim yoxdur. Növbəti Divan iclasında da bu fikrimi bildirəcəyəm və israrla müdafiə edəcəyəm.

Arqument.Az