Milli Şuranın piketində 30-a yaxın şəxs saxlanılıb

Milli Şuranın piketində 30-a yaxın şəxs saxlanılıb

08-10-2019 19:14 / Bu xəbər 5453 dəfə oxundu

Oktyabrın 8-i Milli Şura və Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında piket keçirib. 

Piketin məqsədi sərbəst toplaşmaq azadlığının bərpa edilməsidir.

İştirakçılar "Mitinq hüququmu qaytarın", "Qanuna hörmət edin", "Konstitusiyanı ləkələməyin", "Meydan xalqın haqqıdır", "Etiraz etmək haqqımızdır" pankartları açaraq azadlıq şüarları səsləndiriblər. 

Polislər piketə qatılmaq istəyənləri ərazidən uzaqlaşdırıb.

Piket zamanı 30-a yaxın şəxs saxlanılaraq Səbail Rayon Polis bölməsinə aparılıb. Orada bir neçə saat saxlanıldıqdan sonra sərbəst buraxılıblar.

Daxili İşlər Nazirliyi aksiyada saxlanılanlarla bağlı açıqlama yayıb. Açıqlamada deyilir ki, piket üçün müəyyən edilmiş vaxtdan xeyli qabaq müxtəlif yerlərdə toplaşaraq hüquq qaydasını pozmuş 17 şəxs xəbərdar edilmiş, 4 nəfər barəsində inzibati protokol tərtib olunub. 

"Polisin qanuni tələblərinə tabe olmayaraq küçə yürüşü keçirməyə cəhd edən 5 nəfər haqqında toplanmış inzibati materiallar məhkəməyə göndəriləcək, sərxoş halda olan və üzərində soyuq silah aşkarlanıb götürülmüş daha bir piket iştirakçısının əməlinə hüquqi qiymət veriləcək", - açıqlamada deyilir. 

Toplum.Tv