Müsavatçı bəraət tələbi ilə şikayət verib

Müsavatçı bəraət tələbi ilə şikayət verib

29-08-2019 16:28 / Bu xəbər 1036 dəfə oxundu

Müsavat Partiyasının üzvü Azad Həsənova çıxarılmış hökmdən şikayət verilib. 

Bu barədə "Novator.az" danışan vəkil Osman Kazımov deyib.

"Biz Azad Həsənova bəraət istəyirik və bunun üçün Bakı Apellyasiya Məhkəməsinə üz tutmuşuq” - vəkil deyib.

2003-cü ildən Müsavat Partiyasının üzvü olan 35 yaşlı Azad Həsənov 2014-cü ilin fevralında Azərbaycandan mühacirət edib və ailəsi ilə birgə Litvadan siyasi sığınacaq alıb. 2018-ci ilin payızında o, ağır xəstələnən atasına baş çəkmək üçün Azərbaycana gələrkən oktyabrın 11-i Bakıda həbs edilib. Müsavatçıya Cinayət Məcəlləsinin 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxsin və ya mütəşəkkil dəstənin qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlaması, istehsal etməsi, saxlaması, daşıması, göndərməsi və ya satması) maddəsi ilə ittiham verilib.

Bu il fevralın 11-dən Bakı Ağır Cinayətlər Məhkəməsində iş üzrə proses keçirilib. Avqustun 5-də məhkəmə ittihamı yumşaldıb. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımada təqsirli bilinən Azad Həsənov 1 il həbs cəzası təyin edilib, ancaq o, şərti cəza ilə azadlığa buraxılıb.