Milyardların ünvanı

Milyardların ünvanı

17-04-2020 13:46 / Bu xəbər 1465 dəfə oxundu

Rövşən Ağayev

Tədiyyə balansı statistikasına görə, böyük neft pullarının gəldiyi 2006-2019-cu illərdə Azərbaycanda formalaşan xalis valyuta yığımının (sərvətinin) məbləği 78 milyard dollar olub.

Xalis valyuta yığımı (sərvəti) ölkəyə daxil olan xarici valyutanın həcmi ilə ölkədən çıxan xarici valyutanın məbləği arasında fərqdir. Həmin 78 milyard dollar xalis valyuta kütləsinin 46 milyard dolları Dövlət Neft Fondunun ehtiyatlarına gedib. Yerdə qalan 32 milyard dolların taleyi sizə maraqlıdırmı?

Tədiyyə balansı göstərir ki, bu məbləğin 25 milyard dolları müxtəlif forma və təyinatda (depozit, investisiya, təyinatı müəyyən edilməyən vəsait) ölkədən çıxıb. Onun 13,4 milyard dollarının təyinatını tədiyyə balansı ümumiyyətlə dəqiqləşdirə bilmir. Yerdə qalan 12 milyard dollar isə investisiya və depozitlər bölməsində görünür. Çox güman, Mərkəzi Bankın qiymətli kağızlar və depozitlər ehtiyatı da bura daxildir.

Yerdə qalır 7 milyard dollar. Bu məbləğ ölkədən çıxmamış, sandıqda, kassada və ya nağd vəsait statusunda cari hesablarda saxlanan xarici valyuta kütləsidir.

Ölkədə normal milli sərvət statistikası olsa, bütün subyektlərin maliyyə sərvətlərini, onların valyuta strukturunu da aydın görmək olar. Nə zamansa normal statistika və idarəetmə olanda ilk görüləsi işlərdən biri milli sərvətlər statistikasını formalaşdırmaq olacaq. Mütləq…

novator.az