Milli Şura üzvünün məhkəməyə aparıldığı bildirilir

Milli Şura üzvünün məhkəməyə aparıldığı bildirilir

07-08-2017 19:16 / Bu xəbər 1193 dəfə oxundu

Gənc siyasi fəal, Demokratik Qüvvələrin Milli Şurasının üzvü Cəmil Hacıyevin saxlandığı bildirilir. 

Onun Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinə aparıldığı deyilir.

4-cü Polis Bölməsindən C.Hacıyevin bölməyə dəvət edildiyini təsdiqləyiblər. Bölmədən daha detallı bilginin sonra veriləcəyi bildirilib.

C.Hacıyevin dostları isə Azadlıq Radiosu-na onun artıq, bölmədən çıxdığını, polis əməkdaşlarının müşayiəti ilə Binəqədi Rayon Məhkəməsinə aparıldığını bildiriblər. Gənc fəalın xuliqanlıqda günahlandırıldığı söylənir.

Cəmil Hacıyev müxalif qüvvələrin düzənlədiyi tədbirlərdə fəallığı ilə seçilir. O, bundan öncə də bir neçə dəfə polisə aparılıb.

C.Hacıyev 2012-2013-cü illərdə müxalifətin Bakı şəhər rəhbərliyi ilə razılaşdırmadan təşkil etdiyi nümayişlərdə iştirak edərkən də saxlanıb. O həmin hadisələrin birində inzibati qaydada cəzalandırılıb. Həmin iş üzrə gənc fəalın şikayətinə bu ilin əvvəlində Avropa İnsan Hüquqları Məhkəməsi baxıb.

Məhkəmə C.Hacıyevin hüquqlarının pozulduğu qənaətinə gələrək, hökumətin üzərinə ona 13 620 avro təzminat ödəmək vəzifəsi qoyub.