Müsavatçı fəalın məhkəməsinə yarım saat qalmış vəkilə xəbər verilib
05-06-2018 16:23 / Bu xəbər 1883 dəfə oxundu
Müsavatçı fəalın Apellyasiya məhkəməsi olub.
Müsavat partiyasından "Basta” ya verilən məlumata görə bu gün müsavatçı fəal Elvin Abdullayevin Bakı Apellyasiya Məhkəməsində məhkəmə prosesi keçirilib.
E.Abdullayevin məhkəməsində iştirak edən vəkil Osman Kazımovun bildirdiyinə görə məhkəməyə yarım saat qalmış vəkilə xəbər verilib.
Osman Kazımov bildirib ki, Elvin Abdullayevin barəsində verilən hökm qüvvədə qalıb.
Qeyd edək ki, Müsavat Partiyası Xətai rayon təşkilatınım sədr müavini, keçmiş siyasi məhbus Elvin Abdullayev mayın 22-də həbs edilib.
Xətai Rayon Məhkəməsi hakim Bəxtiyar Məmmədovun sədrliyi ilə Elvin Abdullayevə İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə (polisə tabe olmamaq) 30 sutka həbs cəzası verib.
Müsavat Partiyasının mətbuat xidmətinin açıqlamasında bildirilir ki, Elvin Abdullayevin həbsi onun sosial şəbəkədəki yazıları ilə bağlıdır.
"Elvin Abdullayev bundan əvvəl də siyasi fəaliyyətinə görə dəfələrlə təqib olunub. O, sosial şəbəkələrdə hakimiyyəti tənqid edən yazılarla çıxış edib. Facebook profil şəkli olaraq İlham Əliyevin üzərində "Diktator” yazılmış şəklini yerləşdirib. Elvin Abdullayevin həbsi, onun sosial şəbəkədəki yazıları ilə bağlıdır. Bu, ifadə azadlığının kobud şəkildə pozulmasıdır. Elvin Abdullayevin anasının polis bölməsinə aparılması isə hüquqa sığmayan ləyaqətsiz bir addımdır. Elvin Abdullayevin dərhal azad olunmasını tələb edirik”, - deyə mətbuat xidməti bildirir.
Rəsmi qurumlar Elvin Abdullayevin həbsi ilə bağlı hələ məlumat yaymayıb.