Mirzə Cəlil sağ olsaydı...

Mirzə Cəlil sağ olsaydı...

23-02-2019 02:53 / Bu xəbər 1489 dəfə oxundu

Vüqar Mirzəbəy

Günümüzdə inkişaf etmiş, tərəqqipərvər xalqların yaxın və ya uzaq tarixinə baxanda görürsən ki, hər birinin özünəməxsus eyibləri olub. 

Məsələn, inkişaf etmiş və digər dövlətlərin də inkişaf üçün nümunə götürdüyü Avropa dövlətlərində 400-500 il əvvəl əsl cəhalət hökm sürürdü: inkvizisiya məhkəmələri qurulurdu, təbiətdən ot-mot toplayıb vəba əleyhinə dərman düzətməyə çalışanları tonqalda yandırırdılar, keşişlər avam camaatı aldatmaq üçün indulgensiya adi ilə "cənnət qəbzləri” satırdılar.

İşə baxın, avropalı üçün də avam demək olarmış. Amma sözügedən avropalı indi yox, 400-500 il əvvəl yaşamış avropalı idi. Hərçənd ki, Şərq aləmi də o dövrdə indiki kimi yerində saymırdı, əksinə inkişaf edirdi. İnkişaf edirdi etməyinə, amma elmdə, maarifdə yox...

Uzağa getməyək, götürək elə özümüzü. Ən sevdiyimiz məşğuliyyətin adı "bir-birini qırmaq” idi. İndi də yaman "modda” olan bu sevimli məşğuliyyətimiz orta əsrlərdə çox qanlı-qadalı olub. 

Biz bir şərqli kimi bir-birimizi qıranda uzaq Avropa məmləkətləri də bir-birinin atasının qəbrinə od qoyurdular. Amma uzaq Avropa ölkələri sonda bu vay-şivənə son qoydular. 

Bir qisim ağıllı, dünyagörmüş, hər cürə müsbət xüsusiyyətlərə sahib möhtərəm şəxsiyyətlər deyir ki, əvvəllər Şərq inkişada çox qabaqda idi. Hətta iddia edirlər ki, "kafir" avropalılar hamamda çimmək, yeməkdən qabaq əl yumaq, alt paltarını dəyişmək nədir bilməzmiş...

Bu gözəl keyfiyyətləri Qüds şəhərini müsəlmanlardan geri almaq üçün təşkil etdikləri Səlib yürüşlərindən sonra öyrəniblər. İşə bax, di gəl ki, bu iddiaları edib hətta bunu tarix kitablarına belə salmağı bacaran şəxsiyyətlərin III-IV əsrə aid Fin hamamlarından, Ellin, Latın mədəniyyətindən xəbəri yoxdur. Nə isə bu sonranın işidir, sonra avropalını çimizdirib, əlini yuyarıq.

Ələxsus bu möhtərəm şəxslər iddia edir ki, əvvəl biz inkişaf edirdik, sonradan onlar. Bu ona bənzəyir ki, futbol matçında 2-1 hesabla məğlub olan komandanın məşqçisi oyundan sonrakı mətbuat konfransında desin: birinci qolu biz vurduq, sonra onlar 2 qol vurub qələbə qazandılar. Adama deyərlər, mənim nəyimə lazımdır kim əvvəl inkişaf edib? Əsas nəticədir və nəticə olaraq biz geridə qalmışıq, özü də çox geridə...

Vaxtilə Şərqin geridə qaldığını görüb ürəyi yananlardan biri də rəhmətlik Mirzə Cəlil olub.

Bu gün də onun doğum günüdür. Mirzənin yazdığı ən möhtəşəm əsərlərdən biri olan ”Ölülər” əsəri idi. Bu əsər Şərqin möhvümata, cəhalətə, xurafata inanaraq ondan istifadə edən "din xadimləri"nin ən böyük ifşası sayılır. 

”Ölülər”, "Danabaş kəndinin əhvalatları”, ”Poçt qutusu”, ”Usta Zeynal” və s. bəzi əsərlər vasitəsilə Şərqin xüsusilə də Azərbaycanın mədəni səviyyəsinin nə qədər aşağı olduğunu göz önünə sərir. 

Mirzə Cəlilin yazdığı satira vasitəsilə cəmiyyətə sanki "sillə” vurulurdu. İndinin özündə də Mirzənin vaxtilə yazdığı kimi cəmiyyətin eyiblərini deməklə onu şillələmək lazımdır. 

Bu ona bənzəyir ki, özündən getmiş bir adama şillə vurub onu ayıldasan. Bu şillə onu incitsə də, hətta üzündə iz belə qoysa da, nəticə olaraq həmin adam ayılır, özünə gəlir. 

Ona görə ilk növbədə ayılmaq, özünə gəlmək lazımdır. Daha sonra da irəliyə addımlaya bilmək üçün çalışmaq lazımdır. 

Mirzə Cəlil sağ olsaydı, bu gün də bizi daha şiddətlə sillələyirdi...