"Mülki geyimlilər məni tutub Vüsal Novruzovun yanına apardılar" - Generaldan şikayət var

20-07-2017 18:50 / Bu xəbər 2062 dəfə oxundu

Bu gün mətbuatda iş adamı, Azərbaycan Yazıçılar Birliyinin üzvü Tural Bayraməliyevin ölkə başçısı İlham Əlyevə müraciəti yayılıb.
 
Müraciətdə Dövlət Gömrük Komitəsinin əməkdaşı Şadiyə Salehlinin və Bakı Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Vüsal Novruzovun adı keçir. Belə ki, generalın adı adam oğurladaraq yanına aparmaqda və hədələməkdə hallandırılır. 

Müraciət müəllifi bir müddətdir qarşı tərəfin təhdidləri ilə üzləşdiyini və bundan ailəsinin belə əziyyət çəkdiyini bəyan edib. O, çıxış yolunu ölkə başçısı İlham Əliyevə, eyni zamanda ölkənin birinci vitse-prezidenti Mehriban Əliyevaya ərizə ilə müraciət etməkdə görüb.

Müraciətdə kifayət qədər ciddi nüansların olduğunu nəzərə alıb onu kiçik ixtisarla təqdim edirik:

"Biznes ortağımı - Dövlət Gömrük Komitəsinin əməkdaşı Şadiyə Salehlini şərəf və ləyaqətimə xələl gətirən ifadələr işlətdiyi və ictimailləşdirdiyi üçün məhkəməyə vermişəm. O, bir müddət əvvəl mənim şərikli biznes qurmaq adı ilə onu aldadıb və 405 min ABŞ dolları pulunu aldığım barədə mətbuata əsası olmayan məlumat verib. Həmin xanımla uzun illərdir ki, işbirliyimiz var. Onu "Daş-Çınqıl Servis” MMC adlı tikinti şirkətimdə 15 faiz rəsmi ortaqlıq müqaviləsi ilə işə dəvət etmişəm və yüksək qazanc əldə edib. Böhran zamanı şirkəti satdım. Bir müddət sonra o, yenidən mənə şərikli çalışmaq məqsədi ilə müraciət edib, "birlikdə nə iş görə bilərik, pul qazanaq?”. Türkiyədə, İstanbulun mərkəzində açmağa hazırlaşdığım restoranla bağlı ona iş təklifi etdim. Mən restoranı onun qatqısı olmadan da açacaqdım. Sadəcə, təklifini qırmayıb, ortaqlığa razı oldum".

Şikayətçi bildirib ki, məhkəməyə verdiyi şəxsi gömrük genaralı Vüsal Novruzov himayə edir: "Restoranın tikinti işləri başa çatmaq üzrədir. Heç bir problrem yaranmayıb və sənədlər qaydasındadır. Açılışına sayılı günlər qalıb. Lakin o, heç bir əsası olmayan iddia irəli sürüb. Nüfuzuma xələl gətirməyə çalışıb. Onun barəmdə söylədiyi fikirlərin sübutu yoxdur. Şərikli işlədiyimiz zamanda mənim ona borcum qalmayıb. Bunu sübut edən səs yazısı var. Hətta Salehliyə bu günə qədər külli miqdarda faizə pul ödəmişəm. Qarşı tərəf isə məni Bakı Baş Gömrük İdarəsinin rəisi Vüsal Novruzovla hədələyib. Həmin qadın mənə dedi ki, idarənin rəisi Vüsal Novruzova demişəm, gör sənə neyləyəcək. Şadiyə Salehlinin həyat yoldaşı ilə Vüsal Novruzovun şərikli biznesi var. Daha sonra Bakı şəhər prokurorunun köməkçisi Tural Aslanov mənə zəng vurub, bu sözləri dedi: "Bu işə görə tapşırıq var, gəlməlisən bura, məsələni həll etməliyik”. Hədə-qorxu gəlir. Mənim Şadiyə adlı xanıma bir qəpik borcum olmadığı halda, istintaqa cəlb olunuram. Həmin qadının dələduzluq iddiası tək mənə qarşı olmayıb. Bir müddət əvvəl Tehranə adlı bir qadınla şərikli biznes qurub. İş istədikləri kimi yürümədiyindən ortaqlığı pozan Şadiyə ona, "sənə faizə pul vermişəm”, - deyib və bunun 3 mislini tələb edərək, evini əlindən alıdırıb. Eyni hadisəni mənim də başıma açmaq istəyir".

O deyir ki, Vüsal Novruzov mülki şəxslərə göstəriş verib, həmin şəxslər də onu polis adı ilə saxlayaraq generalın "hüzuru"na aparıblar: "Onu da diqqətinizə çatdırım ki, 2011-ci ilin mayında Bakı Baş Gömrük İdarəsinin rəisi, general Vüsal Novruzov arxamca 5 nəfər saldırıb. Onlar "Ramstore” deyilən ərazidə mənə yaxınlaşıblar. Özlərini polis kimi təqdim ediblər. Avtomobilə oturandan sonra məni polis bölməsinə deyil, gömrüyün idarəsinə gətiriblər. Yolda dedilər ki, "idarədə hər şeyi başa düşəssən”. V.Novruzov məni qəbul edərək, biznes fəaliyyətimə qadağa qoyub. "Bu fəliyyətlə məşğul olmayacaqsan, gömrüklə çalışmayacaqsan”, - deyib. 

Məcbur Türkiyə ilə bağlı olan biznesimə son qoydum. 2013-cü ildə məni yenidən gömrük idarəsinə dəvət ediblər: "Sənin idarəyə borcun var”, - deyiblər. Rüsumu ödədiyimi bildirərək, bunu yazılı sübutla onlara təqdim etmişəm. Bundan sonra fikirlərini geri götürüblər. İndi Şadiyə ilə əlbir olaraq, mənə təzyiqlər göstərir. Müxtəlif nömrələrdən mənə zəng gəlir. Tənqid edirlər, hədələyirlər. Hazırda qeyri-qanuni olaraq, şəhər prokurorluğundan müstəntiq Fuad İsmayılov valideynlərimə zəng vuraraq, onları prokurorluğa ifadə verməyə çağırırlar. "Gəlməsəniz, məcbur gətirəcəyik, - deyə təhdidə yol verirlər. Bunu ancaq məhkəmə qərarı ilə edə bilərlər. Bu kimi məmurlar məni ölkədən uzaqlaşmağa məcbur etdilər. Eyni zamanda ailə üzvlərimin ölkəyə giriş və çıxışına qadağa qoyulur, məcbur edirlər ki, bu qədər faiz pul ödəməlisən. Bu, özbaşınalıqdır". 

"Dəfələrlə şeir və bəstələrimdə ulu öndərimiz Heydər Əliyevə, İlham Əliyevə olan sevgi və ehtiramımı bildirmişəm. Qeyd edim ki, "Ülu Öndər”, "Ölməz prezident”, "Xalqımızın qəlbindəsən”, "Bu millətin böyük sərkərdəsisən”, "Azərbaycan bayrağı”, "Müstəqil Azərbaycan”, eyni zamanda Ulu Öndərin xatirəsinə ithaf etdiyim "Nəğmələr” adlı kitabın müəllifiyəm. Dövlətimə can-başla qulluq etməyə hər zaman hazıram və sizin siyasətinizi hər zaman dəstəkləmişəm və ömrüm boyu dəstəkləyəcəm. Amma dövlət kürsüsündə oturan məmurların günahsız insana qarşı bu cür davranışı məni danışmağa vadar edib. Ümid edirəm ki, haqq yerini tutacaq və günahkar insanlar cəzasız qalmayacaq. Eyni zamanda Sizin özbaşınalıqla məşğul olanların cəzalandırılması ilə bağlı açıqlamanız görünür ki, Vüsal Novruzova dərs olmayıb", - şikayətçi bildirib. 

Yazıdakı iddilarla bağlı Gömrük Komitəsindən məlumat almaq mümkün olmayıb.