Müsavat Bakı meriyasının binası qarşısında piket keçirdi - VİDEO

Müsavat Bakı meriyasının binası qarşısında piket keçirdi - VİDEO

03-11-2017 18:49 / Bu xəbər 1618 dəfə oxundu

Partiyanın saxlanılan 9 üzvü xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb

Noyabrın 3-də Müsavat Partiyası Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) qarşısında aksiya keçirib.

Təxminən 40-50 nəfərin iştirak etdiyi aksiyada partiyanın 9 üzvü, başqan müavinləri Tofiq Yaqublu, Səxavət Soltanlı, Elman Fəttah, jurnalist Mustafa Hacıbəyli, partiyanın gənclər təşkilatının sədri Əbülfəz Sadıqbəyli və digər üzvləri Zeynal Zeynalov, Vidadi Zamanov, Əziz Məmiyev, Rəhim Yaqublu saxlanılıb.

Onlar təxminən 1 saat sonra polisin şifahi xəbərdarlığı ilə sərbəst buraxılıblar.

Bu barədə Meydan TV-yə partiya üzvü Nigar Yaqublu məlumat verib.

Müsavat Partiyası oktyabrın 21-də Bakıda yürüş keçirmək barədə şəhər icra hakimiyyətindən (BŞİH) razılıq almadıqdan sonra BŞİH binası önündə piket keçirmək istəyini bildirmişdi. Oktyabrın 30-da BŞİH partiyaya "yox” cavabı verilib və qeyd edilib ki, piketin keçirilməsi məqsədəuyğun hesab edilmir.

"Ümumiyyətlə, Azərbaycan Respublikası rayon və şəhər icra hakimiyyəti orqanlarının inzibati binalarının ətrafında 200 metr radius çərçivəsində toplantıların keçirilməsi məhdudlaşdırılır”, - deyə icra hakimiyyətindən bildirilib.

Müsavat Partiyası BŞİH-in bu qərarını qanunsuz sayaraq noyabrın 3-də piket üçün yenidən müraciət göndərib.

İcra Hakimiyyəti piketə icazə verməməsini Bakı şəhərində nəqliyyatın sayının artmasını, aksiyanın nəqliyyatın və piyadaların hərəkətinə mane olacağı ehtimalını əsas gətirmişdi.

Mitinqdən foto

Müsavat Partiyası hesab edir ki, icra hakimiyyətinin belə cavabı sərbəst toplaşmaq azadlığının formalarından biri olan yürüş və nümayişlərin birdəfəlik qadağan olunması kimi qiymətləndirilməlidir:

"Bu, ölkə Konstitusiyasının və "Sərbəst Toplaşmaq Azadlığı Haqqında Qanun”un kobud şəkildə pozulmasıdır. Bu qərar eləcə də, ölkə başçısı İlham Əliyevin bugünlərdə mötəbər bir tədbirdə söylədiyi "Azərbaycanda sərbəst toplaşmaq azadlığı təmin olunur” fikrinin əsassız olduğunu təsdiqidir.

Müxtəlif idman yarışları və digər tədbirlər keçirilərkən nəqliyyatın hərəkətinə günlərlə tətbiq edilən məhdudiyyətlər də sübut edir ki, yürüş qadağası ilə hakimiyyət paytaxt sakinlərinin deyil, özünün antidemokratik maraqlarından çıxış edir, rəqiblərinin siyasi fəaliyyət imkanlarını məhdudlaşdırmaq siyasətini davam etdirir” – partiyanın açıqlamasında deyilirdi.

Oktyabr ayında Avropa Birliyi Şurasından gələn qonaqları qəbul edən prezident İlham Əliyev aksiyalar məsələsinə toxunaraq, deyib ki, Azərbaycanda sərbəst toplaşmaq azadlığı təmin edilir.

"Sadəcə xalq belə aksiyaları dəstəkləmir”, - prezident deyib.