Müsavat AKM Avropanın 5 şəhərində aksiya keçirib
18-06-2017 23:51 / Bu xəbər 1580 dəfə oxundu
Müsavat Avropa Koordinasiya Mərkəzi (Müsavat AKM) iyunun 17-də Avropanın müxtəlif şəhərlərində aksiyalar keçirib.
Müsavat AKM-in təşkilatçılığı ilə keçirilən aksiyalar əsasən də Almaniyanın Frankfurt, Dortmund, Nürnberq, Fransanın Laval, İsveçin Höteborq şəhərlərində reallaşıb.
Aksiyanın əsas şüarı "Siyasi məhbuslarsız Azərbaycan" olub.
Aksiyalarda siyasi məhbuslar - Əfqan Muxtarlı, Gözəl Bayramlı, Mehman Hüseynov, İlqar Məmmədov, İlkin Rüstəmzadə, Qiyas İbrahim, Bayram Məmmədov, Fuad Qəhrəmanlı, Seymur Həzi və digərlərinin azadlığı tələb edilib.
Frankfurtda keçirilən aksiyadan "Basta”ya məlumat verən Müsavat AKM-in təmsilçilərindən biri Əhməd Cəlaloğlu aksiyada qəbul olunan qətnamənin beynəlxalq Qurumlara təqdim olunduğunu bildirib.
Qətnamədə Əfqan Muxtarlının və Gözəl Bayramlının həbsi pislənilir, bütün siyasi məhbusların azad edilməsi tələb olunur. Aksiyanın qətnaməsində həmçinin İsa Qəmbərin, Arif Hacılının, Gülağa Aslanlının və Mustafa Hacıbəylinin prokurorluğa çağırılması hakimiyyətin Müsavat Partiyasına qarşı təzyiqi kimi qiymətləndirilir və buna son qoyulması tələb edilir.
Mitinqdə çıxış edən Müsavat AKM-in sədri İlham Həsən Azərbaycanda azad və demokratik cəmiyyətin qurulmasınadək aksiyaların davam edəcəyini bildirib.
Müsavat başqanı Arif Hacılı öz "facebook" səhifəsində aksiyaların təşkilatçılarına və iştirakçılarına öz təşəkkürünü bildirib.