Milli Şuradan Müsavat və REAL-a çağırış... - Siyasi təşkilatlardan reaksiya

Milli Şuradan Müsavat və REAL-a çağırış... - Siyasi təşkilatlardan reaksiya

28-02-2018 02:07 / Bu xəbər 2532 dəfə oxundu

Milli Şura müxalifəti birgə mübarizəyə çağırıb.

Milli Şura aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkisinə etiraz olaraq, birgə mitinqlərin təşkil olunması təşəbbüsü ilə Müsavat Partiyasına və REAL hərəkatına müraciət edib.

"Ölkədə 160 nəfər siyasi məhbus var" 

Milli Şuranın yaydığı müraciətdə qeyd olunur ki, qurum boykot qərarı verən digər təşkilatların da addımını yüksək qiymətləndirir: "Azərbaycan hakimiyyətinin növbədənkənar seçki məzhəkəsi ilə bağlı Milli Şura boykot qərarı vermişdi. Qərarı zəruri edən səbəb ölkədə seçki mühitinin olmaması, mətbuatın susdurulması, siyasi repressiyaların davam etməsi, ölkədə 160 nəfər ətrafında siyasi məhbusların olması, İlham Əliyevin qəfil seçki sərəncamı və növbəti prezident seçkilərinin vaxtının heç bir zərurət olmadan 6 ay önə çəkilməsi və sair ilə bağlı idi. Milli Şura belə seçki oyununda iştirakı rədd etdi, hakimiyyətin seçki məzhəkəsini ifşa edəcəyini, başlandığı andan qeyri-legitim məzmun daşıyan saxta seçkilərin nəticələrini tanımayacağn, ölkə konstitusiyası və qanunları çərçivəsində bu saxtakarlığa qarşı mübarizə aparacağın bəyan etdi. Təqdirəlayiq haldır ki, az sonra Müsavat Partiyası, REAL hərəkatı və bir sıra digər ictimai-siyasi qurumlar da seçkilərə qatılmamaq və onun nəticələrini tanımamaq haqqında qərarlar qəbul etdilər. Milli Şura mühüm bir siyasi məsələyə münasibətdə müxalifət düşərgəsində yaranmış mövqelərin yaxınlığını yüksək qiymətləndirir".

Müxalifət təşkilatlarını birgə mitinqlərə çağıran Milli Şuranın Koordinasiya Mərkəzi bunun müqavimət olaraq, effektiv olduğunu qeyd edib: "Mart ayından başlayaraq saxta seçkilərə qarşı kütləvi aksiyaların keçirilməsin zəruri hesab edir və birgə ümumxalq mitinqləri keçirmək çağırışı ilə Müsavat partiyasına və Respublikaçı Alternativ (REAL)hərəkatına müraciət edir. Milli Şura belə hesab edir ki, seçkini boykot edən, hakimiyyətin seçki oyununda iştirak etməyən, onun nəticələrini tanımayan bütün siyasi qüvvələrin və ictimai hərəkatların birgə ümumxalq aksiyası xalqın saxta seçki oyununa qarşı müqavimətinin ifadə olunmasında mühüm addım olacaqdır". 

"Müzakirələr davam edir, bəlli bir tarix yoxdur"

Milli Şuranın sədri Cəmil Həsənli Toplum.Tv-yə deyib ki, martın ilk 10 günlüyündə mitinqlərin keçirilməsi ilə bağlı konkret qərar verəcəklər: "Müzakirələr davam edir, bəlli bir tarix yoxdur. Yaxın günlərdə dəqiqləşdiriləcək və ictimaiyyətə, o cümlədən, mətbuata məlumat veriləcək. İcra hakimiyyətinə də müraciət göndəriləcək. Hər halda martın birinci 10 günlüyündə nəticə bəlli olacaq”.

"Bizdən müsbət cavab gözləyin"

Müsavat başqanı Arif Hacılı Milli Şuranın müraciətini müsbət iymətləndirib: "Milli Şuranın sədri Cəmil Həsənlinin seçki kampaniyası dövründə birgə ümumxalq mitinqlərinin keçirilməsi ilə bağlı Müsavat Partiyasına və REAL hərəkatına müraciətini xoşməramlı addım kimi qiymətləndirirəm. Bu təklif Müsavat Partiyası Məclisinin saxta seçkilərə qarşı real müxalifət qüvvələrinin birgə mübarizəsi qərarı ilə səsləşən təklifdir. Ən qısa müddətdə Cəmil bəyin bu təklifini dəyərləndirib mövqeyimizi açıqlamaq niyyətindəyik. Bizdən müsbət cavab gözləyin".

"Milli Şura və Müsavatın cəhdi səmimi olarsa..."

ReAL İdarə Heyətinin üzvü Xalid Bağırov da Milli Şuranın təklifinə münasibət bildirib.

O bildirib ki, REAL da bu barədə düşünüb qərar verəcək:  "Düşünürəm ki, Musavat və AXCP-nin növbəti birgə fəaliyyət cəhdini görmək maraqlı olacaq. Bu cəhd səmimi olarsa, ReAl ciddi olaraq bu birlikdə yer almaq haqda düşünməlidir".

"Ümumi mitinq olacaqsa, müzakirə edəcəyik"

D18 Hərəkatının sədri Ruslan İzzətli isə passiv boykot yerinə, aktiv boykotun tərəfdarı olduqlarını vurğulayıb: "D18 Hərəkatının 11 aprel tarixində keçiriləcək prezident seçkisi haqqında bəyanatı yayıldı. Biz düşündük ki, seçkilərin vaxtından əvvəl keçirilməsi və heç bir ictimai müzakirə aparılmadan təkbaşına bu addımın atılması seçkilərin demokratik keçirilməsi ümidini məhv etdi. Biz mitinq məsələsində onu bildirmişdik ki, passiv boykot yox, aktiv boykotun tərəfindəyik. D18 Hərəkatı seçki gününü müşahidə edib, total saxtakarlıq haqqında cəmiyyətə informasiya verməyi düşünür. Əgər ümumi mitinq olacaqsa, hərəkatımız bu məsələni müzakirə edəcək". 

"NİDA-ya qarşı sayğısızlıqdır" 

Nida Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Məsud Əsgər isə Toplum.Tv-yə açıqlamasında Milli Şuranın müraciətinə belə münasibət bildirib: "Biz bu günlər ərzində növbədənkənar prezident seçkisi ilə bağlı müxalif partiya və təşkilatlarla görüş keçirdik. Birgə mübarizə üçün etdiyimiz təkliflərin nəticəsi olmadı. Sonradan Milli Şura mitinq üçün Müsavat və REAL-a müraciət ünvanladı. NİDA-ya müraciətin ünvanlanmamasını sayğısızlıq kimi qəbul edirik. Ancaq mövzu ölkə üçün əhəmiyyətli olduğundan bizə müraciətin olub-olmamasını ikinci dərəcəli məsələ hesab edirik. Adından da göründüyü kimi ümumxalq mitinqidir. Ölkənin taleyinə həssas yanaşan vətəndaşlar və hərəkat olaraq, istənilən prinsipial mövqe sərgiləyən etiraz aksiyasında və mitinqdə iştirak edəcəyik". 

Ölkə başçısı İlham Əliyev fevralın 5-də prezident seçkisinin növbədənkənar keçirilməsi ilə bağlı sərəncam imzalayıb. 

Sərəncama əsasən, ənənəvi olaraq oktyabr ayında keçirilən prezident seçkiləri bu dəfə aprelin 11-də keçiriləcək. 

Müxalifyönümlü partiya və təşkilatlar isə növbədənkənar prezident seçkilərini boykot etdiklərini bəyan edib və seçkinin nəticələrini tanımayacaqlarını açıqlayıblar.