Mitinqə icazə verilmədi

Mitinqə icazə verilmədi

12-02-2019 17:13 / Bu xəbər 417 dəfə oxundu

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Qarabağ Komitəsinin (QK) mitinqlə bağlı müraciətinə yenə müsbət cavab verməyib.

Bunu Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri, aksiyanın təşkilatçılarından Akif Nağı bildirib.

«Yazılı cavabda aksiyaya icazə verilməməsini Bakı Şəhər İcra Hakimiyyəti «prezidentin Qarabağ problemi ilə məşğul olması və indiki halda aksiyaya ehtiyac olmaması» ilə izah edir», - A.Nağı qeyd edib.

O deyib ki, fevralın 13-də Qarabağ Komitəsi Ali Məclisinin toplantısının keçirilməsi gözlənir və bu məsələ orada müzakirə edildikdən sonra mitinqlə bağlı uyğun qərar qəbul olunacaq.

Təşkilatçıların sözlərinə görə, fevralın 16-na planlaşdırılan aksiyada «Qarabağa azadlıq!», «İşğala son!» və başqa oxşar şüarların səsləndiriləcəyi nəzərdə tutulurdu.

Bu Komitənin ötən ilin sentyabrında Qarabağ münaqişəsinin tənzimlənməsinin gündəmdə saxlanılması məqsədilə yaradıldığı açıqlanıb. Komitə ötən il sentyabrın 29-da Bakıda «Qarabağa azadlıq!» şüarı ilə mitinq keçirib.

Qurumun sonra nəzərdə tutduğu aksiyalar isə şəhər rəhbərliyi ilə razılaşdırılmadığından təxirə salınıb.

Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. 1994-cü ildə iki ölkə arasında gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Azadliq Radiosu