Müsavat MSK-nı məhkəməyə verir

Müsavat MSK-nı məhkəməyə verir

29-08-2016 18:24 / Bu xəbər 720 dəfə oxundu

Müsavat Partiyası Mərkəzi Seçki Komissiyasının (MSK) «Respublika» təşviqat qrupunu qeydə almamasından məhkəməyə şikayət edəcək.

Bu haqda «Turan»a Müsavat başqanı Arif Hacılı məlumat verib.

Onun deməsinə görə, məhkəməyə müraciət hazırlanır. «Hüquqşünaslar şikayəti hazırlayırlar. Bu gün (29 avqust) şikayəti məhkəməyə təqdim edəcəyik», - deyən A.Hacılı imzaların etibarlılığına əmin olduqlarını bildirib.

O, təşəbbüs qrupunun qeydə alınması üçün bütün hüquqi vasitələrdən istifadə edəcəklərini vurğulayıb.

Avqustun 27-də Mərkəzi Seçki Komissiyası Müsavat Partiyasının 26 sentyabr referendumu ilə bağlı təsis etdiyi «Respublika» təşviqat qrupunu qeydə almaqdan imtina edib.

Bu haqda «Turan»a Müsavat Partiyası başqanı Arif Hacılı bilgi verib.

MSK qərarını «Respublika» təşviqat qrupunun qeydə alınması üçün etibarlı imzaların sayının tələb ediləndən az olması ilə əsaslandırıb. MSK-nın gəldiyi qənaətə görə, Müsavat Partiyasının təqdim etdiyi imzalardan 3 min 604-ü etibarsızdır. Etibarsız sayılan imzalar çıxıldıqda, yerdə qalan imzalar qrupun qeydə alınmasına yetməyib.

«Hakimiyyət bu davranışı ilə referendumu bir oğurluq əməliyyatı kimi xəlvət keçirmək niyyətində olduğunu bir daha ortaya qoydu. Bu bizi mübarizədən çəkindirmir. Həm kütləvi aksiyaların keçirilməsi, həm müşahidə işinə diqqəti daha da artıracağıq. Ölkənin cümhuriyyət dəyərlərindən yayındırılmasına imkan verməyəcəyik», - deyə Müsavat başqanı A.Hacılı bildirib.

Arqument.Az