Müsavat aksiyadakı təhqirlərlə bağlı hansı addımı atacaq? - İsa Qəmbərdən açıqlama

Müsavat aksiyadakı təhqirlərlə bağlı hansı addımı atacaq? - İsa Qəmbərdən açıqlama

04-02-2017 02:41 / Bu xəbər 2118 dəfə oxundu

Fevral ayının 2-də bir qrup şəxs Müsavat Partiyasının qərargahı önünə toplaşaraq partiyanın, İsa Qəmbərin və Arif Hacılının unvanına təhqirlər səsləndirib. 

"Müsavata ar olsun”, "Yaşasın Heydər Əliyev”, "Yaşasın İlham Əliyev” kimi şüarları səsləndirən şəxslərin bu aksiyasına münasibət öyrənməyə çalışdıq. 
 
Yalçın İmanov: "İsa Qəmbər məhkəməyə müraciət edə bilər" 

Hüquqşünas Yalçın İmanov Toplum.Tv-yə açıqlamasında Müsavat Partiyasının qarşısında keçirilən piketin razılaşdırılmamış aksiya olduğunu deyib. 

O, partiyanın təhqirlərlə bağlı məhkəməyə müraciətetmə hüququnun olduğunu vurğulayıb: "Sərbəst toplaşmaq azadlığı haqqında qanuna görə toplantıların keçirilməsi barədə nəzərdə tutulmuş gündən 5 iş günü əvvəl yazılı şəkildə Başı Şəhər İcra Hakimiyyətinə yazılı qaydada müraciət olunmalıdır. Müraciətdə toplantının yeri, zamanı, məqsədi və iştirak edəcək şəxslərin təxmini sayı qeyd olunmalıdır. Tutaq ki, "Müsavat" partiyasının qarşısında filan məsələ ilə bağlı etiraz aksiyası keçiriləcək. Partiya qarşısında keçirilən aksiyanın qanuna müvafiq qaydada İcra Hakimiyyətilə razılaşdırılmağı görünür. Digər tərəfdən aksiyada İsa Qəmbər ona qarşı səsləndirilən təhqir və böhtan xarakterli fikirlərlə bağlı Cinayət Məcəlləsinin 147-148-ci maddələrinə uyğun olaraq böhtan və təhqir səsləndirən şəxslərə qarşı məhkəməyə müraciət edərək, həmin şəxslər barəsində ittiham hökmünün çıxarılmasını tələb edə bilər".
 
İsa Qəmbər: "Məhkəməyə müraciət etmək fikrimiz yoxdur"

Müsavat Partiyasının sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər Toplum.Tv-yə bildirib ki, hakimiyyət ciddi narahatçılıq içərisində olduğu üçün bir qrup şəxs vasitəsilə ona və Müsavat Partiyasına təhqirlər ünvanlayıb: "Hakimiyyətin bərbad siyasəti, korrupsionerliyi nəticəsində ölkə dərin iqtisadi-sosial böhran içərisindədir və bizim bütün təkliflərimizə, ideyalarımıza, "YOX" ərizələrimizə baxmayaraq, hakimiyyət böhranın qarşısının alınması üçün heç bir gerçək tədbir görə bilmir və cəmiyyətin fəallaşmasından narahatdır. Biz bildirmişdik ki, sosial-iqtisadi böhranın dərinləşməsi ictimai gərginliyin tədricən siyasi gərginliyə keçməsinə səbəb olacaq. İndi isə həmin hadisələri müşahidə edirik. Cəmiyyət, demokratik düşərgə fəallaşır, Müsavat Partiyası toparlanır. Partiyanın son vaxtlar keçirdiyi tədbirlər, eyni zamanda 31 yanvarda M.Ə.Rəsulzadənin 133-cü il dönümünə həsr olunmuş anım tədbiri hakimiyyət dairələrini çox ciddi şəkildə narahat edib".
Картинки по запросу İsa Qəmbər
İsa Qəmbərin sözlərinə görə, onların keçirdiyi tədbirlərdə irəli sürülən ideya, fikir və dəqiq təhlillər hakimiyyəti qəzəbləndirib: "Hesab edirəm ki, toplantılarımızda, o cümlədən, 31 yanvar tədbirindəki çıxışlarımızda səslənən ideyalar, fikirlər hakimiyyəti qəzəbləndirib. Onlar sivil, mədəni söhbətə, hansısa bir şəkildə mövqe bildirməyə hazır deyillər. Bu hakimiyyət yalnız zorakılıq, yalan, indiki situasiyada isə təhqir üsulundan istifadə edərək, təhqir aksiyası keçirməklə cavab verməyə çalışır. Buna görə də, bir qrup öyrədilmiş adam hakimiyyətin sifarişi və polisin müşayiətilə Müsavat Partiyasının qarşısında təhqir aksiyası keçirib, bizləri təhqir etdilər. Sonra da polisin müşayiəti ilə oranı tərk etdilər. Gələnlərin əksəriyyəti hara, nə üçün gəldiklərindən xəbərdar deyildilər. Mən bu təhqir aksiyası ilə bağlı xüsusi bir addım atmağı düşünmürəm, bu rejimin sahibləri ilə mübarizə aparıram. Onların öyrədib göndərdiyi 5-10 nəfəri məhkəməyə vermək o qədər də cəlbedici fikir kimi görünmür. Aydın məsələdir ki, hakimiyyətin bu cür addımları bizi mövqeyimizdən, prinsipial və ardıcıl xəttimizdən çəkindirə bilməz. Biz xalqımız naminə fəaliyyətimizi davam etdirəcəyik və bu rejim əvvəl-axır xalq qarşısında hesab verməyə məcbur qalacaq".

Daxili İşlər Nazirliyinin mətbuat xidmətidən məsələyə münasibət öyrənmək mümkün olmadı. Belə ki, quruma etdiyimiz çoxsaylı zənglər cavabsız qaldı. 

Qeyd edək ki, Müsavat Partiyası qərargahının qarşısında bir qrup şəxs etiraz aksiyası keçirib.

Onlar Milli Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbərin yanvarın 31-də Novxanıda keçirilən tədbirdəki çıxışına etirazlarını bildirdiklərini iddia ediblər. 

Müsavat Partiyası isə açıqlama yayaraq, bu aksiyanın hakimiyyət tərəfindən təşkil olunduğunu bildirib. 

Ofelya Ramilqızı