Mingəçevirdə ''Azərbaycan İES''də yenə yanğın olub

Mingəçevirdə ''Azərbaycan İES''də yenə yanğın olub

05-07-2018 15:25 / Bu xəbər 1207 dəfə oxundu

Hadisə ölkə üzrə elektrik enerjisinin verilməsində problem yaratmayıb

Fövqəladə Hallar Nazirliyi iyulun 5-də Mingəçevirdə Azərbaycan İstilik Elektrik Stansiyasında daha bir yanğının baş verməsi barədə məlumat yayıb.

Məlumata əsasən, iyulun 5-də saat 08:25-də Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Mingəçevir şəhərində "Azərbaycan İES” MMC-nin ərazisində yanğın olması barədə məlumat daxil olub.

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri saat 08:28-də hadisə yerinə çatıblar.

"Yanğın zamanı cərəyan transformatorlarından birinin açarı, sarğıları və ətrafa dağılmış 400 m² sahədə transformator yağı yanıb.

Digər transformatorlar yanğından mühafizə olunub. Yanğın saat 08:46-da yanğınsöndürənlər tərəfindən söndürülüb”, məlumatda deyilir.

İyulun 2-i və 3-də "Azərbaycan İES”də baş verən iki yanğın ölkə ərazisinin əksər hissəsini elektrik enerjisiz qoyub.

İyulun 4-də prezident İlham Əliyev müşavirədə "Azərenerji” ASC-nin sədri Etibar Pirverdiyevə baş verən hadisələrlə bağlı utanmalı olduğunu bildirib.