Mitinqə getdiyinə görə işdən çıxarılan həkim məhkəməyə üz tutub

Mitinqə getdiyinə görə işdən çıxarılan həkim məhkəməyə üz tutub

02-11-2017 19:03 / Bu xəbər 1510 dəfə oxundu

''Həm məcburi buraxılmış iş günlərinin əmək haqqının ödənilməsini, həm də mənəvi kompensasiya tələb etmişəm''

Azərbaycan Demokrat Partiyası (ADP) sədrinin birinci müavini, ixtisasca həkim olan Həsrət Rüstəmov məhkəməyə müraciət edib. O, oktyabrın 6-da işdən çıxarılıb. Siyasətçi buna səbəbin Milli Şuranın mitinqlərində iştirakı olduğunu deyir və yenidən işə bərpa edilməsini istəyir.

Həsrət Rüstəmovun iddiasına noyabrın 7-də Nəsimi Rayon Məhkəməsində baxılacaq.

Meydan TV-yə danışan Həsrət Rüstəmov məhkəmədə vəkilinin olmadığını deyib:

"İddianı partiya yoldaşım, hüquqşünas Taliyət Əliyevlə birgə hazırlamışıq. İlkin proseslərdə müdafiə işini özüm quracam, hələ vəkil lazım deyil. Ölkədə vəkillərin azlığı məlumdur, ancaq bir neçə prosesdən sonra müstəqil vəkillərdən birinə müraciət edəcəyəm”.

H.Rüstəmov məhkəmədən nikbin gözləntisi olmadığını söyləyir:

"Əvvəlki məhkəmə təcrübələrim və sistemin durumu belə fikirləşməyə sövq edir. Amma hər şey ola bilər. Mən işə bərpa haqqında iddia qaldırmışam. Həm də məcburi buraxılmış iş günlərinin əmək haqqının ödənilməsi və mənəvi kompensasiya tələb etmişəm”.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri müavini Həsrət Rüstəmov oktyabrın 6-da Bakı Şəhər Təcili Yardım Stansiyasındakı işindən uzaqlaşdırılıb. 

Həsrət Rüstəmov Bakı Şəhər Təcili Yardım Stansiyasına 2012-ci ildə imtahanla qəbul olunduğunu deyir. 

Partiya sədrinin müavini deyib ki, ona təzyiqlər Milli Şuranın 23 sentyabr mitinqindən sonra başlayıb:

"Hansı əsas yazsalar belə, Əmək Məcəlləsinə ziddi və uydurulmuş olacaq.  Çünki iş yoldaşlarım rəhbərliyin çətin duruma düşdüyünü dedilər”.

Bakı Şəhər Təcili Yardım Stansiyasının baş həkimi Meydan TV-nin sualını cavablandırmayıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən isə məsələdən xəbərsiz olduqlarını, araşdırıb gələn həftə məlumat verəcəklərini bildiriblər.

Milli Şuranın ilk "Talana yox” mitinqi sentyabrın 23-də keçirilib. Növbəti aksiyalar isə oktyabrın 7-də və 28-də olub.

Aksiyalarda Milli Şura rəhbərliyi hökumətin neft siyasətini kəskin tənqid edib. Bildirilib ki, Azərbaycanın neft siyasəti xalqın yox, Əliyevlər ailəsinin maraqlarına xidmət edir. Milli Şura rəhbərliyinin fikrincə, Azərbaycanda korrupsiyanın başında birbaşa prezident İlham Əliyev durur.

Aksiyalarda iştirak edən onlarla insan işdən çıxarılıb, mitinqöncəsi həbs edilib.

Bakının Zirə qəsəbəsində yerləşən 120 saylı poçt şöbəsinin poçtalyonu, Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Mehriban Hüseynli Meydan TV-yə 7 oktyabr mitinqində iştirak etdiyinə görə işdən çıxarıldığını bildirmişdi:

"Sonuncu mitinqdən sonra düşdülər üstümə. Bilirəm, mitinqə getdiyim üçün işdən çıxardılar. Bütün bunlar sadəcə insanları yormaq üçündür”.

AXCP-nin Ağsu rayon şöbəsinin üzvü Mirdamət Həsənov da oktyabrın 2-də işlədiyi Kommunal Təsərrüfat İdarəsindən çıxarılıb. O da səbəb kimi Milli Şuranın 23 sentyabr mitinqində iştirak etməsini deyib.

AXCP-nin Rəyasət Heyətinin üzvü Eldar Hüseynov Dövlət İqtisad Universiteti İnformasiya və İqtisadi Texnologiyalar kafedrasından, cəbhəçi Elmi Usubov isə həkim işlədiyi tibb müəssisəsindən çıxarılıb. Onlar da eyni səbəbi göstəriblər.

Mitinqöncəsi aksiyanın təşkilatçıları Bakı şəhər Baş Polis İdarəsinə dəvət edilərək, xəbərdarlıq aldıqlarını da bildiriblər. Milli Şuraya daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) 10-dan çox fəalı saxlanaraq inzibati qaydada həbs edilib. Onlar polisin qanuni tələbini yerinə yetirməməkdə ittiham ediliblər.

Ancaq bu mitinqlərdən sonra hakim Yeni Azərbaycan Partiyasının (YAP) funksionerləri KİV-lərə müsahibə verərək Milli Şura rəhbərliyinin özünü korrupsiyada ittiham ediblər. Aksiyaların Azərbaycanı sevməyən qüvvələrin sifarişi olduğunu deyiblər.

Milli Şura bəyan edib ki, inzibati həbslər, işdən çıxarılmalar aksiyanın kütləviliyinin qarşısını almağa xidmət edir.

Ancaq prezident İlham Əliyev də mitinqlərə münasibətdə bildirib ki, ölkədə sərbəst toplaşmaq azadlığı təmin edilir. Sadəcə, prezidentin fikrincə xalq belə aksiyaları dəstəkləmir.

Demokratik Qüvvələrin Milli Şurası 2013-cü il Azərbaycan Respublikası prezidenti seçkiləri ərəfəsində müxalif siyasətçilərin birliyi kimi yaradılıb.