Mirələmovun güzgüsü

Mirələmovun güzgüsü

10-12-2016 02:31 / Bu xəbər 1655 dəfə oxundu

Aynur İmran 

Son günlər bahalaşma onsuz da işsiz, imkansız milləti tamamən ac qoydu. Bir tərəfdən işıq-qaz problemi, o biri tərəfdən sərt qış şərtləri azmış kimi, bir tərəfdən də millət vəkilləri açıqlamaları ilə insanların qəniminə çevrilib. 

Bahar Muradovadan sonra deputat (millət vəkili deməyə dilim gəlmir) xalqı arıqlamağa, dieta saxlamağa dəvət edib. Şəxsən Mirələmov görkəmdə birinin bunu deməsi çox gülməlidir. Biri elə mən- heç vaxt kiməsə arıqlamağı tövsiyə etmərəm. Qorxaram, utanaram, "özün öküzə oxşayırsan, nə dilin var danışırsan” eşitməkdən çəkinərəm. Çünki sən qarşındakını təhqir edirsən, təhqirin də adekvat cavabı olmalıdır. Mirələmov isə bunu anlamır, güzgüsü əyridir yəqin ki. Hələ nəzərə alsaq ki, mən halal pulumla kökəlmişəm, nə kiminsə haqqın yemişəm, nə haqqım olmayan yerdə oturmuşam, o zaman məsələ bir qədər də ciddiləşir. Görünür Mirələmov o lüks yaşamını kimin hesabına əldə etdiyini unudur…

Bu millət zatən illərdir zülm çəkir, toplu dietadadır. İnsanların evinə ət, kərə yağı girmir. "Azərsun”un əldəqayırma yağlarına möhtacdı. Məmurlar monopoliyaya aldığı üçün bu ölkəyə sadəcə mal-heyvan yemi kimi istifadə olunan buğda girir. Millətin çörəyini də ondan təmin edirsiz. Bu qədər insafsızlıq, zalımlıq azmış kimi, bir də üzsüzlük var. Həyasızlığın ən üst səviyyəsidir ki, millət acından ölür, siz ona yorğana görə ayağını uzatmağı təklif edirsiz.

Məsələn, Bahar Muradova… Xatırlayan varmı Bahar Muradiva bu il neçə dəfə füzulililərin problemindən danışıb Milli Məclisdə?

"Google”da bir axtarış apardım. Bu il Füzilidə intiharlar və qətllər daxil olmaqla xeyli sosial problemlər üzündən yaranan narazılıqlar yer alıb mətbuatda. Heç olmasa biri barədə danışıbmı, xanım Muradova? Mən eşitməmişəm.

Və ya başqa bir sual – Bahar xanımın Milli Məclisə geyindiyi paltarlar, taxdığı cəvahirat, gündəlik saçı, makiyajı onun maaşına münasibdirmi sizcə? Eləcə də başqa deputatların geyimi və ya geçimi…

Bir təqaüdçünün aldığı 120 manat, Bahar xanımın geyim siyahısında sadəcə münasib yerini örtmək üçün alacağı paltarının quymətindən belə çox-çox aşağıdır. Millətin yorğanını, dietasını müzakirə eləməkdənsə, geyindiyinizin, mindiyinizin, o cümlədən yaşadığınız lüks villaların hesabını verin. Maaşınız uyğun gəlmirsə hardandır bu varidatın mənbəyi?! Bəlkə başqa ölkələrə agentlik edib pul alanlarınız var?

Sizin yorğanın açıq tərəfini kim və ya hardan gələn vəsait qapayır, bundan danışın. Dietaya ehtiyacınız niyə yoxdur məsələn? Sizi ora seçən xalqdan hansı keyfiyyətinizə görə yaxşısız ki,  belə dəbdəbə içində yaşayırsız? Suallar çoxdur. Burunlarını camaatın qazanından, yorğanından evlərinin içinə çəksələr, bəlkə daha aydın görərlər…

24saat.org