Mingəçevir Dövlət Dram Teatrından şikayət var

Mingəçevir Dövlət Dram Teatrından şikayət var

15-05-2019 11:33 / Bu xəbər 1583 dəfə oxundu

"30 aktyorun adı maaş cədvəlinə yazılır, amma 20 aktyora maaş verilir" 

"Mingəçevir Dövlət Dram Teatrında özbaşınalıq hökm sürür".

Bu barədə Arqument.Az-a daxil olan şikayət məktubunda bildirilir. 

Şikayətdə vurğulanır ki, tamaşaçıların teatra gəlməməsinin səbəbi də burada yaşanan qanunsuzluqlardır: "Teatra tamaşaçının gəlməməsinin əsas səbəblərindən biri teatrda yaşlı aktyorlara olan tamaşaçı marağının az olmasıdır. Çünki 15 yaşlı qız rolunu teatrın 75 yaşlı aktirisası Ella Yaqubova oynayır. Bu da tamaşaçıda qıcıq yaradır. Bunlardan əlavə, teatrın direktoru teatrdan heç bir anlayışı olmayan bir adamdır".

Teatrda baş verənlərdən narazılq edənlər iddia edirlər ki, burada rüşvət və korrupsiya halları da mövcuddur: "Teatrın direktoru Səxavət Məmmədov özünə yaxın 15 nəfəri işə götürüb. Kitabxanada çalışdırdığı 4-5 qadına birinci kateqoriya aktirisa maaşı verir. Bunlardan başqa, 30 aktyorun adı maaş cədvəlinə yazılır, amma 20 aktyora maaş verilir. Mingəçevir teatrı batıb gedir. Heç bir yaradıcılıqdan söhbət gedə bilməz.Tearda maraqlı tamaşalar oynanılmır. Tamaşaçı qıtlığı yaşayan teatr havayı maaş yerinə çevrilib. Teatrın xadimələri lazım gələndə tamaşada baş rolda oynayırlar".

"Soruşan yoxdur ki, teatrın direktoru sürdüyü bahalı avtomobili hansı pulla alır. Yaşadığı bahalı mənzilidə necə alıb. Bu qaranlıq işlərlə məşğul olan teatr rəhbərliyi yuxarılarla əlbir olub, necə deyərlər, teatrda gününü keçirir. Guya mədəniyyət naziri bu özbaşınalıqları görmür?", - şikayətçilər yazıblar. 

Mingəçevir Dövlət Dram Teatrının direktoru Səxavət Məmmədov Arqument.az-a bildirib ki,  iddialarla bağlı mediaya açıqlama vermək istəmir: "Şikayət varsa, hüquq mühafizə orqanlarına bildirsinlər. Biz ancaq hüquq mühafizə orqanlarına cavab verə bilərik. Mətbuata açıqlama vermək istəmirik".